Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-04 10:34:00
Təhsilli qız - savadlı ana, güclü cəmiyyət, böyük gələcək

Təhsil insanın, cəmiyyətin inkişafı üçün son dərəcə vacibdir. Təhsilli olmaq seçim imkanını artırır. Burada əsas məsələlərdən biri də təhsilalanların cinsiyyətinə görə bərabərliyin olmasıdır. Çox təəssüflər olsun ki, bütün dünyada hələ də qadınların kişilərə nisbətən təhsilin imkanlarından daha az faydalandıqları hallarına rast gəlinir.

 

Məlumdur ki, dünya əhalisinin təxminən yarısı qadındır. Vəziyyətə təkcə bu statistikadan baxaraq yola çıxsaq, qadınların təhsildə mövcudluğunun nə qədər vacib olduğunu görə bilərik. Uşağı dünyaya gətirən, böyüdən və ümumiyyətlə, tərbiyəsində daha çox önəm daşıyan qadındır. Bir qadının təhsil alması, həmin ailənin gələcəyinə, orada böyüyəcək uşaqlara və gələcək nəsillərə təsiri çox böyükdür. Müşahidələr də onu göstərir ki, hər sahədə güclü olan, inkişaf edən ölkələrdə həm kişilər, həm də qadınların təhsilə verdiyi önəm yüksəkdir. Bir az da konkretləşdirsək, təhsilli anaların yaşadığı cəmiyyət savadlı olur.

 

                             Bəzi bölgələrdə qızların təhsildən yayınma halları var... 

 

Dünyada olduğu kimi, Azərbaycanda da qızların təhsildən yayınma hallarına rast gəlinir. Qızların təhsildən yayınması əsasən regionlar, xüsusən də ölkəmizin Cənub bölgəsi üçün daha xarakterikdir. Buna qızların təhsildən yayınması deyil, yayındırılması desək, daha düzgün olardı. İnanmaq olmur və mümkün də deyil ki, hansısa qız öz istəyi ilə təhsildən ayrılsın. Burada əksər ailələrin rolu böyük olur. Hansı ki, müxtəlif səbəblərdən onlar qız övladlarının təhsil almasını əngəlləyirlər. Bu səbəblər isə çoxşaxəlidir. Səbəblərin əksəriyyətində qız övladlarının erkən nigaha cəlb edilmə halları və “Qız nədir, oxumaq nədir”,- kimi düşüncələr yer alsa da, bəzi ailələrdə səbəb tam başqa olur. Aztəminatlı olduqları üçün övladlarına təhsil verə bilmirlər. Araşdırmalar göstərir ki, bu hal daha çox kənd yerlərində yaşanır.

 

Valideynlər daha kiçik yaşlardan övladlarına əkin-biçin, qoyun-quzu otarmaq, bağ-bostan işləri ilə məşğul olmaq kimi sahələri öyrədərək ailəyə pul qazanmağa dəstək olmalarını istəyirlər. Nəticədə isə həmin gənclər təhsildən yayınırlar. Təbii ki, bu faktlar təkcə qızlara deyil, oğlanlara da şamildir. Amma statistikaya baxsaq, təhsildən yayınma faktlarında mənfi mənada üstünlüyün hər zaman qızlarda olduğuna şahid ola bilərik. Bəli, o da etiraf edilməlidir ki, Azərbaycanda qızların təhsildən yayınma problemi təkcə rayonlarda deyil, eləcə də Bakı kəndlərində də qalmaqdadır. Öz müşahidələrimə əsasən deyə bilərəm ki, Bakı ətrafı kəndlərdə yaşayan bir çox ailələr qız övladlarının təhsil almasına müsbət yanaşmırlar. Az qala qızların təhsil almasını ayıb bilərək, onları hər mövzuda olduğu kimi, elm öyrənməkdə də qısıtlayırlar. XXI əsrdə hələ də belə ailələrin mövcudluğunu yalnız dəhşətli bir hadisə kimi qiymətləndirmək olar.

 

Qadınların təhsildən yayınması millətin intellekt səviyyəsinə zərbə vuran nüanslardan biri hesab oluna bilər. Ona görə ki, adətən belə ailələrin övladları təhsilə maraqlı olmur, analar uşaqlarının təhsilinə dəstək göstərə, yardım edə bilmirlər. Nəticədə təkcə müəllimlərin ümidinə qalan oğlan uşaqları da təhsildə geri qalırlar. Belə vəziyyətin davam etməsi həm də ailə-məişət münaqişələrinin yaranmasına səbəb olur. Elementar orta təhsili, savadı olmayan, dünyanın gedişindən baş çıxarmayan qız uşaqlarının erkən yaşda ərə getmələri sonradan ailə problemlərinin yaranmasına gətirib çıxarır. Bu həm də boşanmaların artmasına səbəb olur. İndi baxın, bir qadının təhsildən kənarlaşması nə qədər problemə səbəb olur?  Amma bu məsələdə sevindirici hal odur ki təhsildən yayınan qızların sayı ildən-ilə azalır.

 

                                                Qızların təhsil alması - təhsilli ailə

 

Ümummilli liderimiz Heydər Əliyev hər çıxışlarında Azərbaycan qadınının tarixən keçib gəldiyi şərəfli yolundan qürurla söz açıb. Hələ ölkəmizə rəhbərliyinin birinci dövründə  ümummilli lider Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib.

 

Ölkədə təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub. Ulu Öndər daim gənclərin, o cümlədən qızların hərtərəfli inkişafına böyük önəm verib. İkinci dəfə xalqın təkid və sevgisi ilə hakimiyyətə gələndən sonra da qadın və qızlarımızın talehini, onların yüksək təhsil almasını ən prioritet məsələ kimi gündəmdə saxlayıb.

 

Hamıya məlumdur ki, Azərbaycan tarixində qızların təhsil alması ilə bağlı ilk və böyük addım xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən atılıb. O, 1901-ci ildə Bakı şəhərində müsəlman Şərqində ilk qızlar məktəbi açaraq, kişi və qadın bərabərliyinin qorunmasında beyinlərdə və gerçək həyatda inqilab edib. Bundan əlavə, öz hesabına yüzlərlə gəncin təhsil almasına dəstək göstərib. Z.Tağıyev qadınların təhsil almasının önəmini belə izah edib: "Bir kişiyə təhsil verməklə təhsilli bir insan qazanarsınız. Bir qadına təhsil verməklə isə təhsilli bir ailə qazanarsınız".

 

                                          Dövlət qızların təhsilinə xüsusi önəm verir

 

Respublikamızda qadınların və qızların cəmiyyət həyatının iqtisadi, mədəni, sosial və siyasi sahələrində rolunun genişlənməsi istiqamətində qanunların gücləndirilməsi, onların zorakılığın və ayrı-seçkiliyin bütün təzahürlərindən qorunması, qadınların hüquqlarını müdafiə etmək üçün milli təsisatların və vətəndaş cəmiyyəti təşkilatlarının işinin təkmilləşdirilməsi, qızların təhsil problemlərinin həlli məsələlərinə dövlətimiz tərəfindən həssaslıqla yanaşılır.

Elm və Təhsil Nazirliyi bu məsələ ilə bağlı ciddi iş aparır. Məhz bu gərgin işin sayəsində qızların məktəbdən yayınması halları xeyli azalıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə vahid dövlət siyasətini həyata keçirərək, mövcud problemlərin əsasəndə qadın hüquqları, məişət zorakılığı, qızların təhsildən yayındırılması, erkən yaşda ailə qurması halların aradan qaldırılması, texniki-peşə təhsilinə yiyələnməsi, inkişafı istiqamətində əhali, xüsusəndə qız uşaqları arasında marifləndirilmə aparır. Komitəsi tərəfindən qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi istiqamətində müxtəlif bölgələrdə seminarlar təşkil olunur.

 

Təhsilin İnkişafı Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində regionlardan sosial həssas təbəqəni təmsil edən, həmçinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan qızların təhsilinə dəstək verilir.

 

Layihənin məqsədi dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların rolunun artırılmasını təşviq etmək, onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır. Təqaüdlə yanaşı, onlar üçün müxtəlif mövzularda təlim, təcrübə və mentorluq proqramları təşkil olunur. Həmçinin, Təhsilin İnkişafı Fondunun 2022-ci ildən həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” adına təqaüd layihəsi çərçivəsində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən olan gənc qızların təhsilinə dəstək verilir.

 

Həyata keçirilən layihlərin əsas məqsədo odur ki, qızlar arasında təhsildən yaynmanın fəsadları aradan qaldırılsın. Onlara milli-mənəvi dəyərlərimizi aşılamaq, təhsillərini yarımçıq qoyub işlərə, erkən nikaha girmələrinin faciələrə səbəb olacağını həm hüquqi, həm də psixoloji aspektlərdən aşılamaqdır. Qızlar arasında təhsildən yayınma halları və müxtəlif işlərə cəlb olunmaları, erkən nikaha cəlb olunmaları həm onların, həm də cəmiyyətin bəlası, problemi, təhlükəsidir. Eyni zamanda bu yola qədəm qoyan yeniyetmə, gənc arzularını yarımçıq qoyur. Nə ailəsinə, nə valideynlərinə, nə də övladlarına yararlı ola bilir, ümumilikdə, cəmiyyət üçün faydasız, yararsız bir şəxsə çevrilir. Təhsilsiz bir qadın həmişə hüquqsuz olur, zorakılığa məruz qalır, qurbana çevrilir. Bu hansısa bir qızın, xanımın yox, cəmiyyətimizin problemidir. Odur ki, bunun aradan qaldırılması üçün lazımi tədbirlər görülməkdədir.

 

Nəticə olaraq Azərbaycan təhsildə gender bərabərliyinin təşviqində mühüm irəliləyiş əldə edilib. Dövlətimiz təhsilin inkişafına xüsusi önəm verir, hər kəsə pulsuz təhsilə bərabər çıxış imkanları yaradılıb, mühüm qanunvericilik aktları qəbul olunub. Ölkəmizdə əksər ailələr qız və ya oğlan olmasından asılı olmayaraq, övladlarının yaxşı təhsil almasına dəstək olur. Hətta qızlarını, oğullarını daha yüksək keyfiyyətli təhsil üçün xarici ölkələrə, reytinqli universietetlərə göndərən ailələr var. Əvvəllər valideynlər qız övladlarını xarici ölkələrdə təhsil almasını qəbul etməsələr də, bu statistika indiki zamanda müsbət yöndə irəliləyir. Azərbaycanın təhsil sahəsində ciddi nailiyyətlər əldə edilməkdədir. Bu nailiyyətlər təhsil sahəsində həyata keçirilən çoxsaylı layihələr, dövlətin bu sahəyə yönəltdiyi diqqət nəticəsində mümkün olub.

 

Artıq bir fakta çevrilib ki, ölkədə təhsil sahəsində əldə edilən uğurlar, gənclərin yüksək biliyə yiyələnmə göstəriciləri ildən-ilə artmaqdadır. Məhz təhsil sahəsində əldə edilən uğurların nəticəsində, Azərbaycan gənclərinin, burada qızlar da var, sorağı dünyanın ən aparıcı və nüfuzlu elm ocaqlarından gəlir. Dövlətin bu sahəyə ciddi yanaşmasının nəticəsidir ki, hər il təhsil sahəsinə ayrılan vəsaitlərin həcmi artmaqda davam edir.

 

Əsas odur ki, müvafiq dövlət qurumları bu sahədə olan gerçəklikləri bilir və arzuolunmaz halların aradan qaldırılması üçün müvafiq addımları atır. Ümid edirik ki, aparılan bu məqsədyönlü siyasət çox yaxın vaxtlarda qızların təhsildən yayındırılması hallarını tam aradan qaldıracaq.

 

Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur