Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-22 09:28:00
Elmi tədqiqatla məşğul olmayanlara magistr təhsili vaxt itkisidir

Magistratura təhsili müəyyən ixtisas üzrə tələbənin biliklərinin dərinləşdirilməsinə xidmət edir. Şəxsin bilik və bacarıqlarının formalaşması və potensialının ortaya çıxmasında mühüm rol oynayır. 4 illik bakalavr təhsili müddətində fərd özünü daha yaxından tanıyır, həqiqi istəkləri və potensialını ortaya çıxır.

 

Hazırkı dövrdə magistratura təhsilənə nə dərəcədə ehtiyac var?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil mütəxəssisi Nadir İsrafilov bildirib ki, magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir:

 

“Təhsilin vəzifəsi təhsilalanlara sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər aşılamaq, onları müstəqil həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq kimi müəyyənləşdirildiyi halda, təhsilalanlarımız müstəqil həyatda özlərinə yer tapmaqda, səmərəli əmək fəaliyyətinə qoşulmaqda çətinliklərlə üzləşirlər. Özlərinə karyera qurmaq üçün əlavə hazırlıq keçməli, müvafiq kursları bitirməli, təlimlərə, treninqlərə cəlb olunmalı, əlavə olaraq müsabiqə, müsahibə və imtahan prosedurlarına cəlb olunmalıdırlar.

“Təhsil haqqında” Qanunun 1.0.34. maddəsinə əsasən magistratura – ali təhsilin ikinci səviyyəsi, 1.0.35. maddəsinə əsasən isə magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsidir. (1.0.7. bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi.) Halbuki, belə təsnifat bir çoxlarına bakalavriat təhsilinın yarımçıq, kollec, “köhnə dildə” desək texnikum səviyyəsi kimi dəyərləndirməyə, magistraturanı bitirənlərə isə sadəcə olaraq əvvəllərdə olduğu kimi ali təhsili bitirənlər kimi yanaşmağa “əsas” verib. Həmin Qanunun 22.3.maddəsinə əsasən “Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır.

 

Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Elə həmin Qanunun 22.4. madəsinə əsasən isə “Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”

 

N.İsrafilov qeyd edib ki, magistraturanı bitirənlər peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi işlərlə məşğul olmayacaqlarsa, iki il əlavə vaxt itkisinə ehtiyac yoxdur:

 

“Bir halda ki, bakalavriat təhsili başa çatmış ali təhsildir və bu pilləni bitirənlərin əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Daha konkret desək, ixtisaslı mütəxəssis olmaq üçün bakalavriat kifayətdir, magistrlər isə elmi - tədqiqat, elmi-pedaqoji işləri üçün yetişməlidirlər. Hesab edirəm ki, magistrlara iki il əlavə təhsilinə görə iş yerləri açılmalı, ya da formallığı aradan qaldırmaq üçün, ayrılan plan yerləri məhdudlaşdırılmalıdır”.