Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-14 10:43:08
Müəllimlik ixtisası: 200 balla qəbul aparılmamalıdır

Ötənilki qəbul ballarına nəzər saldıqda görürük ki, filial universitetlərində müəllimlik ixtiasının balları 200-250 aralığındadır. Məktəblərə müəllimlərin qəbulu imtahanla olsa da, bu məzunların bir çoxu kurslarda fəaliyyət göstərir.

 

Görəsən, müəllimlik ixtisasına qəbul üçün ixtisas fənni üzrə müəyyən bal məhdudiyyətinə ehtiyac varmı?

 

Mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov AzEdu.az-a danışıb.

 

Ekspert bildirib ki, təhsil sisteminin səviyyəsi müəllimin səviyyəsi ilə eynidir:

 

“Azərbaycanda müəllimin bilik və bacarığı nə səviyyədədirsə, təhsil sisteminin faydalılıq əmsalı da odur. Çox təəssüf ki, son illər ərzində təhsil sahəsində həyata keçirilən islahatlarda müəllimlərin peşəkarlıq səviyyəsinin artmasını müşahidə edə bilmirik. Baxmayaraq ki, son illərdə diaqnostik, eləcə də sertifikasiya imtahanları keçirilib. Bu imtahanlar müəllimlərin bilik və bacarıqlarının daha da təkmilləşməsinə yönəlmiş addımlardır. Geridə qalan sertifikasiya imtahanlarının nəticələrini təhlil edərkən görürük ki, müəllimlər öz üzərlərində işləmirlər. Bu isə onların qəbul prosesindən başlayır. Dünyada təhsil sisteminin göstəricilərinə görə ilk yerdə olan ölkələr müəllimlərinin bilik və bacarıqlarının yüksəkliyi ilə seçilirlər. 

 

Finlandiyada, Cənubi Koreyada, Sinqapurda müəllim olmaq çox çətindir. Orada müəllimlik ixtisaslarına qəbul bir neçə mərhələlidir, ən yüksək bilik və bacarıqlara sahib olanlar bu ixtisasa yiyələnə bilirlər.

 

Azərbaycanda isə III ixtisas qrupunda hüquqa qəbul ola bilməyənlər, I ixtisas qrupunda informasiya texnologiyaları, kompüter elmləri və s. kimi ixtisaslara qəbul ola bilməyənlər müəllimlik ixtisasını seçirlər. Müşahidə edirik ki, II ixtisas qrupunda coğrafiya müəllimliyi ixtisasına ən aşağı balla qəbul keçirilir. V ixtisas qrupunda idman müəllimliyinə qəbul üçün əlavə qabiliyyət tələb etdiyi üçün burada daha çox şəxsin fiziki vəziyyəti daha aktualdır. Bu gün Azərbaycanda ən aşağı balla texnologiya və coğrafiya müəllimliyi ixtisasına qəbul mümkündür”.

 

“Müəllimlik ixtisasına qəbul üçün keçid balı qoyulmalıdır”, - deyə K.Əsədov vurğulayıb:

 

“Geridə qoyduğumuz qəbul ilində ən aşağı ballarla müəllimlik ixtisasına qəbulları müşahidə etdik. Özü bir şeyi bilməyən insan 4 il ərzində də heç nə öyrənməyəcək. Hətta o, 4 ili normal oxuya da bilməyəcək, çünki bilikləri zəifdir, proqramı mənimsəməyib. Orta məktəb proqramını mənimsəməyən şəxs ali təhsil proqramını mənimsəməkdə əziyyət çəkir. Hesab edirəm ki, müəllimlərin daha da peşəkarlaşmasını istəyiriksə, ən yaxşıların müəllim olmasına imkan verməliyik. Buna görə də keçid balı məsələsi gündəmdə olmalıdır. Müəllimlərin həm seçimi, həm peşəkar kadr kimi hazırlığı məsələsi strateji məsələ olmalıdır. 200 balla müəllimlik peşəsinə qəbul keçirilməməlidir. Hesab edirəm ki, bütün universitetlərdə müəllimlik ixtisasına keçid balı minumum 400 olmalı, və dövlət sifarişi əsasında keçirilməlidir. Heç olmasa 400 bal toplayan insan orta məktəb proqramını mənimsəyir. Aşağı balla qəbul olanların nəticələri Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında da özünü göstərir. Həmin şəxslər MİQ-dən də az bal toplayırlar.

 

Bu şəxslər siniflərə daxil olanda, yüksək bilik və bacarıqlı mütəxəssis ola bilmirlər. Biz orta orta ümumi təhsil məktəblərində müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq üçün onları ixtisasları ilə bağlı müxtəlif təlimlərə cəlb etməliyik. Bu təlimlər təkcə kurikulum təlimləri ilə yekunlaşmamalıdır. Bir mənalı şəkildə təhsilin sisteminin inkişafını istəyiriksə, pedaqoji kadrlara daha diqqət ayırmalıyıq”.