Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-08 15:35:00
Şuşalı müəllim: “Qayıtmağın sevincini heç bir söz təsvir edə bilməz”

Tezliklə Şuşadan olan məcburi köçkünlərin doğma şəhərə qayıdışı başlanacaq. Artıq Şuşaya ilk qayıdacaq 20 ailə püşkatma yolu ilə müəyyən edilib.

 

Bu münasibətlə AzEdu.az Təhsil Portalı olaraq Şuşalı müəllimlərlə əlaqə saxladıq.

 

Əslən Şuşalı olan müəllim Arzu Abbasov Şuşa şəhəri Malıbəyli kənd 1 nömrəli tam orta məktəbdə Fiziki tərbiyə və hərbi hazırlıq fənn üzrə müəllim kimi fəaliyyət göstərir.

 

Arzu müəllim Şuşa ilə bağlı təəssüratlarını bizimlə bölüşüb:

 

“Mən Şuşadan ayrılanda 20 yaşım var idi. O vaxtı müdafiə batalyonunda döyüşçü idim. Şuşadan ayrılmaq hissini təsvir etmək çox çətindir. Yəqin ki, hər bir insan öz doğma evindən, yurdundan ayrıldığını bir an düşünsə, keçirdiyim hisslərin az da olsa anlayar. Ailə üzvlərimdən yox, amma qohumlarımdan itkin düşən və şəhid olanlar var. Hətta onlardan bəziləri sinif yoldaşlarımdır. İtkin düşən qohumlarımdan günü bu gündə bir xəbərimiz yoxdur.

 Açıklama yok.

Şükür ki, artıq doğma yurd-yuvalarımıza qayıtmağımıza az müddət qalıb. Ona görə də sevincimizin həddi-hüdudu yoxdur. Sevincimi ən xoş sözlərlə belə təsvir etsəm, yenə də az qalar”.

 

“32 il bundan əvvəl 20 yaşımda ağlaya-ağlaya çıxdığım şəhərə indi 52 yaşında qayıdıram” deyən müsahibimiz duyğularını təsvir edə bilmədiyini söyləyib:

 

“Həqiqətən də başqa hiss, duyğulardır. Nə qədər söz axtarsaq da, hissləri ifadə etmək mümkün deyil. Ümumiyyətlə aylar içərisində may ayını heç sevmirdim. Çünki xatirələrimizdə acı günlər kimi qalıb. Biz ata-babalarımızın, əzizlərimizin məzarlarını qoyub gəldik. Ona görə də may ayını sevməmişəm.

 

İndi çox şükür ki, Şuşa bizimdir. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Ali Baş Komandan Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Püşk atmaya çağrıldığım zaman ilk gözümün qarşısına şəhidlərimiz gəldi. Təbii ki, ilk işim əzizlərimizin məzarlarını tapıb ziyarət etməkdir. İkinci işim isə Milli qəhrəman Albert Aqarunovun vurulduğu yeri ziyarət etmək olacaq”.