Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-03 13:06:00
Maksimum bal toplayan abituriyent: “Arzum Prezident təqaüdü almaqdır”

11 illik orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında maksimum nəticə göstərən 14 nəfərdən biri də 118 nömrəli tam orta məktəbin şagirdi Fatimə Məmmədlidir.

 

AzEdu.az Təhsil Portalı olaraq Fatimə Məmmədli ilə əlaqə saxladıq. O, təəssüratlarını bizimlə bölüşüb.

 

Müsahibimiz bildirib ki, hüquq ixtisası üzrə təhsil almaq istəyir:

 

“Dövlət İdarəçilik Akademiyasında hüquq ixtisası üzrə təhsil almaq istəyirəm. Təhsilimə Azərbaycanda başlayıb xaricdə davam etməyi düçünürəm. Dərslərimi ibtidai sinifdən etibarən yaxşı oxumuşam. Qiymətlərim hər zaman əla olub. Heç bir fənnə fərq qoymamışam. Bütün fənlərə eyni dərəcədə diqqət ayırmışam. Məktəbdə dərslərimi yaxşı oxuduğum üçün imtahan prosesinə hazırlaşmaq mənim üçün rahat olub. Yalnız repetitor yanına getməklə yüksək nəticə əldə etmək bir az qeyri-mümkündür. Məktəb vaxtlarından dərslərə diqqətlə yanaşmaq lazımdır”.

 

Fatimə Məmmədli qeyd edib ki, gələcəkdə hüquq müdafiəçisi olmaq istəyir:

 

“Tarixdə xalq üçün çalışan biri kimi qalmaq istəyirəm. Ən böyük arzum Prezident təqaüdü alan tələbə olmaqdır. Həmçinin buraxılış imtahanındakı maksimal nəticəm məni blok imtahanında da maksimum nəticə göstərmək üçün ruhlandırdı. Əlimdən gələni edərək tam  nəticə göstərmək istəyirəm”.

 

300 bal toplayanlardan biri də 146 nömrəli tam orta məktəbin şagirdi Fatimə Qasımovadır.

 

O bildirib ki, Bakı Ali Neft məktəbində Kimya fakültəsinə qəbul olmağı hədəfləyib:

 

“Bakı Ali Neft Məktəbində təhsilimi davam etdirib sonra xaricdə təhsil almaq təcrübəsinə yiyələnmək istəyirəm. Məktəbdə müəllimlərim mənə çox dəstək olublar. Biliyimin təməli məktəbdə qoyulub. Dərslərimə həmişə ciddi yanaşmışam. Bu xəbəri eşidəndə çox sevindim. Əslində, müəyyən qədər 300 bal yığacağıma ümidim var idi. İndi isə əsas hədəfim gələcəkdə Kimya mühəndisliyi üzrə xaricdə təhsil almaqdır”.