Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-14 16:12:00
Qarabağ Universitetində çalışacaq müəllimlərə ən yüksək maaş verilməlidir

Yeni tədris ilindən etibarən Qarabağ Universiteti fəaliyyətə başlayacaq. Bu səbəbdən də universitet üzrə artıq bir neçə vakansiya elan edilib. Müşahidələrimizə əsasən deyə bilərik ki, bir çox müəllim də məhz Qarabağ Universitetində işləmək istəyir.

 

Mövzu ilə bağlı Millət vəkili Ceyhun Məmmədov AzEdu.az-a bildirib ki, universitetdə işləməklə bağlı ona hər gün çox sayda müraciətlər gəlir:

 

“Mən hesab edirəm ki, Qarabağ Universitetində fəaliyyət göstərmək hər bir azərbaycanlı üçün şərəfdir! Qarabağ anlayışı bizlər üçün müqəddəs anlayışdır. Bu ad uğrunda hər kəs canından keçməyə hazırdır. Universitetdə işləməklə bağlı hər gün mənə çoxlu sayda müraciətlər daxil olur. Vətəndaşlarımız Xankəndidə işləmək üçün də Elm və Təhsil Nazirliyinə də çoxlu müraciətlər edirlər. Əminəm ki, dövlətimiz müəllimlərin bütün xərclərini nəzərə alacaq. Əlbəttə ki, müəllimlərin işlə təmin olunması və digər məsələlər dövlətin nəzarətindədir”.

 

“Nə qədər desək də, “Azərbaycan müəllimi fədakardır”, “Azərbaycan müəllimi çalışacaq”, amma müəllimin də ailəsi var, o da normal yaşamalıdır”,-deyə millət vəkili vurğulayıb:

 

“Qarabağda çalışmaq istəyən çox insan olsa da, onların sosial təminatını yüksək səviyyədə təmin etməliyik ki, hər kəs rahat işləsin. Hesab edirəm ki, müəllimlər pulsuz mənzillə, eləcə də yüksək əməkhaqqı ilə təmin olunmalıdırlar. Buna görə də düşünürəm ki, maaşlar yüksək olmalıdır və bundan əlavə güzəştlər də nəzərdə tutulmalıdır. Çünki müəllim Bakıdan gedib Xankədidə çalışırsa, onun bütün xərcləri qarşılanmalıdır. Təhsilverənlərə burada da, Qarabağda da eyni maaşı alacaqsa, bu onun işinin keyfiyyətinə mənfi təsir göstərəcək. Belə halların olmaması üçün bu kimi məsələlər həll olunmalıdır. Mən hər zaman müsahiblərimdə deyirəm ki, Qarabağ sıradan bir universitet deyil. Necə ki, bu gün “Qarabağ” futbol komandası bizim üzümüzü bütün dünyada ağ edir, fəxr yerimizə çevirilib, eləcə də bu universitet də sıradan universitet olmamalıdır. Qarabağ Universiteti dünyada tanınmalıdır. Bu universitetin qarşısında çox böyük hədəf və missiya var. Bütün dünyanın, eləcə də ermənilərin və başqalarının gözü  burada olacaq. Ən qısa zamanda dünya reytinqinə düşməyi, keyfiyyətli təhsil verməyi təmin etməliyik”.