Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-09 13:05:00
Gömrük Akademiyasına qəbul - Şərtlər, İmkanlar...

AzEdu.az Təhsil Portalı akademiyalara qəbul qaydaları, şərtlər, eləcə də təhsili barədə silsilə məlumatlar təqdim edir.

 

Bu dəfə Dövlət Gömrük Komitəsinin Akademiyası barədə məlumatları təqdim edirik.

 

Akademiyanın mətbuat xidmətindən AzEdu.az-a bildirilib ki, akademiyaya bakalavriat səviyyəsinə tam orta təhsil pilləsini bitirmiş və müvafiq attestat almış Azərbaycan Respublikasının vətəndaşı olan oğlan və qız abituriyentlər qəbul ola bilərlər:

 

“Ölkəmizin əmək bazarının inkişafının perspektivlərini nəzərə almaqla, müasir biliklərə yiyələnmiş kadrlar hazırlamağı, dövlətçiliyə və milli-mənəvi dəyərlərə sadiq olan sağlam düşüncəli vətəndaş yetişdirməyi qarşısına məqsəd qoyan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2012-ci il tarixli 1972 nömrəli Sərəncamına əsasən yaradılıb. Dövlət Gömrük Komitəsinin Akademiyasına bakalavriat, magistratura, təkrar ali təhsil istiqaməti üzrə qəbul aparılır.

 

Akademiyaya qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən mərkəzləşdirilmiş qəbul imtahanları vasitəsilə aparılır. Qəbul üçün Akademiyadaxili xüsusi prosedur, komissiya və ya öncədən sənəd qəbulu nəzərdə tutulmayıb. Dövlət Gömrük Komitəsinin Akademiyasına bakalavriat səviyyəsi üzrə imtahanlarda ixtisasdan asılı olmayaraq xarici dil seçimində yalnız ingilis dilini seçən fiziki sağlam abituriyentlər qəbul oluna bilərlər”.

 

Bakalavriat səviyyəsində Akademiyada aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlanır:

 

“I ixtisas qrupu üzrə - İnformasiya texnologiyaları (tədris ingilis dilində); İnformasiya təhlükəsizliyi (tədris Azərbaycan dilində), II ixtisas qrupu üzrə - İqtisadiyyat (tədris Azərbaycan dilində); Beynəlxalq ticarət və logistika (tədris Azərbaycan və ingilis dillərində) III ixtisas qrupu üzrə - Hüquqşünaslıq (tədris Azərbaycan dilində) tədris olunur. Keçid balları ilə bağlı məlumatlar isə “Abituriyent” jurnalının müvafiq sayında dərc olunur”.

 

“Hazırda Akademiyada tələbə yataqxanası yoxdur. Tələbələr xüsusi geyim forması ilə təmin olunurlar”-deyə bildirilib:

 

“Akademiyada tədris dili, Azərbaycan və ingilis dilləridir. Bakalavriat səviyyəsində təhsil müddəti 4 ildir. Bundan əlavə akademiyada təhsil almaq hərbi mükəlləfiyyətli oğlan tələbələri bu mükəlləfiyyətdən azad etmir. Tələbələrin beynəlxalq mübadilə və təqaüd proqramları ilə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaları Akademiya tərəfindən daim təşviq edilir və dəstəklənir. Akademiyanın nüfuzlu xarici ali təhsil müəssisələri ilə əməkdaşlığı nəticəsində müvafiq ixtisas sahələri üzrə tələbə mübadilələri həyata keçirilir. Akademiyanın bütün məzunları işlə təmin etmə öhdəliyi yoxdur”.