Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-03 13:02:12
DİM “Məşğulluq həftəsi” layihəsinin bağlanış mərasimində iştirak edib

Dövlət İmtahan Mərkəzinin əməkdaşları 2 may 2024-cü il tarixində ADA Universitetində təşkil edilən “Məşğulluq həftəsi” layihəsinin bağlanış mərasimində iştirak ediblər.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

 

16-24 aprel tarixlərində ADA Universiteti dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə “Məşğulluq həftəsi” layihəsini həyata keçirib. Bir həftə ərzində universitetin tələbələrinə müxtəlif sahələr üzrə silsilə təlimlər keçirilib.

 

“Məşğulluq həftəsi” layihəsi zamanı keçirilən təlimlərin məqsədi əmək bazarının inkişaf tendensiyaları ilə bağlı ADA Universitetinin yuxarı kurs bakalavr və magistr tələbələri arasında məlumatlılığı artırmaq, tələbələrlə potensial işəgötürənlər arasında əlaqə yaratmaqdır. Eyni zamanda, spesifik fəaliyyət sahələri ilə əlaqədar zəruri texniki biliklər barədə iştirakçılar məlumatlandırılb.

 

Təlimlərin sonunda layihəyə cəlb olunmuş qurumların nümayəndələri tərəfindən iştirakçıların qiymətləndirilməsi sessiyası keçirilib. Bağlanış mərasimində qurumlar qiymətləndirmənin nəticələrinə əsasən, qalib gəlmiş tələbələrin siyahısını elan edib.

 

Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən aparılan qiymətləndirməyə əsasən, ən yüksək nəticə göstərmiş 5 tələbə DİM-də 2 aylıq təcrübə proqramında iştirak etmək imkanı əldə edib.

 

Bundan əlavə, DİM-in əməkdaşları mayın 2-də ADA Universitetinin təşkil etdiyi “İstedadlarla karyera yolları arasında körpü” devizli karyera sərgisində iştirak ediblər və Mərkəzdə mövcud olan vakansiyalar haqqında ziyarətçilərə məlumat veriblər.