Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-22 13:36:00
Niyə buraxılış imtahanı modelinə uyğun sınaq keçirilmir? - DİM-dən AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 18-də qəbul imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.

 

Bir çox abituriyent buraxılış imtahanı modelinə uyğun sınağın təşkil olunmadığına görə narazıdır.

 

Maraqlıdır, buraxılış imtahanına uyğun sınaq imtahanı niyə keçirilmir?

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadənin sözlərinə görə Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanlarının yalnız ikinci mərhələsi üzrə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı keçirilir:

 

“Buraxılış imtahanı üzrə isə otk.az portalı vasitəsilə onlayn qaydada sınaq imtahanı vermək mümkündür.

 

Bu imtahanın onlayn qaydada keçirilməsinin əsas səbəblərindən biri DİM-in sıx imtahan qrafiki ilə bağlıdır. Məlumdur ki, imtahanlar məktəblərdə və ali təhsil müəssisələrində tədris prosesinə mane olmamaq üçün yalnız həftə sonları keçirilir”.

 

X.Xanlarzadə qeyd edib ki, kütləviliyin və qrafikin sıx olması səbəbilə müəyyən imtahanların onlayn qaydada keçirilməsi daha məqsədəuyğundur:

 

“DİM il ərzində təqribən 40 növ imtahan təşkil edir və bu imtahanlarda kifayət qədər - 600 mindən çox iştirakçı sayı olur. Kütləviliyin və qrafikin sıx olması səbəbilə müəyyən imtahanların onlayn qaydada keçirilməsi daha məqsədəuyğun hesab olunur.

 

“Otk.az”da yerləşdirilən materiallar DİM-in imtahan proqramına tam uyğundur. Bundan əlavə, burada açıq tipli tapşırıqların qiymətləndirilməsi təqdim olunmuş meyarlar əsasında imtahan iştirakçısının özü (və ya valideyni, müəllimi) tərəfindən aparılır. Bu da onların bu tip tapşırıqlara cavab vermə, həmçinin özünü qiymətləndirmə vərdişlərinin formalaşmasına müsbət təsir edir”, - deyə fikrini yekunlaşdırıb.