Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-15 11:32:23
Dövlət İmtahan Mərkəzində görüş keçirilib

Dövlət İmtahan Mərkəzində “British Council” təşkilatının beynəlxalq məsləhətçisi Simon Borq, proqramlar üzrə koordinator  Könül Əhmədova və Mərkəzin müvafiq struktur bölmələrinin əməkdaşlarının iştirakı ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, “British Council”ın nəzərdə tutduğu fəaliyyət istiqamətlərindən biri Elm və Təhsil Nazirliyinin əməkdaşlığı ilə ölkədə ümumi təhsil müəssisələrində ingilis dili fənni üzrə tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində strategiyanın hazırlanmasıdır. Görüş zamanı Simon Borq Dövlət İmtahan Mərkəzinin də bu məsələdə maraqlı tərəflərdən biri olduğunu qeyd edərək, həmin strategiyanın hazırlanması ilə bağlı vacib məsələlər barədə suallarını DİM-in əməkdaşlarına ünvanlayıb.

 

Görüşdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ümumi (9-illik) və tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının modeli, imtahanların keçirilməsi prosesi və mexanizmi, imtahan suallarının dərsliklərlə uyğunluğu və cavabı yazı ilə ifadə olunan suallara verilən yazılı cavabların qiymətləndirilməsi, markerlərlə işin təşkili və digər vacib məsələlər barədə müzakirələr aparılıb. Əməkdaşlar şagirdlərin xarici dil üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi istiqamətində Mərkəzin həyata keçirdiyi beynəlxalq layihələr, imtahan məzmununun ümum-Avropa çərçivə sənədinin (CEFR) müvafiq səviyyələrinə uyğunlaşdırılması istiqamətində gördüyü işlər və apardığı tədqiqatlar  haqqında da ətraflı məlumat veriblər.