Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-25 11:26:00
Bölgə müəllimlərinin Diaqnostik Qiymətləndirmə bəlası və başlarına gələn sərgüzəştlər – “DQ lətifələri”

AzEdu.az  portalın fəal şəbəkə üzvlərindən olan müəllim Aynur Cavidin Diaqnostik Qiymətləndirmənin gerçəklərini üzə çıxaran maraqlı yazısını təqdim edir:

Diaqnostik  Qiymətləndirilmənin (DQ) keçirilməsi ilə bağlı bir neçə kəlmə də mən yazmaq istədim. Yox, düşünməyin ki, AzEdu.az portalının bu yarışa qoşulub “Ayın müəllimi” sertifikatını almaq istəyirəm.

Əsla! Yolu gənclərə vermək, onların təklif və iradlarını araşdırmaq, uğurlarına sevinmək daha xoşdur. Mən bu dəfə DQ zamanı qarşıma çıxan maraqlı hadisələrdən danışacağam.  Mənim üçün DQ üç böyük hissəyə bölünür: Qiymətləndirməyə qədər, qiymətləndirmə prosesi və qiymətləndirmədən sonra.

Qiymətləndirməyə qədər, savadından və səriştəsindən arxayın olmayan müəllimlər DQ keçirilməsinə etiraz etməyə başladı. Ən çox da “20-30 ildir, işləyirəm. Filan şagirdim polisdir, filan şagirdim həkimdir” kimi cılız bəhanələrlə... Həyatı boyu “Kompüter olmasa da yaşayırdıq, guya İnformasiya Kommunikasiya Texnologiyalarını (İKT) bilmək nə üçündür” - deyib, səriştəli müəllimləri gözüm- çıxdıya salan Sovet “kadrları”, bu dəfə kompüter savadını artırmağa çalışdı. Amma necə? “Heç olmasa, “siçan”ı tuta bilim” düşüncəsiylə. “Gündə zəng edib, nə vaxt mənə “siçan” tutmaq öyrədirsən?” kimi təkliflərlə...

Birinci dalğa “siçan tutmaqla” başlasa da, ikinci dalğa bəzi işbazlara xeyli pul qazandırdı. Pullu-pulsuz onlayn imtahanlar müəllimləri əməlli başlı çətinə saldı. Kimə baxırdın, əlində test, materialları əzbərləyir. Hətta kurukilum testlərini şeir kimi söyləyənlər də var idi. Təbii, bu yazdıqlarım əsl müəllimlərə aid deyildi. Dərs keçməyi, şagird yetişdirməyi bacaran müəllimlər nə imtahana etiraz etdi, nə test əzbərlədi. Sakitcə imtahana getdi, gücü çatan nəticəni göstərdi.

DQ zamanı ən əsas iradım yol və coğrafi ərazinin nəzərə alınmaması idi. Yaxından gələnlər 14:00-da imtahana girəcəyi halda, uzaqdan gələnlər səhər tezdən 08:00-da imtahana girməli idi.

DQ zamanı Saatlı rayonunda müəllim kimi fəaliyyət göstərirdim. İmtahan Mərkəzimiz Şirvan şəhərində idi.

Təsəvvür edin, dekabr  ayıdır və  ucqar kənddən səhər saat 9-a İmtahan Mərkəzinə çatmaq lazımdır. Sağ olsun, fürsətçi taksilər qiyməti iki dəfə qaldırmağa nail olmuşdular. İmtahan şəffaf və qaydalı keçirilirdi. Amma niyə Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi kimi bütün imtahanlar eyni gündə, eyni saatda deyil, müxtəlif gün və saatlarda keçirilirdi? Və bu da imtahandan çıxan müəllimin üstünə yüyürən müəllimlərə, bilmədiyi cavabı əzbərləyib, bal toplamağa zəmin yaradırdı. Qiymətləndirmədən sonra, hamı olmasa da, çoxluq elə başa düşürdü ki, imtahan ballarını ya pulla ala biləcək, ya da artıq “beh” verib arxayın oturacaqlar. (DQ-nin ən gözəl cəhəti məhz bu idi: cavablar saxtalaşdırılmadı)

İmtahandan gələn hər kəs “Əla yazmışam” deyirdi. Bir neçə gün sonra, imtahan balları məlum oldu. Hamı şəxsi səhifəsində DQ balını gördüyü halda, balını şişirdib yüksək deyənlər də az deyildi. Rayon qəzeti hər ixtisas üzrə yüksək bal yığan müəllimlərin şəxsi səhifələrini paylaşırdı. Mənim də ibtidai üzrə 53 balım vardı və təbii ki, şəklimi istədilər. Anam tanıdığı bir müəllimin daha çox nəticə topladığını bildirdi və mənə şəxsi səhifəmin şəklini yollamağa icazə vermədi. Təhsil şöbəsinə müraciət edib həqiqətini öyrənmək istədikdə məlum oldu ki, həmin xanım müəllimə 35 faiz nəticə göstərdiyi halda, 90 faiz nəticə göstərdiyini bildiribmiş. DQ sonrası əsas məsələ maaş artımından sonra oldu. Piyada ilə şahın eyni qutuya qoyulması, yüksək ballı müəllimlərdə narazılıq, az ballı müəllimlərdə isə arxayınlıq yaratdı. DQ keçirilməsi zəruri və vacib addım idi. DQ imtahanları müəllimləri rəqabətə, öz üzərində də işləməyə, daim inkişafa sövq etdi. Təhsildə yüksəliş və dinamikaya səbəb oldu.

DQ lətifələri:

  • Eyni mətndən suallar olduğu üçün, uzun mətni artıq üçüncü sualda da oxuyan yaşlı Azərbaycan dili müəllimi nəzarətçini çağırır:

       - Ay bala, bunlar səhv suallardır, hamısı eynidir. Mənim baxtım oracandı..

  • DQ-yə tələsən müəllimlərdən ibarət maşın karvanı yolda tıxac yaradır. Tanış müəllimlər olan maşınlar öz aralarında razılığa gəlib, imtahan saatına görə, sərnişinləri dəyişirlər. İmtahanı daha tez olan müəllimlər ən yaxın maşına oturub gedir. İmtahandan qayıdanda müəllimin birini itirirlər. Hər iki maşının şoferi elə bilir ki, digər maşındadır. Kənddə məlum olur ki, müəllimə Şirvanda qalıb. Təzədən taksinin biri qayıdır Şirvana, müəlliməni tapmır. Bir saata yaxın axtardıqdan sonra evdən müəllimənin oğlu zəng edir ki, anam gəlib çıxıb. Telefon işlədə bilməyən yaşlı müəlliməni qonşu kənddən, başqa bir müəllim tanışı öz maşını ilə gətirib. Nə isə, taksilər bu müəllimdən xeyli pul alır. İndi hər “DQ” deyəndə həmin müəllimə deyir: - “DQ-nin mənə nə xeyri oldu ki, itən də mən, artımın hamısını taksilərə verən də”
  • Müəllim:

       - Ay nəzarətçi

       - Buyurun

       - Mənim siçanım qaçır tutammıram, onu tut ver

  •  Müəllim nəzarətçiyə:

      - Ay oğul, sən cavabları oxu, mən deyim, sən də işarətlə

      - Yekə kişisiniz, elə şey olar?

      - Əəə ağzının danışığını bil... Kişiliyin bura nə dəxli, bu gözüqıyıqlardan zəhləm gedir deyə, kompüteri öyrənməmişəm.

  • Nəzarətçi:

      - Xanım, əlinizdəki salfeti zibil qabına atın

      - Olmaz

      - Axı çoxdu, onda konspekt tutmusuz

       - Əşi yox ee, siçandan iyrənirəm, salfetkayla tutacam.

  • Nəzarətçi:

       -Müəllim imtahanın başladığı 15 dəqiqədir, zalı tərk edə bilməzsiniz

      - Ehh sənin maaşın qalxacaq???

  • Müəllim:

        - Ay oğul, ay nəzarətçi

         - Bəli

         - Burda üçbucağa oxşayan nəsə vardı, gözümdən itdi.

           Nəzarətçi göstəricini tapıb müəllimə nizamlayır. 5 dəqiqə sonra:

          - Ay oğul bu yenə itdi.

            Yenə nəzarətçi kömək edir.

          - Ay oğul. Bu üçbucağı ya rədd elə, ya elə et ki qaçıb getməsin. Məndən xoşu gəlmir.