Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-22 12:12:00
MİQ imtahanında müəllimləri ən çox “ilişdirən” bəhslər – Bu üsullardan niyə xəbərsizik?

“Təlim strategiyaları”  dedikdə,  təlimin təşkilinə verilən əsas tələblər, təlim fəaliyyətinin planlaşdırılması, üsullar və iş formaları nəzərdə tutulur. Təhsil prosesində  təlim strategiyasının vacibliyi asan metod və üsullarla şagirdlərə dərsi öyrənməyə imkan yaratmasıdır.

AzEdu.az strategiyaların əsas qolu hesab edilən təlimin təşkilinə verilən tələblər haqda məlumatı təqdim edir:

Təlimin təşkilinə verilən əsas tələblər aşağıdakılardır:

-Pedaqoji prosesin tamlığı; 

 -Təlimdə bərabər imkanların yaradılması;

 - Şagirdyönümlülük;

 - Dəstəkləyici təlim mühitinin yaradılması;

 - Fəaliyyətin stimullaşdırlması;

  - İnkişafyönümlülük.

Təlimin təşkilinə verilən əsas tələblərdən birincisi elə pedaqoji prosesin tamlığıdır.

Pedaqoji prosesin tamlığı – Təlim məqsədləri kompleks şəkildə həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir. Təlimin kompleks şəkildə həyata keçirilməsi dedikdə, onun inkişafetdirici, öyrədici, tərbiyəedici olması nəzərdə tutulur. Pedaqoji prosesin tamlığı üçün təlim münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilir. Ümumilikdə bu proses tərbiyə, təhsil və təlim proseslərinin özünəməxsus spesifik xüsusiyyətlərini birləşdirərək ümumi bir məqsədə, yəni şəxsiyyətin inkişafına yönəlməsi prosesidir.

Müəllimlər təlimdə bərabər imkanların yaradılmasına şərait yaratmalıdırlar…

Təlimdə bərabər imkanların yaradılması - Bu proses şagirdlərin irqi, cinsi, millətçilik və ya hər hansı bir fiziki qüsuru nəzərə alınmadan təlim prosesinə cəlb olunması deməkdir. Hər bir müəllim tədris zamanı şagirdlərin potensial imkanlarını nəzərə almaqla onların hər birinə bərabər imkanların yaratmalıdır. Bu prosesi sinifdə uğurla tənzimləyən müəllim şagirdlərdə təkçə özünəinam hissi yaratmaqla qalmır, həm də onlarda tolerantlıq, fərqlərin dərk edilməsi, çoxmədəniyyətlilik kimi bir sıra kompetensiyalar formalaşdırır.

Uğurla tətbiq olunduğu halda şagirdlərə ixtisas seçimi zamanı kömək olan proses…

Şagirdyönümlülük -  Şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir. Müəllim şagirdlərin daim inkişaf edən maraqlarını nəzərə almaqla və öyrədici, inkişafetdirici, tərbiyələndirici təlim mühitini yaradaraq  tələbatlarını ödəməklə, onların istedad və qabiliyyətlərini üzə çıxarılmalıdır. Bunu təlim prosesində uğurla tətbiq edən müəllim, hazırda ciddi problem hesab olunan ixtisas seçimini şagirdlər üçün asanlaşdırır.

Müəllim fəaliyyət stimullaşdırıcı prosesin keyfiyyətini qoruyarsa, şagird özünəinamlı və nəticədə daha uğurlu ola bilər…

Fəaliyyətin stimullaşdırlması – Bu proses şagirdlərdə təlimə marağı artırmaq üçün onların inkişaflarının qeyd olunması və dəyərləndirilməsi prosesidir. Təlim prosesində bunu reallaşdıran müəllim, şagird nailiyyətlərini izləmək üçün müxtəlif yoxlamalar apara bilər. Bütün bunlar şagirdlərdə bir sıra fəaliyyətstimullaşdırıcı keyfiyyətlər formalaşdırır. Misal üçün, müvəffəqiyyətə  inam, nailiyyətləri yeniləmək istəyi, daha böyük nailiyyətlərə imza atmaq üçün səy göstərmək, yəni sağlam rəqabət və inam və s.

Sinif otağındakı əşyaların yeri şagirdlərin təlim prosesinə birbaşa təsir edir…

Dəstəkləyici təlim mühitinin yaradılması - şagird üçün pedoqoji prosesdə münasib maddi-texniki bazanın təşkili və sağlam mənəvi-psixoloji mühitin yaradılması prosesidir. Bu proses şagirdlərdə müstəqilliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Təlim prosesində bunu tətbiq edən müəllim, müasir tələblərə cavab verən əşyavi mühit yaratmalıdır. Əşyavi müdit dedikdə sinifdə əşyaların yeri, mebellərin şagird istifadəsinə uyğun təşkili nəzərdə tutulur. Həmçinin, müəllim şagirdlərin müxtəlif öyrənmə üsullarından istifadə etmələri üçün əlavə resurslardan, tədris vəsaitlərindən istifadəsini təmin etməlidir.