Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-21 15:50:00
Sosioloqun təhsil müzakirələri: “Belə olsa, kişilər müəllimlikdən qaçmaz!”

“Müəllimlərin maaşı o qədər olmalıdır ki, onlar özlərini yalnız təhsil prosesinə həsr etsin, ehtiyac içində çabalamasınlar. Belə olsa, kişilər də müəllimlikdən qaçmaz”.

AzEdu.az xəbər verir ki, bu sözləri sosioloq Əhməd Qəşəmoğlu feysbuk hesabında təhsillə bağlı müzakirələr apararkən deyib. O qeyd edib ki, Azərbaycan məktəblərində mühitin köklü şəkildə dəyişməsinə ehtiyac var:

“Orta məktəbdə bir sinifdəki 30- 35(bəzən 48) şagirdin cəmi 5-6 nəfəri əlaçı ola bilir. Qalanlar 11 il danlanır, mənəvi zərbə alırlar. Əlaçı olmayanların potensialını açmaq, onların hansı peşədə daha böyük uğur qazanacığını müəyyənləşdirmək, onlarla daha çox bu istiqamətdə çalışmaq, xüsusi məktəblərə yönləndirmək sahəsində mexanizmlər yaratmaq lazımdır. 
Dərslər isə o qədər maraqlı olmalıdır ki, onlar təxirə düşəndə şagirdlər sevinməli yox, kədərlənməlidirlər.
Bundan əlavə, sinifdə şagirdlərin sayı normadan artıq ola bilməz. Dərslərin müasir səviyyədə keçirilməsi üçün zəruri avadanlıq, şərait olmalıdır”.

Onun sözlərinə görə, təhsil sistemində rüşvət ən böyük cinayət sayılmalı və güzəştsiz cəza tədbirləri tədbiq edilməlidir:

“Dərs zamanı proqramı formal həyata keçirməkdən daha vacib olan hər şagirddə mövzuya öz qabiliyyətlərinə uyğun maraq oyatmaqdır. Proqram vacib, köməkçi vasitə olmalıdır.

Uzun illərdir öz təcrübəm əsasında deyə bilərəm ki, müəllim öz vəzifəsini proqramda nəzərdə tutulanları sxematik olaraq həyata keçirməyi vəzifəsi hesab edir. Buna görə də şagirdlərin çoxu mövzunu yaxşı başa düşmür. Dərsə cavab verənlər isə onu əzbərləyir.

Təklif etdiyim variantda isə əlaçılar daha yaradıcı şəkildə cavab verir, qalanların da bu istiqamətdə düşünə bildiyi hiss olunur.

Şagird və tələbələrin beyninə çox informasiya doldurmaqdan qaçmalıyıq. Onların beynində elə bir mexanizm qurmaq lazımdır ki, bu mexanizm lazımi informasiyaları özü axtarmağa, çəkib gətirməyə başlasın”.