Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-19 12:30:35
Təhsildən yayınan qızların bir çoxu nikaha məcbur edilir - Komitə sədri

“Bir çox sahələrdə qadınların iştirakçılığının artması müşahidə olunur. Son zamanlarda qadınlarımızın fəaliyyət növlərindən biri də minaların  təmizləməsidir.  Əlbəttə ki, gender fərqi nəzərə çarpan sahələr hələ da var. Düşünürəm ki, zamanla, bu fərq aradan qalxacaq. Ölkədə savadlılıq səviyyəsi çox yüksəkdir. Kişilər və qadınlar təhsilin bütün pillələrində bərabər şəkildə fəal iştirak edir. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır. Bununla  yanaşı, təhsildən yayınan uşaqlar, xüsusilə də qızlar var. Onların bir çoxu nikaha məcbur edilir. Biz bu istiqamətdə işləri daha da gücləndirməliyik”. 

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib. 

 

“Bizi narahat edən vacib məsələ məişət zorakılığı cinayətləri, onun ağır fəsadlarıdır. Bununla bağlı İllik Məlumatda geniş təhlil və təkliflər verilib. Hamımız bilirik ki, ölkəmizdə bir çox səbəblərdən ailədaxili zorakılıq hallarının mütləq əksəriyyəti latent qalır və hüquq-mühafizə orqanlarına məlum olmur. Bu isə ağır cinayət hadisələri ilə nəticələnir. Çox yaxşı haldır ki, Dövlət Komitəsi bu məsələlərə  xüsusi həssaslıq göstərir. Düşünürəm ki, yardım mərkəzlərinin sayının artması,  müxtəlif rayon və şəhərlərdə qaynar xətlərin yaradılmasına ehtiyac vardır. Biz dövlət büdcəsinin müzakirəsi zamanı da bu məsələlərə toxunmuşuq. Çox yaxşı haldır ki, ailə, qadın və uşaq məsələlərinə ayrılan vəsait ildən - ilə artır. Gələn ilin dövlət büdcəsində də kifayət qədər artım var. Bu isə yerlərdə aparılan işlərin daha da gecləndirilməsinə imkan yaradacaqdır. Biz çox gözəl qanunlar qəbul edirik, amma onun icra mexanizmi ya zəifdir, ya da çevik deyil. Bu sahədə də təkmilləşdirməyə ehtiyac var”, - deyə komitə sədri bildirib.