Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-19 10:26:00
Bakı İlahiyyat Kolleci sentyabrdan fəaliyyət göstərəcək? - RƏSMİ

Azərbaycan İlahiyyat İnstitutu publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb. Belə ki, Bakı İlahiyyat Kolleci hər il ən çox 20 tələbə qəbul edəcək.

 

Maraqlıdır, Kollecdə tədris necə təşkil olunmağı ilə bağlı proqram varmı?

 

AzEdu.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Bakı İlahiyyat Kollecinin yaradılması Azərbaycanda dini təhsil sahəsində önəmli bir qərardır:

 

"Çünki Azərbaycanda dövlət ali təhsil müəssisəsi olsa da, orta ixtisas dini təhsili müəssisəsi fəaliyyət göstərmirdi. Ona görə də dini təhsil ancaq ali təhsil pilləsində mövcud idi. Beləliklə, Azərbaycanda dini təhsilin həm orta ixtisas, həm də ali təhsil pilləsi dövlət müəssisəsi tərəfindən həyata keçiriləcək. Bunu zəruri edən digər önəmli məqam isə ondan ibarətdir ki, din sahəsində fəaliyyət göstərən müxtəlif şəxslər var, onların hamısının ali təhsil alması mümkün deyil. Bəzi vəzifələr var ki, onların daşıyıcılarının dini orta ixtisas təhsili alması yetərlidir. Məsələn, dini ayinlərin icraçısı, müəzzin kimi vəzifələri tutmaq üçün dini orta ixtisas təhsilin olması kifayətdir. Deməli, Bakı İlahiyyat Kollecinin məzunları gələcəkdə müəzzin, dini ayinlərin icraçıları olacaqlar. Bu məzunlardan kimsə imam olmaq istəsə, təbii ki ali təhsil almaq üçün Azərbaycan İlahiyyat İnstitutuna müraciət edəcək. Bakı İlahiyyat Kollecinin gələn ilin sentyabr ayından fəaliyyətini təşkil edəcək".

 

Həmsöhbətimiz qeyd edib ki, kollecdə qiyabi təhsil olmayacaq :

 

"Məsələn, Azərbaycan tarixi, eyni zamanda, İslam ölkələri coğrafiyası, ingilis dili, ərəb dili, politologiya və s. kimi dünyəvi fənlər tədris olunur. Bununla yanaşı, Qurani-Kərim, İslam elmləri, xristianlıq, yəhudilik və digər dinlərin tarixi də öyrədilir. Eyni qaydada Bakı İlahiyyat Kollecində də həm dünyəvi, həm də dini fənlər tədris olunacaq. Bəri başdan onu qeyd edim ki, kollecə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək. Kollecdə qiyabi təhsil olmayacaq. Dövlət təhsil müəssisəsi olduğu üçün ödənişli təhsildən söhbət gedə bilməz. Eyni zamanda, burada hər hansısa məzhəbə əsaslanan dini təhsil verilməyəcək. Hazırda əsas diqqətimiz Bakı İlahiyyat Kollecinin formalaşdırılmasına yönəlib. Qarşıda xeyli görüləcək işlərimiz var: Kollecin nizamnaməsinin hazırlanması, qeydiyyata alınması, bina ilə təmin edilməsi, eyni zamanda, gələn ilin sentyabr ayından etibarən tələbə qəbulunun həyata keçirilməsi, pedaqoji kollektivin formalaşdırılması. Bütün bunları həyata keçirmək üçün xeyli zaman lazımdır. Qısa müddət ərzində Bakı İlahiyyat Kollecindən başqa bir kollecin də yaradılması hələlik nəzərdə tutulmur. Lakin növbəti illərdə bu məsələ nəzərdən keçirilə bilər".

 

M.Qurbanlı söyləyib ki, dinlə bağlı ilkin təhsil məhz ölkəmizdə alınmalıdır:

 

"Azərbaycan İlahiyyat İnstitutunun müxtəlif xarici ölkələrin, xüsusilə Türkiyə, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Rusiyanın müxtəlif ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumları var. Bu memorandumlara uyğun olaraq, tələbə mübadiləsi həyata keçirilir və gələcəkdə də bu davam etdiriləcək. Ümumi yanaşmamız ondan ibarətdir ki, magistrlar, eyni zamanda, doktorantura təhsili alanlar, habelə müəllimlərimiz dövlət vəsaiti hesabına xarici ölkələrdəki dini mərkəzlərə təcrübə mübadiləsi üçün gedə bilərlər. Azərbaycan İlahiyyat İnstitutunda islamşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə İslamla yanaşı, bütün dinlər, o cümlədən xristianlıq, yəhudilik, buddizm, hinduizm, hətta yeni dinlər, yeni dini hərəkatlar, İslamda olan dini cərəyanlar, məzhəblər, təriqətlər haqqında geniş məlumat verilir. Hesab edirik ki, azərbaycanlı din xadimi İslamı gözəl bilməklə yanaşı, digər dinlər haqqında da kifayət qədər məlumatlı olmalıdır".

 

Komitə sədri onu da qeyd edib ki, orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz:

 

"Bu Konstitusiyamıza ziddir. Çünki Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır, eyni zamanda, təhsil dünyəvi xarakter daşıyır. Orta məktəblərdə yalnız dinlər haqqında biliklərin verilməsindən söhbət gedə bilər. Burada da biz yalnız İslamla bağlı bilikləri nəzərdə tutmuruq. Hesab edirik ki, İslam, yəhudilik, xristianlıq, ümumiyyətlə, dünyadakı bütün dinlərlə bağlı gənclərə, böyüməkdə olan nəslə dünyagörüşü istiqamətində informasiya verilməsi olduqca önəmlidir. Əgər gənclərimizə bu informasiyanı biz versək, onlar müstəqil həyata qədəm qoyduqdan sonra radikal, xurafatçı dini qrupların təsiri altına düşməzlər. Eyni zamanda, onu da deyim ki, bununla bağlı ayrıca fənnin tədris olunmasına ehtiyac da yoxdur. Bu biliklər tarix, coğrafiya, ədəbiyyat, Həyat bilgisi kimi humanitar fənlərin içərisində yer alır".