Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-27 09:34:00
Bütün türk dövlətləri azad edilmiş ərazilərdə məktəblər tikə bilər

Özbəkistan dövlətinin Qarabağda məktəb tikdirməsi işğaldan azad edilmiş ərazilərdə türk dünyasının təhsilə verdiyi böyük dəstəyindən xəbər verir.

 

AzEdu.az-a açıqlama verən Mill Məclisin deputatı Musa Qasımlı bildirib ki, türk dövlətlərinin hər biri işğaldan azad edilmiş ərazilərimizdə bir neçə məktəb tikə bilər:

 

“İşğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərini Azərbaycan tək başına, öz maliyyəsi ilə həyata keçirir. Bu onu göstərir ki, dövlətimizin indiyə qədər yeritdiyi maliyyə - iqtisadi siyasəti düzgündür. Amma torpaqlarımızın işğaldan azad edilməsi öz əhəmiyyətinə görə əksər Azərbaycan coğrafiyası ilə məhdudlaşmır.

 

Bu qələbə bütün türk dövlətlərində və dövlətləri olmayan xalqların da özünəinam hissi yaradıb. Qazanılan qələbə türk dünyasının həyatında, türk dövlətlərinin əməkdaşlığında yeni mərhələ açıb. Deməli işğaldan azad olunmuş ərazilərdə təhsil və mədəniyyət ocaqlarının tikintisində də qardaş türk dövlətləri iştirak edə bilər”.

 

Deputat dünyada “Qardaşlaşmış məktəblər”in olduğunu qeyd edib:

 

“Azad olunmuş ərazilərdə Özbəkistan məktəb tikdi, Qazaxıstan isə uşaq yaradıcılıq məktəbi inşa etdi. Bu addımlar digər qardaş türk dövlətinə nümunə ola bilər. Hesab edirəm ki, işğaldan azad edilmiş hər bir rayonda 2-3 məktəbin tikintisi qardaş türk dövlətləri üçün çətin olmaz. Belə bir addımın atılması gələcək nəsillər üçün örnək olar, çünki övladlarımız həmin məktəblərdə təhsil alacaqlar və məktəbin hansı ölkə, hansı qardaş xalq tərəfindən tikildiyini biləcəklər. Bu bizim münasibətlərimizi möhkəmləndirəcək.

 

Eyni zamanda bütün dünyada “Qardaşlaşmış məktəblər” var. Məktəblərin qardaşlaşması münasibətlərimizi daha da yaxşılaşdıracaq. Əsas bizim dostluğumuz və qardaşlığımızdır. Hesab edirəm ki, türk dövlətlərinin hər biri işğaldan azad edilmiş ərazilərimizdə bir neçə məktəb tikə bilər”.