https://www.zirve.edu.az/
19.03.2018 12:06
AMEA-nın elmi müəssisə və təşkilatları dronlarla təmin ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən dünya standartlarına cavab verən çoxfunksiyalı yeni nəsil pilotsuz uçan aparatlar (dronlar) istehsal olunur.

AzEDU.az AMEA-a istinadən xəbər verir ki, bu gün Yüksək Texnologiyalar Parkında AMEA-nın Neft və Qaz İnstitutuna elmi tədqiqat işlərində müxtəlif müşahidə və təcrübələrin aparılması üçün dron təhvil verilib.

Tədbirdə Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev son 3 il ərzində rəhbərlik etdiyi qurumda mülki və hərbi təyinatlı dronların hazırlanması istiqamətində işlərin görüldüyünü bildirib.

O qeyd edib ki, 2017-ci ilin oktyabrından etibarən isə Parkın rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən kütləvi seriya olan bir sıra dron modelləri hazırlanıb. Direktor dronların AMEA-nın elmi müəssisə və təşkilatlarının çöl şəraitində aparılan tədqiqatlarının keyfiyyətinin yüksəldilməsinə, bu sahədə işin səmərəliliyinin artırılmasına, kənd təsərrüfatında ərazinin spektral analizinin aparılmasına, müəyyən sahələrdə radiasiya və radiomaqnit şüalarının səviyyəsinin ölçülməsinə böyük töhfə verəcəyini vurğulayıb.

V. Babayev AMEA-nın digər elmi müəssisə və təşkilatlarının da dronlarla təmin ediləcəyini diqqətə çatdırıb. Sonda müəssisələr arasında təhvil-təslim müqaviləsi imzalanıb.