Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-22 11:28:00
Bağça müəllimləri üçün təlimlər başlayır

Paytaxtdakı məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər üçün təlimlər keçiriləcək.

 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, oktyabrın 2-dən 20-dək keçirilməsi nəzərdə tutulan təlimlərin məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin peşəkarlığının artırılması, onları məktəbəqədər təhsil və idarəetmədə olan yeniliklər, yanaşmalar və strategiyalarla tanış etməkdən ibarətdir.

 

Təlimlər kurikulumla iş, yaş psixologiyası, valideynlərlə əməkdaşlıq, inklüziv təhsil, ilkin tibbi yardım, liderlik və idarəetmə, müxtəlif məktəbəqədər təhsil modelləri və digər müvafiq mövzuları əhatə edəcək.

 

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş fəaliyyət istiqamətlərindən biri məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və bu sahədə keyfiyyətin yaxşılaşdırılmasından ibarətdir. Bu baxımdan ehtiyaclar əsasında məktəbəqədər təhsil müəssisələrində peşəkar inkişafla bağlı təlimlərin davamlı keçirilməsi nəzərdə tutulur.