Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-14 17:14:12
Harda susmağı bilirsənsə, qalibsən - Leyla Camal

 

 İnsanlar əsla dəyişməz, sadəcə zamanla gerçək üzlərini göstərərlər. Mənfəətləri bitincə, istədiklərini ala bilməyəndə, gözləntiləri gerçəkləşməyəndə onların gerçək üzləri ortaya çıxır. İstədikləri kimi olmayanda istənilməyən biri olursan.

 

İnsanlarla məsafən od kimi olsun. Yaxınlaşma yanarsan, uzaqlaşma donarsan. Hər zaman məsafəni qoru və unutma, dostunla elə yaşa ki sabah düşmən olanda haqqında söyləyəcək sözü olmasın. Düşməninlə elə yaşa ki dost olanda üzün qızarmasın. Düşmən kor nişançıdır, lakin dost hara vuracağını yaxşı bilir. Əgər bugün düşmənin səni hədəfdən vura bilirsə, bilki dostunla dost olmuşdur.

 

Zamanla insanları tanıdıqca uzaqlaşmağa, özünə yaxınlaşmağa başlayarsan. Bu zaman əmin ol ki, vicdanın rahatdır. Çünki susmayan bir vicdan ömürboyu zindan deməkdir. Burax, sən qurban ol, sən yıxılan ol, sən yaralanan ol. Amma əsla cəllad, yıxan və ya yaralayan olma. İbrahimin tikdiyi Kəbəni yıxmaq necə günahdırsa, bir ürəyi qırmaq daha böyük günahdır. Ürək insanın Kəbəsi, insan isə Tanrının şah əsəridir. Bir könlü yıxmağa cəsarət etdinsə, aqibətini yaşamaq mübahdır.

Nə edəcəyini bilmədiyin anlarda bir addım geri çəkilməyə və səssiz qalmağa cəhd et. Burax möhkəm əsən rüzgarlar sapla samanı ayırsın. Sən sadəcə izləyici ol. Küləklə sovrulanlar ürəyini qovursa da, uçub getmələrinə izn ver. Yerdə qalan samanlar səni qışda isitməyə, yayda kölgəyə yetər də artar.

 

İnsan şəxsiyyəti gələrkən deyil, gedərkən bəlli olar. İnsan keyfiyyəti isə getdikdən sonra bəlli olar. Hər kəs gözəl gələr də, gözəl getməyi bacaran çox az insan tapılar. Çünki zərafət - etdiklərinlə gözə batmaq deyil, etmədiklərinlə ağılda qalmaqdır.

 

Sonda insanlara təəccüblənmək adətindən vazkeç. İnsan sadəcə altı ay özünü gizlədə bilər. Sonra gördüyün mənzərələrə hazır ol və hər situasiyada insan qalmağı bacar. Çünki, keyfiyyət təsadüf deyildir. Hər kəs özünə yaraşanı edər. Harda susmaq lazım olduğunu bilirsənsə qalibsən. Heç nə bilmədiyi üçün deyil, bəzən çox şey bildiyi üçün susar insan. Ədəb bilər, abır bilər, hədd bilər deyə susar insan. Susmaq qəbullanmaq deyildir, susmaq - hər zaman qələbədir. Özünə, sözünə, həfsinə və hirsinə.

 

Leyla Camal