Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-15 08:44:00
Həqiqət budur: “Məktəbdə “2” alanları universitet tələbəsi etmişik”  

“Plan yerləri dolsun deyə keçid balını endirmək düzgün deyil”.

 

Bu barədə AzEdu.az-a təhsil üzrə mütəxəssis Nadir İsrafilov keçid ballarının aşağı salınmasının gələcək fəsadlarından danışarkən bildirib. O qeyd edib ki, hüquqşünas, diplomat, polis, həkim, müəllim, mühəndis, aqronom və.s bu kimi ixtisaslara tam fərqli keçid balı tətbiq etməklə, gələcək mütəxəssislərimizə qabaqcadan hansı peşənin gəlirli və ya gəlirsiz olması hislərini aşılamış, bəzi peşələri və peşə sahiblərini yüksəldərək, digərlərini aşağılamışıq:

 

 

“Bir sıra ixtisaslara keçid balını 150-yə və hətta 100-ə endirməklə, klassik qiymətləndirmədə "2” qiymətə bərabər tutulanları ali məktəb tələbəsi etmişik. Onu da deyim ki, səviyyəsiz universitetlərin qəbul planını doldurmaqla yanaşı, həmin ixtisaslara və bu ixtisası seçənlərə bəri başdan "perspektivsiz” damğasını vurmuşuq.

 

Kəskin sıçrayışlar edərək, mövcud reallıqları nəzərə almadan ixtisas qrupları üzrə qəbul planı və daxil olan ərizələrin sayı arasında qeyri-tarazlıq yaratmışıq. Bununla da yüzlərlə plan yerləri vakant qalmış, çıxış yolunu bəzi ixtisaslara minimum balla qəbul aparmaqda görürük. Həmçinin bu, vacib prinsipə etinasızlıq və biganəlik nümayiş etdirərək, peşə və ixtisasları "prestijli” və "prestijsiz” kateqoriyalarına bölərək, bir sıra peşə və ixtisasların yaxın gələcəkdə tarixə qovuşacağına bu başdan etibarlı zəmanət vermişik.

 

İxtisas seçimini abituriyentin istək və arzusuna deyil, onun topladığı "balın kəramətinə” tabe etdirmişik. Bu halda hansı ixtisas seçimindən söhbət gedə bilər…?!”.