Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-16 15:25:00
Artıq zərurətdir: “İnformasiya və media savadlılığı məktəblərdə...”  

Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı günbəgün artmaqdadır. Demək olar, 7-dən 70-ə çox adam bu platformaya axın edir. Şübhəsiz ki, sosial platformanın azad olması insanlar üçün daha cəlbedici görünür və onları bura sövq edir. Amma əsl problem üzvlükdən sonra başlayır.

 

Azad, müstəqil fikirlə özbaşınalığın xəttini itirənlər bu platformaları sosial bəlaya çevirirlər. Məşhur ifadədə deyildiyi kimi: - Sosial şəbəkələr düzgün istifadə oldunduqda dərman, yanlış faydalandıqda ilan zəhəri rolunu oynayır. Əlbəttə, Azərbaycanda da sosial platformalardan praqmatik məqsədlərlə istifadə edənlər var.

 

Amma bu platformanın fəlsəfəsini bilmədən, anlamadan ora üzv olub, insanların, eləcə də dövlətin  baş ağrısına çevrilənlər də az deyil. Bütün bunlar bəlkə də İKT üzrə yeniliklərin insanları qəfil yaxalaması üzündən baş verir. Sosial media savadlılığından xəbərsiz olan şəxslər bu platformaya ayaq açır və azadlıq imkanlarından istifadə edib, arzuolunmaz addımlar atır.

 

Bu sahədəki mövcud durum Azərbaycan orta məktəblərində sosial media savadlılığına dair maarifləndirmə işinin reallaşmasını gündəmə gətirir.

 

Maraqlıdır, görəsən orta məktəblərdə buna dair addımlar atmaq mümkündürmü və effektiv nəticə əldə etmək olarmı?

 Vüsal Məmmədovdan maraqlı status...

Sualımızı cavablandıran jurnalist, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov qeyd edib ki, məktəblərdə tədris olunan bəzi fənlər aktuallığını itirib:

 

“İbtidai siniflərə həyat bilgisi dərsi keçirlər. Bildiyim qədəri ilə həmin fəndə elə məlumatlar var ki, o qədər də vacib deyil. Dövrü əlaqələndirən bir sıra vacib informasiyalar mövcuddur ki, o fənnin tərkibində aşılana bilər. Buna misal olaraq sosial platformalarla bağlı mövzunu göstərə bilərik”.

 

V.Məmmədli xüsusilə vurğulayıb ki, kiçik yaşlardan informasiya savadlılığı formalaşdırılmalıdır:

 

“Hazırki dövrdə valideynlərin ən çox əziyyət çəkdiyi mövzu övladlarının sosial şəbəkələrdən asılı vəziyyətə düşməsidir. Çox kiçik yaşlardan istifadəçi olduqları üçün bu, onların sosial platformalardakı təhlükəsizliyini də sual altına salır. Hesab edirəm ki, uşaqlarda çox kiçik yaşlardan informasiya savadlılığı formalaşdırılmalıdır”.

 

Müsahibimiz yetkin yaşa dolmuş şəxslərin sosial şəbəkədən istifadəsi ilə bağlı çox vacib bir məqama diqqət çəkib:

 

“Təkcə uşaqlar deyil, böyüklər də sosial şəbəkələrlə bağlı bilgili olmalıdırlar. Çünki hər sosial şəbəkənin öz fərdi funksiyası var və fərqli məqsədlərə xidmət edir. Ancaq soruşsaq, əksər istifadəçi üzvü olduğu sosial şəbəkənin nəyə xidmət etdiyini anlamır. Özünün də sosial şəbəkədən nə üçün istifadə etdiyi məlum deyil. Böyüklərin də bu məsələdə savadlılığının artırılması olduqca vacibdir. Bunu informasiyanın alınması məsələsində görə bilərik. Əksəriyyət sosial şəbəkələri informasiya qaynağı olaraq görür. Bu, onların media savadlılığının hansı səviyyədə olduğunun göstəricisidir. İş belə olduğu təqdirdə informasiya və media savadlılığının artırılmasının məhz məktəb dövründən başlaması zəruri hala çevrilir”.