Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-11 15:34:00
“Hazırlıq qrupları” , yoxsa “ölü doğulan layihə”?  - RƏY  

2017-ci ildə “Təhsil haqqında” qanuna edilən dəyişikliyə görə universitetlərdə “hazırlıq qrupları”nın yaradılması planlaşdırılırdı.

 

Bu işdə əsas məqsəd ali təhsil müəssisələrində boşluğu aradan qaldırmaq idi.  Lakin hazırda boş qalan plan yerlərində hələ də hazırlıq qrupları təşkil olunmur.

 

Bəs sözügedən qrupların mövcudluğu nə dərəcədə önəmlidir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, müvafiq qaydalardakı dəyişikliyin üstündən bir neçə il ötməsinə rəğmən, hələ də icrasına başlanılmayıb:

 

“İlk növbədə qeyd edim ki, 2017-ci ildə “Təhsil haqqında” qanuna 40-a yaxın dəyişikliklər edildi. Dəyişikliklərdən biri də əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunması idi. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar.

 

Amma dəyişikliyin üstündən 2 il keçməsinə baxmayaraq bunun müxanizmi, qaydaları tam şəkildə müəyyən olunmayıb. Qanunun icrası isə Elm və Təhsil Nazirliyinə tapşırılıb. Universitetlərdə hazırlıq qruplarının yaradılmasına 2018-ci il tədris ilindən başlanılması nəzərdə tutulsa da, bunun yalnız 2019-cu ildə həyata keçirilməsi planlaşdırılırdı. Amma artıq 2023-cu qəbul ilini də geridə qoyduq. Bir neçə aydan sonra 2023-2024-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul prosesi başlayacaq”.

 

Ekspertin sözlərinə görə hazırlıq qrupları qəbul planları kəsirlə yerinə yetirilən, tələbə axını bir qədər az olan ali təhsil müəsissələrində fəaliyyət göstərəcək:

 

“Ona görə də belə ali təhsil müəssisələrində boşluğu aradan qaldırmaq üçün hazırlıq qruplarının yaradılmasına ehtiyac var. Həmin hazırlıq qrupları özəl və dövlət ali təhsil müəssisələrində açılacaq. Ölkədə fəaliyyət göstərən universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması istiqamətində apardığımız araşdırmalardan sonra məlum oldu ki, heç bir iş aparılmır. Birdən birə bu prosesin başlanması həm universitetlərin iş rejimini pozacaq, həm də abituriyentlərdə müəyyən çaşqınlıq yaradacaq. Çünki bunun üçün ilk növbədə universitetlərdə baza formalaşdırılmalıdır. Amma bu hələdə həyata keçirilməyib”.

 

K.Əsədov xatırladıb ki, belə hazırlıq qrupları sovet dönəmində də olub:

 

“Yəni 1 illik hazırlıq mərhələsi tətbiq olunurdu. Burdan müvəffəqiyyətlə keçənlər təhsillərini həmin ixtisas üzrə davam etdirə bilirdilər”.