Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-02 13:26:48
Effektiv təklif: “Dərsliklərin monitorinqi” adlı təşkilat yaradılsın ! ”  

Məktəblərdə tədris vasitəsi kimi istifadə olunan dərsliklər şagirdlərin yüksək səviyyədə təhsil alması üçün ən önəmli və ümdə faktorlardan biridir. Lakin müşahidələr onu göstərir ki, hazırda məktəblərdəki dərsliklərdə bir sıra çatışmayan cəhətlər, nöqsanlar var. Bu isə təbii olaraq həm müəllimlərin, həm də şagirdlərin “başağrısı”na çevrilir. Bəs məktəb dərsliklərinin monitorinq prosesi hansı səviyyədədir? Problemləri aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir?

 

 Keçid ballarında bu il müəyyən qədər fərq yaranacaq" - Elçin Əfəndi

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, dərsliklər hazırlanarkən müxtəlif nüanslar nəzərə alınmalıdır:

 

“Müvafiq olaraq dərsliklərin monitorinqi aparılır. Lakin biz monitorinqləri apararkən Nazirlər Kabinetinin (NK) qərarlarına diqqət yetirməliyik. Məlumdur ki, dərsliklərin hazırlanması ilə bağlı NK -nın müvafiq qərarı mövcuddur. Dərsliklər hazırlanarkən onların elmiliyi, verilən məlumatların düzgün olub-olmaması, informasiyanın yığcam və biliklərin daha ətraflı ötürə bilmə qabiliyyəti, şagirdlərin yaş psixologiyası, dərsliklərin kağız, üzlük keyfiyyəti və s. bütün bunların hamısı diqqətə alınmalıdır”.

 

 

E.Əfəndinin sözlərinə görə dərsliklər yoxlanışdan keçəsələr də, lazımi effekti vermir:

 

 

“Bildiyiniz kimi, dərsliklər üzərində monitorinqləri Dövlət İmtahan Mərkəzi aparır. Həmçinin, Elm və Təhsil Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən də dərsliklər yoxlanılır və yeni təkminləşdirmə işləri görülür. Bu proseslər həyata keçirilsə də, gözlədiyimiz nəticəni ala bilmirik. Düşünürəm ki, bir neçə il sonra mövcud tədris proqramına uyğun dərsliklərin tam olaraq hazırlanması mümkün olacaq. Hələki bəzi dərsliklər yoxlanılma mərhələsindədir”.

 

 

Ekspert dərsliklərin hazırlanmasının daha yüksək səviyyədə olması üçün təklif irəli sürüb:

 

 

“ Bu yöndə inkişafa nail olmaq istəyiriksə, konkret olaraq “Dərsliklərin monitorinqi və təkmilləşdirilməsi” adlı bir təşkilat yaratmalıyıq. Onların işinin əsas istiqaməti yalnız bu sahədə fəaliyyət göstəmək olmalıdır. Belə olan halda əlbəttə ki, müəyyən nailiyyətlərə imza atmaq olar. Əks halda pərakəndə işlərin arasında dərsliklərin monitorinqini aparmaq bir o qədər effekt vermir”.