Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-31 12:13:38
Kimlər xaricdə Azərbaycan dilini öyrənir? MARAQLI İZAH  

 

 Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə müxtəlif ölkələrdə Azərbaycan evləri fəaliyyət göstərir. Hazırda xaricdə 20 Azərbaycan evi mövcuddur.

 

Bunu AzEdu.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı deyib. O müxtəlif ölkələrdə açılan Azərbaycan evləri və mərkəzlərin fəaliyyətləri haqqında məlumat verib:

 

Vəsilə Vahidqızı: “Biz beynəlxalq uğur hekayələrini ekrana gətirmək  istəyirik” - MÜSAHİBƏ


“Almaniya, Kanada, Gürcüstan, Fransa, Finlandiya, Polşa, Yunanıstan, Avstriya, Misir və bir sıra başqa ölkələrdəki Azərbaycan evlərində həftəsonu məktəbləri fəaliyyət göstərir və həmin məktəblərdə ana dilimiz tədris olunur.

 

Dərslərə həm azərbaycanlılar, həm də xaricilər qatılır. Azərbaycan dili dərslərini əsasən peşəkar mütəxəssislər tədris edir və hər yaş qrupuna daxil olan insanlar bu dərslərdən yararlana bilir. Diasporla İş üzrə Dövlət Komitəsi Elm və Təhsil Nazirliyi ilə birlikdə həmin həftəsonu məktəbləri üçün xüsusi Azərbaycan dili dərsliyi də nəşr etdirib”.

 

 

Bundan başqa Komitənin dəstəyi olmadan da bir çox diaspor təşkilatları və diaspor üzvləri həftəsonu məktəbləri açıblar, orda da dil tədris olunur.

 

 

Finlandiyanın Helsinki şəhərində yaşayan həmyerlimiz Babək İman burada açılan Azərbaycan evinin önəmindən danışıb:

 

 

“Bu, bizdə doğrudan da sevinc doğurdu. Oğlum Rafael anadan olanda, 6 il bundan qabaq  mən Azərbaycan dilində kitablar axtarırdım. Yaşadığımız yerdən bir qədər uzaqda yerləşən bir başqa şəhərdə bir neçə kitab tapdım. Onlardan istifadə edirdim. Düşünürdüm ki, uşaqlıqdan başlamaq yaxşıdır.

 

 

Yavaş-yavaş Azərbaycandan gələn həmyerlilərimizlə tanış olduq və onlar da mənə kitablar verdilər. Daha sonra isə Azərbaycan evinin açılışı oldu və bu bizim üçün çox böyük sevinc idi”.

 

 

Finlandiyada yaşayan digər bir azərbaycanlı Aygül Rzayeva duyğularını bu şəkildə ifadə edir:

 

 

“Bizim evimiz-Azərbaycan evinin açılması, Finlandiyada yaşayan azərbaycanlılar üçün çox sevindiricidir. Düşünürəm ki, bu ev bizim üçün dayaq nöqtəsi, görüş və müzakirələr məkanı olacaq. Son olaraq demək istəyirəm ki, Azərbaycan evi vətənini sevən hər bir həmyerlimiz üçün açıq olacaq”.

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin Tiflisdə fəaliyyət göstərən “Alyans Gənclər Mərkəzi”də azərbaycanlı uşaqlar üçün pulsuz kurslar fəaliyyət göstərir.

 

 

Mərkəzin icraçı direktoru Rəna Hüseynova mərkəzin ərsəyə gəlməsində yaranan çətinliklərdən söz açıb:

 

 

“Mərkəzin artıq 100-dən artıq tələbəsi var. Bizim əsas çətinliyimiz Azərbaycan dilini tədris edəvək müəllimləri tapamq idi. Bildiyiniz kimi, hazırda burada həmin müəlimlər sayı olduqca azdır”.

 

 

Qazaxıstanın Şu şəhərində fəaliyyət göstərən “Azərbaycan” Etnomədəni Birliyinin təşkilatçılığı ilə Azərbaycan həftəsonu məktəbi fəaliyyət göstərir.  

 

 

Fransanın paytaxtı Paris şəhərində yerləşən Azərbaycanın Mədəniyyət Mərkəzinin nəzdində “Natəvan” Azərbaycan həftəsonu məktəbi 28 noyabr, 2022 yenidən fəaliyyətə başlayıb. 

 

Bu mühüm hadisə Diaspora üzrə Dövlət Komitəsinin və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilib.