Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-04 11:18:00
AzTU tələbələrinə diplomlar təqdim olunub

“Code Academy”nin #CodeForFuture layihəsinin məzunu olan Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinə diplomların təqdim olunması mərasimi keçirilib. Tədbirdə çıxış edən rektor Vilayət Vəliyev bildirib ki, Elm və Təhsil Nazirliyinin dəstəyilə “Code Academy”nin #CodeForFuture layihəsinin icrasına ilk dəfə 2021-ci ildə AzTU-da başlanılıb və uğurla davam etdirilir. Rektor deyib ki, 2022-2023-cü tədris ilinin payız semestrində #CodeForFuture layihəsində iştirak edən 336 AzTU tələbəsi bu gün məzun olur. Onlardan 26 nəfər yüksək şərəf diplomu, 67 tələbə isə şərəf diplomu ilə təltif ediliblər. Həmçinin 71 tələbə beynəlxalq sertifikat imtahanlarında uğurla iştirak edərək CompTIA, CSWA kimi beynəlxalq sertifikatlar əldə ediblər. Tələbələri təbrik edən rektor onlara layihə müddətində əldə etdikləri bilik və bacarıqların gələcək fəaliyyətlərində faydalı olacağına ümid etdiyini bildirib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, daha sonra çıxış edən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşı İbrahim Qədirov və “Code Academy” tədris müəssisəsinin təsisçisi və direktoru Ülvi Aslanov layihənin əhəmiyyəti və tələbələrin gələcək fəaliyyətlərində faydalarından danışıb, həmçinin təbriklərini çatdırıblar.  

 

Qeyd edək ki, layihə çərçivəsində AzTU-da proqramlaşdırma, şəbəkə administratorluğu, sistem administratorluğu, “AutoCAD & Solidworks” sahələri üzrə ümumilikdə 536 tələbə təhsil alıb, əmək bazarının tələblərinə uyğun kadr kimi formalaşaraq bir sıra üstünlüklərə sahib olublar.

 

Tədbirin sonunda #CodeForFuture layihəsinin məzunu olan AzTU tələbələrinə diplomlar təqdim olunub.