Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-11 09:16:18
MİQ imtahanlarında bunlara əməl edin! - Namizədlərə XƏBƏRDARLIQ

Bu gündən 2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi başlayıb.

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlər də təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müsabiqədə iştirak etmək hüququna sahibdirlər. 

Müsabiqənin vakansiya seçimi mərhələsində ilk növbədə şəhid ailəsinin üzvləri iştirak edəcəklər. Eyni zamanda, müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05 artım əmsalı, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq. 


Qeyd edək ki, müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edir.

MİQ-in test imtahanı mərhələsində iştirak edəcək şəxslərə bir müddət öncə təlimat göndərilib.

Elm və Təhsil Nazirliyi imtahan verəcək namizədləri bəzi tövsiyə və qaydalara əməl etməyə çağırıb.

- namizədlər onlar üçün müəyyən olunan vaxtda imtahan mərkəzində olmalıdırlar.

- yoxlamadan keçərkən namizəd sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi və şəxsi kabinetdən götürdüyü çıxarışı nəzarətçiyə təqdim etməlidir;

- namizədi müşayiət edən şəxslər imtahan mərkəzinin ərazisinə buraxılmayacaqlar. Test imtahanının davametmə müddətini və müsabiqə şərtlərindən irəli gələn digər məqamları nəzərə alaraq namizədlərə öz yaxınlarını imtahana gətirməməsi və imtahan ərazisinə tək yaxınlaşmağı tövsiyə olunur;

- namizədin imtahan binasına yemək, su (bütün növ içkilər), çanta və ya digər şəxsi əşyalar gətirməməyi tövsiyə olunur;

- imtahan prosesində hər hansı sual yarandıqda və ya məlumat uyğunsuzluğu baş verdikdə namizəd səssizcə əlini qaldırıb nəzarətçilərin ona yaxınlaşmasını gözləməlidir;

- namizəd imtahanı bitirdikdən sonra nəzarətçinin təlimatı olmadan imtahan zalını tərk etməməlidir;

- imtahan zamanı istifadə olunan qaralama kağızları imtahan zalından çıxarılmamalıdır.

Aşağıdakı hallarda namizəd imtahana buraxılmayacaq:

- şəxsiyyəti təsdiq edən sənəd olmadıqda, yaxud sənəd özünə aid olmadıqda;

- saxta sәnәd tәqdim etdikdә;

- imtahana başqasının yerinə gəldikdə;

- imtahan binasına qeydiyyat başa çatdıqdan sonra gəldikdə;

- imtahana içkili və digər bu kimi vәziyyәtdә gәldikdә;

- qeydiyyat prosesi zamanı nizam-intizam və etik davranış qaydalarını pozduqda;

- imtahan binasına və ya zala imtahana gәtirilmәsi qadağan edilmiş әşyalarla daxil olmağa cәhd etdikdә;

- yandırıcı, partlayıcı, kәsici, deşici vә digәr bu növ әşyalarla imtahan binasına yaxud imtahan zalına daxil olmağa cəhd etdikdə;

- yoxlanış və qeydiyyatdan keçmədən birbaşa imtahan zalına yollandıqda geri qaytarılaraq yoxlanışdan keçirilir. Əks halda imtahana buraxılmır.

Namizədlər tərəfindən aşağıdakı hərəkətlərə yol verildikdə onların imtahan nəticələri ləğv edilir:

- imtahan zalına əlavə resurslar – mobil telefon, qulaqlıq, ağıllı saat və digər rabitə vasitələri, elektron mәlumat daşıyıcısı, USB başlıq, kitab, jurnal, dəftər, mәlumat kitabçası, lüğәt, cәdvәl, konspekt və digər yardımçı vasitələr, həmçinin, elektron cihazlar, kalkulyator gətirərək onlardan istifadə etməyə cəhd etdikdə;

- test imtahanı zamanı nəzarətçinin təlimatı olmadan imtahan zalında yerini dəyişdikdə, gəzişdikdə və ya ayağa qalxdıqda;

- digər namizədin imtahan nəticəsinə təsir göstərməyə çalışdıqda, başqasının monitoruna baxdıqda vә ya öz monitoruna başqasının baxmasına şәrait yaratdıqda, sualların cavabını digərindən soruşduqda və ya bildirdikdə, ucadan danışdıqda, təqdim edilmiş komputerdə imtahan proqramlarından çıxaraq əlavə proqramlara daxil olduqda;

- imtahan nəzarətçisinə və ya digər şəxslərə suallarla bağlı kömək üçün müraciət etdikdə;

- imtahan zamanı nizam-intizam və etik davranış qaydalarını pozduqda;

- istifadə edilən qaralama kağızlarını zaldan çıxarmağa cəhd etdikdə.


A.Qorxmaz