Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 11:29:36
Sertifikatlaşdırmada uğursuz olan müəllimlərə DƏSTƏK... -  Qarabağ RTİ tədbirlər görəcək!

20-24 iyun tarixlərində İbtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün sertifikasiya imtahanları keçirildi. Sertifikasiyada iştirak edən 30 061 müəllimin 30 faizi,  8268 Azərbaycan dili və ədəbiyyat müəllimin 8 faizi 0-29 bal toplayaraq aşağı nəticə göstərib. Elm və Təhsil Nazirliyi tərəfindən verilən göstərişə əsasən də həmin müəllimlər təkmilləşdirmə təlimlərinə qatılmalıdırlar.

 

 

Regionlarda fəaliyyət göstərən və təkmilləşdirməyə ehtiyacı olan müəllimlərlə bağlı hansı tədbirlərin görüləcəyini öyrənmək məqsədilə Regional Təhsil İdarələrinə sorğu ünvanladıq.

 

 

AzEdu.az xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsindən verilən məlumata əsasən, həmin idarə tərəfindən sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsindən keçməyən müəllimlərin sertifikatlaşdırma imtahanına hazırlığını təmin etmək məqsədilə müvafiq layihələr həyata keçiriləcəkdir:

 

“Bununla bağlı hazırlıq qrupları yaradılacaq, peşəkar təlimçilərin iştirakı ilə təlimlər təşkil ediləcəkdir. Təlimlərə Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində çalışan ibtidai sinif, Azərbaycan dili və əbəbiyyat müəllimləri cəlb ediləcək. Məlumat üçün qeyd edək ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.

 

İdarə tərəfindən sertifikatlaşdırmada üzrlü səbəblərdən iştirak etməyən və ya uğurlu nəticə qazana bilməyən müəllimlərimizə qaydalara uyğun formada lazımi dəstək göstəriləcək”.