Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-04 14:17:04
Cavid Rəhimli:  “Görəcəyim iş dövlətimiz üçün olmayacaqsa, xaricdə yaşamaram” - MÜSAHİBƏ

 Ötən gün Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Cavid Rəhimli dünyanın 15 qabaqcıl universitetinə təqaüdlə qəbul olunması xəbəri hər birimizi sevindirdi.



O, akademik və sosial göstəricilərinə görə azsaylı tələbəyə verilən 35 min  dollar miqdarında "GW Law Merit Scholarship"ə layiq görülüb.

 

 

Gəlin, uğurlu Azərbaycan gəncini daha yaxından tanıyaq..

 

 

AzEdu.az Cavid Rəhimli ilə müsahibəsini təqdim edir:

 

 

-Cavid bəy, özünüzü oxucularımıza təqdim edərdiniz.

 

 

-Rəhimli Cavid İlqar oğlu 2002-ci ildə Bakı şəhərində anadan olmuşam, əslən Qərbi Azərbaycanın Qafan rayonundanam. 2019-cu ildə 684.4 balla BDU-nun hüquq fakültəsinə qəbul olunmuşam. Təhsil aldığım 4 il ərzində prezident təqaüdçüsü statusumu saxlaya bilmişəm. Bu il isə 99 ortalama ilə məzun oluram.

 

 

-BDU-nun Hüquq fakültəsində təhsil almağa başlayarkən hədəfiniz nə idi?

 

-Bu dövrdə məlumatı çox asan şəkildə əldə etmək mümkündür, yəni bir sahənin bilicisi olmaq üçün universitet oxumaq artıq şərt deyil. Universiteti savadlı, bacarıqlı gəncləri şəbəkələşdirən bir platforma kimi görürəm. Baxmayaraq ki, diplomat olmaq istəyirdim, hüquq fakültəsini ölkənin ən öndə gedən tələbələri ilə bir mühitdə olmaq üçün seçdim, çünki hər bir insan demək olar ki, ətrafındakı insanların ortalamasıdır.

 

No description available.

 

-Bildiyimiz qədərilə tələbə olduğunuz müddətdə sosial fəaliyyətləriniz olduqca geniş olub. Bu haqda məlumat verərdiniz, zəhmət olmasa

 

-Bəli, tələbəlik illərim ərzində aktiv ictimai, sosial və diaspora fəaliyyəti ilə məşğul olmuşam. Hətta birinci kursa başlamazdan öncə Avropa Hüquqşünas Tələbələr Assosiasiyasına üzv oldum və aktiv şəkildə fəaliyyət göstərərək, Baş Katib, Müşahidə Şurası sədri kimi vəzifələrə seçildim. Həmçinin Gənc Avropa Səfirləri şəbəkəsinin İdarə Heyəti üzvü, Davam hüquqşünaslar klubunun yaradıcısı və sədri kimi fəaliyyət göstərmişəm. Bunlardan savayı, BMT, Avropa İttifaqı, Dünya İqtisadi Forumu kimi təşkilatların tədbirlərində dəfələrlə ölkəmizi təmsil etmiş, 20-ə yaxın ölkədə olmuş, olduğum hər bir şəhərdə könüllü şəkildə diaspora fəaliyyəti ilə məşğul olmuşam. Məsələn, keçən ay Almaniyanın Xarici İşlər Nazirliyinin maliyyələşdirdiyi bir layihədə Qərbi Azərbaycanla bağlı həqiqətləri avropalı gənclərə çatdırmışam. Sosial fəaliyyətimin çox uğurlu olduğunu Paşa Holdinq tərəfindən təşkil edilən "Əlaçı" təqaüdünə 3000 müraciətçi arasından layihənin tələblərinin üzərində olduğum üçün seçilməyən 3 nəfərdən biri olmağım bariz şəkildə göstərir. Həmçinin 2022-ci ildə "ilin gənci" mükafatına seçilərək cənab prezidentlə görüşə dəvət olunmuşdum, ancaq naməlum səbəblərdən son anda mükafat başqa şəxsə təqdim olundu.

 

 

-Xaricdə təhsil üçün müraciət etdikdə məqsədiniz tam olaraq nə idi?

 

-İlkin hədəfim elə bir universitetə qəbul olmaq idi ki, məzun olduqda beynəlxalq hüquq üzrə ekspert səviyyəsində biliklərə malik olum. Digər hədəflərim isə ingilis dilli bir ölkədə top universitetdə təqaüdlə təhsil almaq idi.

 

No description available.

 

-Universitetinizə və hansı istiqamət üzrə təhsil alacağınıza qərar vermisiniz?

 

- Bəli, qərar vermişəm. ABŞ, Böyük Britaniya, Hollandiya və Belçikadan 15 qabaqcıl universitetdən qəbul almışam. Seçimim isə təqaüdlə qəbul olduğum Corc Vaşinqton universitetidir. Beynəlxalq hüquq üzrə LL.M təhsili alacam və ABŞ-ın xarici əlaqələr hüququ üzrə ixtisaslaşmağı düşünürəm.

 

 

Cavid ağıllı və savadlı bir gənc olmaqla yanaşı, eyni zamanda ürəyi vətən eşqi ilə döyünən bir vətənpərvərdir.. Əslən Qərbi Azərbaycanlı olan Cavid ABŞ-da Qərbi Azərbaycanla bağlı diaspora fəaliyyəti qurmağı planlaşdırır.

 

-Təhsil aldığınız müddətdə orada yaxşı iş imkanları yaranarsa, qalmağı düşünürsünüz?

 

-Ürəyim hər zaman vətən eşqi ilə döyünür. Görəcəyim iş dövlətimiz üçün olmayacaqsa, xaricdə yaşamaram. ABŞ-da Qərbi Azərbaycanla bağlı diaspora fəaliyyəti quracağam, məqsədim konqresin gündəliyinə bu məsələni daxil etməkdir. Əgər uğurlu diaspora fəaliyyəti qursam, işimi daha da genişləndirmək üçün ABŞ-da əlavə bir neçə il yaşayaram. Mənim əsas marağım siyasətədir. Dövlətimiz, xalqımız üçün daha faydalı ola biləcəyim vəzifə nə olsa, orda olmaq istəyərəm. Məsələn parlementdə deputat olmaqdansa, konqres üzvü kimi vətənimizə daha çox fayda verə bilərəm.

 

 No description available.

 

-Təhsilinizi başa vurduqdan sonra ölkəmizlə bağlı hansı planlarınız var?

 

-Qeyd etdiyim kimi, Qərbi Azərbaycan həqiqətlərini dünyada tanıtmaq hədəfim var. ABŞ-la paralel digər ölkələrdə də bu prosesin koordinasiyasını aparmaq istəyirəm. Həmçinin gələcəkdə beynəlxalq hüququ Azərbaycanın lehinə təhlil edəcək bir beyin mərkəzi açmağı düşünürəm.

 

               

-Təhsilinizdə, fəaliyyətinizdə ən böyük dəstəkçiniz kim və ya nə olub?

 

-Ən böyük dəstəkçim ailəm olub, bu qədər uğur qeyd etdim, ancaq normal imkanlı bir ailədə belə nailiyyətlər əldə etmək elə də çətin deyil. Düşünürəm ki, ailəsi yanında olmadan bir universitetə daxil olmuş şəxsin uğurunun yanında mənim uğurlarım bir heçdir. Gələcəkdə bu cür gənclər barədə də məlumat versəniz, şad olaram. Bundan başqa müəllimlərim, dostlarım və mentorum dəstəkçilərim arasındadırlar. Üzərimdə əməyi olan hər kəsə təşəkkür edirəm!

 

 

-Son olaraq həmyaşıdlarınıza hansı tövsiyələri vermək istərdiniz?

 

 

-Emin Çapanın da dediyi kimi çox oxuyun, çox çalışın ancaq əyləncənizdən də qalmayın. Hər zaman oxuyacağıq, ancaq birdə bu yaşımızda olmayacağıq. Hazırda gənclər üçün Azərbaycanda və dünyada imkanlar çoxdur, şərait çox gözəldir, bundan yararlanın. Karyeranızın ilk illərində maddiyata yox, sevdiyiniz işi görməyə diqqət edin. Hər birinizə uğurlar arzu edirəm.