Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-11 16:17:37
Azərbaycanın ən boyük startapı artıq Özbəkistanda...

 

 

Azərbaycanın aparıcı idman aqreqatoru “Push30” Özbəkistan bazarına da çıxıb.

 

 

AzEdu.az xəbər verir ki, Azərbaycanda böyük uğur qazanmış bu startap cari ilin 1 may tarixindən Özbəkistanın paytaxtı Daşkənd şəhərində də fəaliyyətə başlayıb.

 

 

2019-cu ildə təsis edilmiş “Push30” pandemiya səbəbindən yalnız 2021-ci ildən aktiv fəaliyyətə başlayıb. Bu illər ərzində “Push30” özünü Azərbaycanda idman sahəsinin əsas oyunçusu kimi təsdiqləyib. Şirkətin şəbəkəsinə 200-dən çox idman mərkəzi və 18 000 istifadəçi daxildir. “Push30”, həmçinin, yerli və dünyaca məşhur brendlər də daxil olmaqla 2 000-dən çox şirkətlə əməkdaşlıq müqaviləsi imzalayıb.

 

 

Bununla yanaşı, “Push30” çoxsaylı mükafatlar, o cümlədən Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil edilən “IDDA Awards” müsabiqəsində “İlin startapı” mükafatına layiq görülüb, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi  (KOBİA) tərəfindən startap şəhadətnaməsi ilə təltif edilib. “Push30”, həmçinin, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 2022-ci ildə keçirilmiş “Star Venture” qrant proqramı çərçivəsində qalib seçilərək 50 000 avro dəyərində mükafat və sertifikat ilə təltif olunmuşdur.

 

 

Şirkət daha çox insanı sağlam həyat tərzinə qoşulmağa sövq etmək üçün şəbəkəsinə davamlı olaraq yeni xidmətlər əlavə edir.

 

 

Şirkətin ekspansiyası üçün Özbəkistandakı tərəfdaşlar artıq 500 000 dollar məbləğində investisiya ayırıblar. Daşkəndin 50 aparıcı idman mərkəzi ilə müqavilələr imzalanıb və yaxın gələcəkdə daha çox mərkəzlərlə əməkdaşlıq əlaqələrinin qurulması, eləcə də digər ölkələrdə də fəaliyyətin genişləndirilməsi planlaşdırılır.

 

 

“Startapımızın Özbəkistanda fəaliyyətə başlamasından məmnunuq. Komandamız “Push30”un Azərbaycanda aparıcı idman aqreqatoruna çevrilməsi üçün çox çalışıb və xidmətlərimizi yeni bazara çıxarmağa hazırıq. İdman və sağlam həyat tərzini təbliğ etmək üçün Özbəkistandakı tərəfdaşlarımızla əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”, - “Push30”un baş direktoru Adil Qasımov bildirib.

 

 

A.Qasımov 2010-11-ci illərdə Birləşmiş Krallığın Ekseter Universitetində biznes iqtisadiyyatı üzrə təhsil alıb, 2011-15-ci illərdə London şəhərində yerləşən Siti Universitetində biznes kompüter sistemləri ixtisası üzrə bakalavr, 2015-16-cı illərdə isə həmin universitetin informasiya sistemləri və texnologiyaları ixtisası üzrə magistr təhsili alıb.

 

 

O, tələbə illərindən etibarən sahibkarlıq fəaliyyətinə böyük marağının olduğunu və 20 yaşından fərqli sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirib. Təcrübəli sahibkar və “Kapital Bank”da “Synergy Squad”ın keçmiş rəhbəri Adil Qasımov tərəfdaşları Rəhim Bayramov, Rahul D'Mello və Rəşad Tağıyevlə birlikdə “Integrity Group”u təsis edib.

 

 

“Push30” Azərbaycanda və Özbəkistanda idman və təhsil sahələrinin inkişafına mühüm töhfə verir. Həmçinin, komanda üzvlərinin innovativ yanaşması və təşəbbüskar ruhu bir çox insan üçün ilham mənbəyidir və onların cəmiyyətdə müsbət dəyişikliklər etməsinə təkan verir.

 

 

“Push30”un yaxın gələcək üçün planı Türkiyə, Gürcüstan, Qazaxıstan, Yaxın Şərq və Hindistana ekspansiya edərək sağlam həyat tərzinin inkişafına dəstək verən böyük bir şəbəkəyə çevrilməkdir.

 

 

İdman və sağlam həyat tərzi ilə maraqlanan tələbə və işçilər www.push30.az/app veb-saytına keçid edərək “Push30” tətbiqi ilə tanış olmağa dəvət olunurlar.