Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 15:59:22
“Erməni dilinin tədrisi ilə bağlı kafedralar yaradılmalıdır”- TƏKLİF

Ermənistan Təhsil Nazirliyinin yaydığı məlumata əsasən, bu ölkədə 2022-2023-cü tədris ilində 12 məktəbdə türk dili (Türkiyə türkcəsində), 4 məktəbdə isə Azərbaycan dili (Azərbaycan türkcəsində) tədris olunub.

 

Bildirilib ki, 2022-2023-cü tədris ilində 33 ümumtəhsil müəssisəsində regional dillər öyrədilib: 13 məktəbdə farsca, 12-də türk dili, 4 məktəbdə Azərbaycan türkcəsi, 3-də isə gürcü dili. Daha 400 məktəb regional (türk, Azərbaycan, gürcü və fars) dilləri tədris etmək istədiyini bildirib.

 

 

Ermənistanda Azərbaycan dilinin tədrisinə təkcə orta məktəblərdə deyil, ali məktəblərdə də önəm verilir.

 

Maraqlıdır, bəs Azərbaycanda erməni dilinin tədrisi hansı səviyyədədir? Ümumiyyətlə bu dili bilmək nə dərəcədə zəruridir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı qeyd edib ki, Azərbaycanda erməni dilini yüksək səviyyədə bilən mütəxəsisslərə ehtiyac var:

 

Ermənistanda keçən ildən bəri Azərbaycan dilinin tədrisinə olduqca diqqətli yanaşırlar. Bu ölkədə yalnız orta məktəblərdə deyil, ali təhsil ocaqlarında da Azərbaycan dili, Türk dili və Osmanlı Türkcəsi tədris olunur. Həmçinin, İrəvan Dövlət Universitetində bununla bağlı ayrıca kafedra var. Ermənilər sistemli şəkildə Azərbaycan dili və Türk dilinin öyrənilməsinə böyük əhəmiyyət verirlər. Çünki belə hesab edirlər ki, onların azərbaycanlılar və türklərlə “mübarizə”si daim davam edəcək. Və dil öyrənməklə bu “mübarizə”ni bir az asanlaşdırmaq istəyirlər. Çünki dilimizi bildikdən sonra həm kəşfiyyat işləri, həm də Azərbaycan dilində olan mənbələri oxumaq, onlardan yararlanmaq daha asan başa gələcək. Orta məktəblərdə də Azərbaycan dili və Türk dilinin öyrədilməsinə eyni məqsədlə yanaşırlar.

 

 

Bizdə isə bir az fərqli yanaşma var. Məlum olduğu kimi, Azərbaycanın bir neçə universitetində Erməni dilinin tədrisi var. Lakin bu kafedra səviyyəsində deyil. Yəni, bir neçə universitetdə Şərqşünaslıq fakültəsi var, burada Koreya, Çin, Yapon, Ərəb, Fars və s. dillər öyrənilir. Erməni dilinin tədrisi isə bu səviyyədə deyil. Yalnız tarix fakültəsində həftədə bir neçə dəfə dərs keçilməklə erməni dil öyrədilir. Bu isə yaxşı mütəxəssis hazırlanmasına mane olur. Mənə elə gəlir ki, bu proses erməni dili mütəxəssisi yetişdirmək üçün yetərli deyil. Bakı Dövlət Universitetində Erməni araşdırmaları laboratoriyası da var. Onun quruculuğunda iştirak etmişdim. Amma o da bu araşdırmaları sistem halına gətirməkdə yetəri qədər effekt verməz”.

 

Q.Çaxmaqlı bildirib ki, Azərbaycanda bu sahə ilə bağlı mütəxəssis yetişdirmək üçün universitetlərdə erməni dilinin tədrisi ilə bağlı kafedralar yaradılmalıdır:

 

“Azərbaycanda erməni dilinin yaxşı tədris olunmasını düşünmək lazımdır. Türkiyədəki kimi, kafedralar açıla bilər, ayrıca bölümlər ola bilər. Məsələn, Türkiyənin bir neçə universitetində ayrıca erməni dili və kültürü adlı fakültə var. Və tələbələr bura daxil olaraq, 4 il müddətində təhsil alırlar. Belə olsa, Azərbaycanda da bunun fayda verəcəyini düşünürəm. Biz ermənilərə daha çox maraqlı olmalıyıq. Çünki ermənilər bizə savaş açıblar. Erməni dilində oxuyub, faydalana biləcəyimiz çox geniş mənbələr var. Hətta  o mənbələrdə ermənilərin əleyhinə olan xeyli informasiyalar mövcuddur. Və onlardan istifadə etmək üçün yaxşı mütəxəssislər yetişməlidir. Mütəxəsissləri hazırlamaq üçün də sistemli bir təhsil proqramı lazımdır. Bu isə universitetlərdə məhz bu dil üzrə ayrıca kafedra yaratmaqdan keçir”.