Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-04 10:21:00
Dünənki zəlzələ ajiotaj yaratdı - Təhlükəsizlik qaydalarını bilirikmi?!

Ötən gecə Azərbaycan ərazisində zəlzələ baş verdi. Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Quba, Xaçmaz, Şabran, Siyəzən rayonlarında 6 bala yaxın, Sumqayıt şəhəri, Abşeron yarımadası və onlara yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub.

Dünənki zəlzələ bir sıra məsələləri gündəmə gətirdi: əhali arasında yaranmış ajiotaj bir çoxlarının  təhlükəsizlik qaydalarından xəbərsiz olduğunu göstərdi. 

Eyni zamanda, təhsil müəssisələrində zəlzələ və digər fövqəladə hallarla bağlı tədrisin vacibliyi önə çıxdı.

 

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova zəlzələ təhlükəsi zamanı maarifləndirmə işlərinin aparılmasından danışıb. 

 

“Uşaqların maarifləndirilməsi məsələsi gündəmimizdədir”

 

“Biz, Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura ilə birlikdə belə qərarlaşdırmışıq ki, yanğınsöndürən qurğuları və çıxış pilləkənlərini yoxlayaq. Eyni zamanda, bununla bağlı uşaqların maarifləndirilməsi məsələsi də gündəmimizdədir. Əslində "Həyat bilgisi" fənnində çox qısa da olsa,  fövqəladə hal zamanı davranış qaydaları ilə bağlı məlumat verilir. Təbii ki, bu olduqca səthi məlumatdır və bu istiqamətdə geniş təlimatlandırmaların aparılması vacibdir.

 

Heç kim belə bir fəlakətlə üz-üzə qalmağı istəməz. Ancaq bütün ehtimalları nəzərə alaraq maarifləndirmə işləri aparılmalıdır. Fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı təlimatlandırma işləri gücləndirilməlidir”. 

 

Günel Səfərova təhsil müəssisələrində tədbirlərin həyata keçirilməsində FHN ilə əməkdaşlıq edildiyini bildirib:

“Fəlakət məsələsi gündəmə gəldiyi zaman biz İctimai Şuranın üzvləri olaraq binaların dayanıqlılığı, məktəb heyətinin, şagirdlərin fövqəladə hallarla əlaqədar təlimatlandırılması məsələsini müzakirə edib hansı tədbirlər görəcəyimizi qərarlaşdırdıq. Artıq keçən ildən FHN-nin İctimai Şurası ilə anlaşmışıq ki, bəzi məktəbləri seçərək maarifləndirmə tədbirlərimizi orada reallaşdıraq. Mən özüm təbii ki, bu sahədə ekspert deyiləm. Amma ekspertlərlə birlikdə lazımi tədbirləri həyata keçirə bilərik. Saytınızın bu məsələni gündəmə gətirməsi olduqca faydalıdır. Bu məzmunda informasiyanın verilməsi üçün televiziya verilişlərin hazırlanması da arzuolunandır.

 

Bununla bağlı Amerika təcrübəsinə nəzər salsaq görərik ki, mütəmadi olaraq məktəb uşaqlarının yanğınsöndürmə məntəqələrinə, sığınacaqlara və s. kimi önəmli məkanlara ekskursiyaları təşkil olunur. Bizdə də bu kimi maarifləndirici tədbirlər görülməlidir”.

 

 

Müsahibimiz deyib ki, zəlzələni proqnozlaşdırmaq mümkün olmadığına görə, ən azı sağ qalmaq üçün davranış qaydalarına dərindən bələd olmaq hər bir fərd üçün önəmlidir.

 

“Azərbaycan da seysmoloji zonada yerləşir. Tarix boyu Şamaxıda, Bakıda və s. ərazilərdə zəlzələlər baş verib. Hazırkı situasiyada 2 əsas məsələ gündəmdə olmalıdır: Binaların dayanıqlılığı və maarifləndirmə işləri.

Zəlzələni proqnozlaşdırmaq mümkün olmadığına görə, ən azı sağ qalmaq üçün davranış qaydalarına dərindən bələd olmaq hər bir fərdə önəmlidir. Zəlzələ çantasının hazırlanması, ilkin tibbi yardımın olunması qaydası və s. bunları əvvəlcədən bilmək lazımdır”.