Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-25 12:01:00
Əlilliyi olmayan şagirdlər üçün inklüziyanın üstünlükləri

Əlilliyi olan uşaqlar, yaxud əlilliyi olmayan şagirdlər də istedadlı uşaqlar kimi inklüziv təhsildə üstünlüklər əldə edirlər. Lakin bəzi müəlliflər sübut etməyə çalışırlar ki, bu uşaqlar üçün inklüziyanın üstünlükləri heç də həmişə nəzərə çarpmır. Görünür, belə mülahizələr epizodik faktlara söykənir və xeyli sayda elmi tədqiqatlar onların əsassız olduğunu asanlıqla sübut edə bilər. Beləliklə, bir çox mənbələrdə adi şagirdlər, yaxud istedadlı uşaqlar üçün inklüziyanın aşağıdakı üstünlükləri olduğu göstərilir:

 

  • Əlilliyi olmayan, yaxud istedadlı uşaqlar üçün əlilliyi olan uşaqlarla bir sinifdə olmaq onların müvəffəqiyyətli tədrisi üçün təhlükə daşıyan fakt ola bilməz.

 

  • Əlilliyi olan uşaqların sinifdə tədris prosesini pozduqları barədə təsəvvürlər elmi ədəbiyyatda əsassız hesab edilir. Üstəlik, bir tədqiqatda müəyyən edilmişdir ki, dərsdə müxtəlif əqli və fiziki imkanlı uşaqlara sərf olunan vaxt müəllimin adi şagirdlərə sərf etdiyi vaxtla müqayisə olunandır və dərsdə qeyri-məhsuldar vaxt itkisinin “səbəbi” qətiyyən əlilliyi olan uşaqlar deyil. Aydın olmuşdur ki, dərsdə vaxt itkisinə səbəb inzibati müdaxilələr, dərsdə fəallığın bir növündən digərinə keçilməsi və əlilliyi olmayan uşaqların hərəkətləridir.

 

  • Əlilliyi olmayan və istedadlı uşaqlar tədrisin keyfiyyətinin yaxşılaşdırılması və sinifdə pedaqoji iş texnologiyalarının təkmilləşdirilməsi hesabına təhsilə inklüziv yanaşmada üstünlüklər əldə edə bilərlər. Əlilliyi olan bəzi uşaqlara tədris zamanı yeni təhsil texnologiyaları lazımdır: məsələn, əlilliyi olan uşaqların tədrisi zamanı çox vaxt informasiya texnologiyalarından istifadə etmək lazım gəlir. Digər uşaqlar bu texnologiyalardan istifadə etmək üstünlüyü qazanırlar, bundan başqa, bu proqramlar və texnologiyalar əlilliyi olan uşaqların tədrisi üçün zəruri olmadıqda bütün qalan şagirdlər onlardan istifadə edə bilirlər.

 

  • Əlilliyi olmayan uşaqlar və ya istedadlı şagirdlər inklüziv təhsil zamanı maliyyə resurslarının artırılması hesabına inklüziv məkanlarda üstünlüklər əldə edirlər. Araşdırmaların birində bu mülahizəni təsdiqləyən belə bir əsas misal göstərilir ki, “xüsusi proqramlar” üçün alınmış pullardan təkcə əlilliyi olan uşaqların tədrisinə kömək göstərmək üçün deyil, həm də onların sağlam yaşıdları üçün istifadə oluna bilər. Bu vəsaitdən müxtəlif üsullarla, məsələn, sinifdənkənar fəallığın təşkil edilməsi, sinifdə çıxış etmək üçün qonaqların dəvət olunması, sinfin təkcə əlilliyi olan uşaqlar deyil, bütün uşaqların istifadə edə biləcəkləri əlavə texniki tədris vasitələri ilə təmin edilməsi üçün istifadə oluna bilər.

 

  • İnklüziyanın adi şagirdlər və istedadlı uşaqlar üçün üstünlüyü həmçinin sinifdə əlavə pedaqoji personalın olmasıdır. Çox vaxt əlavə maliyyələşdirmə bilavasitə xüsusi uşaqların müşayiət olunmasının təmin edilməsinə, xüsusi pedaqoqların və yardımçı mütəxəssislərin cəlb edilməsinə yönəldilir. Hər iki halda sinifdə başqa böyüklərin iştirakı sinfin bütün şagirdləri üçün əlavə üstünlüklər yaradır. İnklüziv sinifdə tədris zamanı əlavə pedaqoqların olmasından necə istifadə edilə biləcəyi aşağıda, müvafiq fəsildə müzakirə olunacaqdır.

 

  • Əlilliyi olmayan və istedadlı şagirdlər öz yaşıdlarının tədrisinə cəlb olunmaqla (inklüziv sinifdə tədrisə xüsusi metodiki yanaşma, yəni yaşıdlarına mentorluq etmə) bunda üstünlük əldə edirlər ki, bu yanaşmalar özünüqiymətləndirmə səviyyəsinin və akademik vərdişlərə yiyələnmə keyfiyyətinin yüksəlməsinə kömək edir. Bu uşaqlar “mən-konsepsiyanın”, onların öz prinsiplərinin, sosial bilik və davranışının daha dəqiq formalaşmasını büruzə verməyə başlayırlar. Üstəlik, müəyyən edilmişdir ki, bu metodun istifadə olunduğu tədrisdə iştirak edən uşaqlar belə mentorluqda iştirak etməyən yaşıdlarına nisbətən müəyyən sahədə akademik vərdişlərə daha yaxşı yiyələndiklərini göstərmişlər.

 

  • İnklüziv sinifdə təhsil alan və əlilliyi olmayan uşaqların, yaxud istedadlı uşaqların Brayl dilini və ya jestlərlə nitqi öyrənmək imkanı olur. Bu vərdişlərə yiyələnmə onlar üçün aydın və anlaşıqlı kontekstdə keçir və bu, inklüziv sinifdə təhsil alan uşaqlar üçün əlil uşaqlarla birlikdə oxumayanlara nisbətən daha çox mümkün olur.

 

  • İnklüziv sinifdə əlilliyi olmayan, yaxud istedadlı uşaqlar əlilliyi olan sinif yoldaşlarına hörmət etməyi və onları qiymətləndirməyi, əlilliyin və istedadın arxasında duranları görməyi və fərqləndirməyi öyrənirlər.

 

Qeyd olunmuş məlumatlar Tim Loreman, Joanne Deppeler və David Harveyin İnklüziv təhsil, Sinifdə müxtəlifliyin dəstəklənməsi üçün təcrübi təlimatlar kitabına əsaslanır.