Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-19 10:57:00
Bu gün UNEC-in 93 yaşı tamam olur

Bu gün zəngin tarixə malik, yeni strateji hədəflər və məqsədlər yolunda inamlı addımlarla irəliləyən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 93 yaşı tamam olur.

 

AzEdu.az-ın məlumatına görə, 1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir.

 

Universitet Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq İnstitutunun bazasında yeni yaradılıb. Vaxtilə kiçik bir fakültədən ibarət olan bu ali məktəb indi Azərbaycanın ən aparıcı müəssisələrindən biri olaraq Qafqazın ən böyük ali iqtisadi təhsil ocaqlarından birinə çevrilməklə, ölkəmizdə sənaye, kənd təsərrüfatı, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment kimi mühüm sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlandığı əsas mərkəz hesab olunur.

Universitetin məqsədi gələcəkdə özünü dünya təhsil məkanına inteqrasiya olunan müasir elektron təhsil ocağına çevirməkdir.


UNEC-də 10 fakültə fəaliyyət göstərir, 22 ixtisas üzrə 18 mindən çox tələbə və magistr təhsil alır.

 

1000-dən çox müəllim, o cümlədən sıralarında Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət Mükafatı laureatları, Əməkdar müəllim və elm xadimlərinin olduğu 77 professor, 326 dosent çalışır. UNEC-də dünyanın 12 ölkəsindən olan 850-dən çox tələbə və magistr təhsil alır.

 

Universitetin hazırkı rektoru professor Ədalət Cəlal oğlu Muradovdur. O, Azərbaycan Respublikası Prezidentinin 5 mart 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilib.

 

Ə.Muradov Azərbaycan Prezidentinin 24 sentyabr 2020-ci il tarixli sərəncamı ilə UNEC-in 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.