Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-03 15:09:00
IV qrup üzrə qəbul imtahanı keçirildi - YENİLƏNİB

IV ixtisas qrupu (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda 62 imtahan binası, 1111 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 62 ümumi imtahan rəhbəri, 183 imtahan rəhbəri, 1387 nəzarətçi – müəllim, 189 buraxılış rejimi əməkdaşı, 62 bina nümayəndəsi ayrılıb.

 

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

 

1 nəfər binanın girişində yoxlama zamanı üzərində olan mobil telefonu gizlətməyə cəhd etdiyi üçün imtahana buraxılmayıb. Xatırladaq ki, girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan və ya imtahandan xaric olunanların nəticələri ləğv olunur və onlar yay qəbul imtahanlarına da buraxılmırlar.

 

İmtahanda 18 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

 

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

 

4 iyun saat 15:00-da DİM-in “Youtube” vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm IV, həm də I ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

 

Abituriyentlər suallarını “Facebook”da yerləşdirilən müvafiq postun altına yaza bilərlər.

 

İyunun 4-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

 

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

 

***

3 iyun 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, bu gün həmçinin I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə də imtahan keçirilir.

 

İmtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran və Xaçmazda təşkil olunur.

 

İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

 

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

 

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

 

- İmtahana buraxılış vərəqəsi;

 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

 

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

 

İmtahan keçirilən şəhər və rayonlarda 62 imtahan binası, 1111 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 62 ümumi imtahan rəhbəri, 183 imtahan rəhbəri, 1387 nəzarətçi–müəllim, 189 buraxılış rejimi əməkdaşı, 62 bina nümayəndəsi ayrılıb.

 

İmtahanda 14683 (IV qrup 5576, I qrup – informatika 9107) abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 12942 (IV qrup 4774, I qrup – informatika 8168) nəfər Azərbaycan, 1741 (IV qrup 802, I qrup – informatika 939) nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 7108 nəfəri oğlan, 7575 nəfəri isə qızdır. 13206 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 1297 nəfər əvvəlki illərin məzunudur. 25 nəfər ali təhsil müəssisələrinin, 155 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 93 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1971-ci ildən, ən gənci isə 2007-ci ildəndir.

 

İmtahanda 18 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

 

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil 26 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.