Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-27 17:10:00
Nazirliyin sektor müdiri müəllimlərin summativ narahatlığına toxundu – “Tam ləğv olunmayıb, əksinə...”

“Burada mürəkkəb heç nə yoxdur. Hər biri mövcud, qüvvədə  olan qaydalardır. Sadəcə, indi daha faydalı olurlar. Ona görə də hansısa çaşqınlıqdan söhbət gedə bilməz”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyinin  sektor müdiri Vidadi Bağırov  summativ qiymətləndirmələrə edilən dəyişikliklər barədə danışarkən deyib. O, I siniflərdə summativlərin ləğv olunmasına səbəb kimi şagirdlərin yaş xüsusiyyətləri, psixoloji durumlarını göstərib:

“I siniflər məktəbə yeni qədəm qoyurlar. Birdən-birə onların belə yüklənməsini məqsədə müvafiq bilmədik”.

O qeyd edib ki, dəyişikliklər  əvvəlki qaydalara uyğun olaraq edilib. Sadəcə, bəzi proseduralarda dəyişiklik yaranıb:

“Məktəbdə gedən daxili  proseslər, şagirdlərin qiymətləndirilməsi  yalnız summativlə ölçülmür. Məktəbdaxili qiymətləndirmənin digər növləri də var. Diaqnostik, formativ qiymətləndirmənin də hər birinin özünəməxsusluqları var. Bununla bağlı valideynə də, uşağa da məlumat verilir. Summativ sadəcə son nailiyyətin ölçülməsidir.

Hər təhsil səviyyəsinin sonuncu sinfində, yəni IV, IX, XI siniflərdə bütün fənlərdən böyük summativ qiymətləndirmələr olacaq. Amma X sinifdə şagirdlər tam orta məktəbin buraxılış  sinfində hansı fəndən imtahan verəcəklərsə, yalnız onlardan BSQ keçirilir. Hansı fəndən o imtahan nəzərdə tutulmursa, onlardan BSQ olmur. Amma KSQ qalır. Summativ tamamilə ləğv olunmayıb”.

Yeni qaydaların şagird və valideynlərdə çaşqınlıq yaratmasına gəldikdə isə sektor müdiri bildirib ki, burada mürəkkəb heç nə yoxdur. Hər biri mövcud, qüvvədə olan qaydalardır. Sadəcə, indi daha faydalı olurlar. Ona görə də hansısa çaşqınlıqdan söhbət gedə bilməz.

O, summativ qiymətləndirmənin nəticələri nəzərə alınarsa formativ qiymətləndirmə və şagird gündəliyinin nə dərəcədə rol oynamasından da söz açıb:

“Gündəlik  valideynlə bir əlaqədir. Konkret qiymətləndirmə jurnalı yoxdur. Formativ qiymətləndirmədə müəllim özü üçün qeydlər aparır, valideynə yazır, şagirdin portfeliosuna qoyur və s. Amma o, jurnala yazılmır. Formativ qiymətləndirmə üçün jurnal yoxdur. Əvvəllər olsa da, artıq nəzərdə tutulmayıb”.

Vidadi bAğırov son olaraq bildirib ki, qaydalar üzərində iş tamamlansa da, onlar hələ tətbiq olunmayıb. Təsdiq üçün olan prosedurlardan keçir. Tətbiq olunandan sonra tətbiqi ilə bağlı göstərişlər ola bilər.

Qeyd edək ki, məktəbdaxili qiymətləndirmə əvvəlki kimi diaqnostik, formativ və summativ olmaqla 3 növdən ibarət olacaq. Əsas dəyişikliklər  summativ qiymətləndirmələr  və onların formatı ilə bağlıdır. Belə ki, I siniflərdə summativ qiymətləndirmə nəzərdə tutulmur. II-III siniflərdə kiçik summativlər nəzərdə tutulsa da, böyük summativ qiymətləndirmə aparılmayacaq. IV sinifdə isə bütün fənlərdən həm KSQ, həm  də BSQ keçiriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları