Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-27 11:36:00
“Minlərlə müəllim summativlərin deyil, gündəlik qiymətləndirmənin tərəfdarıdır, ona görə də...”- TƏKLİF

“Əksəriyyət sevinir ki, Böyük Summativ Qiymətləndirmənin məsuliyyətindən canları qurtarıb”.

“Klassik üsul ən gözəl qiymətləndirmədir. Uşaq jurnalda qiymət görmədikdə həddindən artıq məsuliyyətsiz olur”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Fizika müəllimi Mehparə Abdullayeva deyib. O, summativlərə edilən dəyişikliklərə bağlı danışarkən bildirib ki, bu barədə məktəb müəllimləri ilə də müzakirələr aparılıb. Aydın olub ki, onlar hamısı I siniflərdə summativlərin keçirilməməsinin tərəfdarıdırlar:

“Çünki I sinif uşağı hələ hərfləri təzə öyrənir. Buna görə də onlara yuxarı siniflər kimi summativ tətbiq edilməsi lazım deyil. Amma bunun əvəzində, gündəlik qiymətləndirmə tətbiq etmək olar. Bölmə bitəndə summativləri nə iləsə əvəz etmək daha doğru olardı. Heç olmasa, summativləri hərflər bitəndən sonra keçirmək olar.

Düzdür, uşaqlar məktəbə hazırlıq keçib gəlirlər. Amma yenə də I sinif olduqlarına görə çətinlik çəkirlər. Hər şeydən öncə elə summativlərin həyəcanı onlara ağır gəlir”.

“Klassik üsul ən gözəl qiymətləndirmədir”.

“Mən şagirdin gündəlik qiymətinin jurnalda əksini tapmasının tərəfdarıyam. Yəni, klassik üsul ən gözəl qiymətləndirmədir. Formativ qiymətləndirmə var, amma jurnala yazılmır, yalnız şagirdin gündəliyində əksini tapır.

Onun uğurlu olmasına bir misal çəkim: Bir dəfə uşaqlara tapşırıq verdim.  Onu yerinə yetirənlər üçün təşəkkürnamə hazırladım. O təşəkkürnaməni almayan  uşaqlar ağlayırdılar ki, kaş biz də edərdik. Halbuki adi təşəkkürnamə idi. Yəni, uşaq zəhmətinin  bəhrəsini görsə, bilsə ki, onu gündəlik qiymətləndirirlər, oxumağa həvəslənir. Buna görə də əminəm ki, mənim kimi minlərlə müəllim gündəlik klassik qiymətləndirmənin tərəfdarıdır. Gündəlik qiymətləndirmə jurnalda öz əksini  tapsa, daha çox effekt görəcəyik, nəinki summativlər”.

Onun fikrincə, summativlə qiymətləndirmə  heç də düzgün yanaşma deyil:

“Bəzən görürük ki, şagird şifahi sorğu-sualda cavab verə bilmir. Köçürmə halı və ya təsadüfən ola bilir. Bəzən isə şagird müəllimə diqqət yetirir, deyilənləri yadında saxlayır və yazır. Amma fikrini şifahi ifadə edə bilmir”.

Summativlərin hansı zərurətdən tətbiqinə gəldikdə isə müəllim bildirib ki, bu, kurikulum üsulu ilə bağlıdır:

“Kurikulumda qiymətləndirmə belə gedir. Amma hər şey öz əllərindədir. İstəsələr, yenə də qiymətləndirməyə əlavə və dəyişikliklər edə bilərlər. Qiymətləndirməni şifahi formada etmək olar”.

“Summativ yazılır, şagird arxayın oturur ki, yarımildə qiymət alacaq”.

“Uşaq jurnalda qiymət görmədikdə həddindən artıq məsuliyyətsiz olur. Mən bunun bütün məsuliyyətini boynuma götürüb deyirəm. İndi  ara siniflərdə şagirdi 3 KSQ ilə qiymətləndirirlər. Orada da eyni hal baş verir. Çünki əvvəl KSQ-nin də məsuliyyəti, həyəcanı vardı. İndi isə bölmə bitir, KSQ keçirilir, şagird arxayın oturur ki, yarımildə qiymət alacaq”.

O qeyd edib ki, əksər valideynlər olunan dəyişikliklərə görə sevinirlər:

 “Onsuz da istənilən  yenilik öncə  insanlarda çaşqınlığa səbəb olur. Bu, normaldır. Amma müşahidələrimə əsasən deyə bilərəm ki, əksəriyyət dəyişiklərə sevinir. Çünki Böyük Summativlərin məsuliyyətindən canları qurtarıb. Amma mən əksini düşünür, hətta istəyirəm ki, qiymətləndirmə tez-tez keçirilsin. Bəzi məktəblərdə vərəqləri, madiyyatı valideyn qarşılayır. Bu baxımdan düşünürlər ki, vərəq az sərf olunacaq. Amma ümumi götürdükdə şagird gündəlik qiymətləndirilməlidir. Bunun başqa yolu yoxdur.

Onsuz da formativ qiymətləndirmə edir, çalışırıq ki, qiyməti gündəliyə yazıb formativ jurnalımıza qeyd edək. Amma bu, dövlət sənədi olmur. Qiymətləndirmə dövlət səviyyəsində əksini tapmalıdır. Hansı üsulla olmasının fərqi yoxdur”.

Sual oluna bilər ki, əgər gündəlik qiymətləndirmə çıxarılıbsa, formativ jurnal, gündəlik nə dərəcədə əhəmiyyətlidir və niyə tələb olunur?

Müəllim bu problemi nəzərə alıb, alternativ variant da təklif edib:

“O gün rəhbərlikdən xahiş etdim ki, sinif rəhbərlərinə göstəriş versin, hər sinfin köhnə qayda ilə jurnalı olsun.  Qiymətləndirməni onunla aparaq. Summativlər isə dövlətə rəsmi cavab vermək, yarımil, illik qiymət yazmaq üçün tətbiq olunsun. Gündəliyə qiymət yazılır, amma jurnal kimi öz əksini harada tapır? Bu doğru deyil axı. Biz KSQ-ləri toplayıb orta qiymət çıxarır, yarımili yazsaq da,  o, heç bir rol oynamır. Sadəcə valideyn uşağının müvəffəqiyyətini görür. Formativ jurnal qiymətləndirməsi isə ləğv olunub”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları