Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-05 09:56:00
Polis Akademiyasına sənəd verənlər universitetlərə qəbulda iştirak edə bilər? - Rəsmi CAVAB

Azərbaycanda fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsi xüsusi təyinatlı hesab olunur. Bu müəssisələrdən biri də Daxili İşlər Nazirliyinin Polis Akademiyasıdır.

 

Polis Akademiyasına qəbulla bağlı abituriyentlər tərəfindən müxtəlif suallar verilir.

 

Verilən suallardan biri ondan ibarətdir ki, Polis Akademiyasına sənəd verdikləri halda başqa ali təhsil müəssəsinə qəbulda iştirak edə bilərlər?

 

AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, xüsusi təyinatlı ali təhsil müəssisəsinə sənəd verən abituriyent (həmin ali təhsil müəssisəsinin təşkil etdiyi yoxlamalardan uğurla keçdiyi təqdirdə) ilk növbədə bu ali təhsil müəssisəsinin ixtisası üzrə müsabiqədə iştirak edir. Xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul olunan abituriyent digər ali təhsil müəssisələrinin ixtisas seçiminə buraxılmır.

 

Xüsusi təyinatlı ali təhsil müəssisəsinin müsabiqəsindən keçməyən abituriyentlər isə müsabiqə şərtlərini ödədikləri halda, digər ali təhsil müəssisələrinin ixtisas seçimində iştirak edə bilərlər.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil üçün sənəd qəbulu 23 mart tarixində başa çatıb.