Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-26 15:11:36
“Müəllimlər repetitor kimi işləmək üçün Bakını seçirlər”

Müəllimlərin işə qəbulu imtahanından yüksək nəticə göstərənlər adətən Bakıda fəaliyyət göstərməyi seçirlər. Müşahidələr onu göstərir ki, rayonlarda fəaliyyət göstərən müəllimlərin çoxu MİQ-dən bir qədər aşağı bal toplayanlardır.

 

Maraqlıdır, yüksək nəticə göstərən müəllimlərin rayonlarda fəaliyyət göstərməsi  üçün nələr etmək lazımdır?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, Müəllimlərin işə qəbulu müsabiqəsində yüksək bal toplayanlar adətən mərkəzi şəhərləri - Bakı, Sumqayıt, Gəncə kimi yerləri seçirlər:

 

“Həmin şəhərlərdə yaşayanlar çoxdur və müəllimlər adətən evinə yaxın ərazidə işləmək istəyirlər. Digər amillərdən biri də repetitorluq fəaliyyətidir. Bu, şəhərlərdə daha geniş yayılıb və müəllimlər həmin şəhərlərə düşməklə repetitorluq fəaliyyəti ilə məşğul olub, əlavə qazanc imkanları əldə etmək istəyirlər. Bu baxımdan daha yüksək bal toplayanlar təbii ki, şəhər yerlərini seçirlər”.

 

Ekspert qeyd edib ki, müəllimlərin kənd məktəblərində işləməsi üçün əlavə stimullaşdırıcı tədbirlər görülməlidir.

 

“Nazirlər Kabinetinin 14 fevral 2010-cü il tarixli 67№li qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olan gənc kadrların stimullaşdırılması ilə bağlı müəyyən tədbirlər həyata keçirilib.

 

Belə ki, 20 kilometrdən rayon mərkəzinə uzaqda olanlara 190 manat, 20 kilometrə qədər olanlara isə 100 manat əlavə verilir. Lakin çox təəssüflər olsun ki, bu qərar 35 yaşa qədər olan müəllimlər bir dəfə istifadə edə bilirlər. Hesab edirəm ki, bu məbləğ çox azdır, ən azı 3 dəfə artırmaq daha effektiv olar”, - deyə fikrini yekunlaşdırıb.