Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-20 12:10:00
“Summativlər ləğv olunmalıdır, əlavə stressdir” – Müəllimlərdən gözlənilməz təkliflər

“3 ildir ki, eyni testlər təkrarlanır. Artıq valideynlər də testləri əzbərləyib”.

Hazırda məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar hazırlanır. "Ümumi təhsil pilləsi üzrə təhsilalanların qiymətləndirilməsi (yekun qiymətləndirmə istisna olmaqla) qaydaları” adlanan bu layihədə qiymətləndirmə ilə bağlı bir sıra köklü dəyişikliklər həyata keçiriləcək.

Onların konkret nədən ibarət olacağı barədə isə rəsmi məlumat verilməyib. AzEdu.az summativlərə ediləbiləcək dəyişikliklərlə bağlı müəllimlərin təkliflərini öyrənib:

“Yüzlərlə şagirdə dərs demişəm. Görürəm ki...”

Mövzu ilə bağlı AzEdu.az-a danışan İsmayıllı rayon İstisu kənd orta məktəbinin ibtidai sinif müəllimi Şahid Muradlı bildirib ki, summativlərin azaldılması doğru olardı:

“İbtidai siniflərdə summativlərin azaldılması ilə bağlı yeniliyin tərəfindəyəm. Hətta I sinifdə ümumiyyətlə, summativlərin keçirilməməsini istəyirəm. Onların azaldılması belə yaxşıya doğru bir addımdır.

Mən I sinfə dərs deyirəm. Görürəm ki, summativ uşaqlar üçün əlavə stressdir. Biz müəllimlər bunu maksimum azaltmağa çalışırıq. Amma yenə də stress yaşayırlar”.

“Azyaşlılar şablon çıxışlara yönəlirlər, summativlər isə...”

Gənc müəllim testin ləğvi istəyini əsaslandırsa da, summativlərin üstünlüyünü də danmır:

“Yəqin ki, qərarın birbaşa və radikal olmaması üçün summativlər öncə I siniflərdə ləğv edilər. Gələcəkdə isə bütün siniflərdə ləğv olunacağını düşünürəm.

Açıq tipli suallar hazırlayır, uşaqları testdən uzaq tutmağa çalışırıq. Belə olduqda uşaqlar öz fikirlərini sərbəst ifadə edirlər. Test şagirdləri müəyyən çərçivədə saxlayır. Azyaşlılar adətən şablon çıxışlara yönəldiklərinə görə, açıq suallar onlar üçün daha vacibdir. Açıq suallar onların daha maraqlı fikirləri ortaya çıxarır.

Summativlərin üstünlüyü müəllimə qiymətləndirmədə kömək etməsidir.  Müəllim bölmə ərzində uşağa nə verdiyini görə bilir, daha nələr edə biləcəyi haqda düşünür. Amma fikrimcə, summativ anlayışı sırf testdən ibarət olmamalıdır”.

Qaradağ rayonu Qobustan qəsəbəsi  195 saylı orta məktəbin ibtidai sinif müəllimi Aynur Cavid isə I siniflərdə summativ keçirilməsinin tam əleyhinədir:

“Uşaq müəyyən müddətəcən oxuya bilmir. Testin şərtində isə verilir ki, filan fərqə əsasən seç. Axı uşaq heç hələ testi düzgün oxuma vərdişinə sahib deyil. Heç normativlərdə də yoxdur ki, o, bu yaşda oxumalıdır. I sinifdə test tipli deyil, məntiqi müşahidəyə əsaslanan şifahi suallar olsa daha yaxşı olar”.

“Dərsdən çox az qala testlə məşğul oluruq”

Müəllim əlavə edib ki, üstəlik bu imtahanlar uşaqlarda depressiyaya səbəb olur:

“Bilirik ki, təhsilin ibtidai sinif pilləsində ümumiyyətlə imtahan yoxdur. summativlərin  IX-XI siniflərdə olması daha məqbuldur, nəinki, ibtidai sinif. Az qala dərsdən çox testlə məşğul oluruq. Hər 6 dərsdən bir testlərin olmasına nə qədər kağız sərf olunur. Hamısı da eyni testlərdir. Əksər müəllimlər yeni test hazırlamır, onları kitabdan “kserekopiya” edir, -surətini çıxarır.

Testlər bütün uşaqların səviyyəsinə uyğun deyil. Aradakı müddət az olduğuna görə hər uşağa uyğun xüsusi testləri tərtib etmək heç mümkün də deyil. Uşaqların səviyyəsi eyni deyilsə, onları eyni test əsasında müqayisə etmək düzgün deyil”.

Valideynlərinin də əzbər bildiyi testlərlə imtahan olunan şagirdlər...

Gənc müəllimin fikrincə, summativ şagirdlərin süni qiymət almasına səbəb olur:

“Ümumiyyətlə, testin əleyhinəyəm. Başqa tipli imtahanlar olmalıdır. Uşaqları əzbərə alışdırırıq. Valideynlər özləri də müəllimlər üçün vəsaitləri tapıb summativlərə baxır, uşağı evdə öyrədirlər. Uşaqlar süni qiymət alırlar. Onsuz da müəllim şagirdlərinin səviyyəsini bilir. IX sinfə qədər imtahanların olması xoşagələn hal deyil. Uzağı hər sinfin sonunda səviyyəni bilmək üçün imtahan keçirmək olar.

Yüzlərlə şagirdə dərs demişəm. Görürəm ki, bu testlər bir fayda vermir, şagirdlərdə boşuna qorxu yaradır. Sünilik yetərincədir.  3 ildir ki, eyni testlər təkrarlanır. Artıq uşaq, valideyn, müəllim-hamı testləri əzbərləyib.

Amma summativ ildə bir dəfə olsa, hərə özü üçün açıq tipli və orijinal testlər yaradar. Müavinlərin köməyi ilə hər sinif üçün bir test hazırlamaq da olar”.

Qeyd edək ki, summativlər şagirdlərin biliyini qiymətləndirmə meyarı hesab olunur. Böyük və kiçik olmaqla iki formada keçirilir. Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə isə ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır. 6 həftədən bir keçirilən qiymətləndirmə meyarlarına müəyyən dəyişikliklər olunması nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları