Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 11:24:04
Deputatlar diplomların tanınmamasından danışdılar

Ali təhsil müəssisələrində yataqxanalarla bağlı vəziyyət əsas problemlərdən biridir.

AzEdu.az xəbər verir ki, bunu deputat Musa Qasımlı Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib.

M.Qasımlı təhsilin sağlamlaşdırmasının vacibliyini bildirib.

M.Qasımlı xaricdə təhsillə bağlı məsələyə də toxunub. “Vətəndaşlarımız gedib xaricdə təhsil ala bilərlər. Bu, onların hüququdur. Bəs biz necə edək ki, universitetlərə qəbul hamı üçün əlçatan olsun, həm də universitetlər keyfiyyətli kadr buraxsın", - deyə o qeyd edib.

M.Qasımlı deyib ki, bu gün valideynlər tələbələrin xaricdə təhsil alması üçün sponsora çevrilir. 

"Amma həmin tələbələr təhsillərini bitirdikdən sonra ölkəyə qayıdanda onların diplomları tanınmır. Beləliklə, nazirliyin işləri məhkəmələrdə qalır. Bu da yaxşı hal deyil. Bununla bağlı problemi həll etməliyik”, - deputat bildirib.

 
Deputat Ceyhun Məmmədov da deyib ki, "Ali təhsil haqqında" qanun layihəsində müddəalardan biri də xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlıdır.

O qeyd edib ki, çoxlu sayda tələbə bu məsələdən əziyyət çəkir.

“Onlarla tələbə mənə müraciət edir ki, nazirlik diplomlarımızı tanımır. Bununla bağlı qanunvericilik sahəsində işlər görülməlidir. Həll olunmadıqda isə vətəndaşı dövlətdən narazı salır. Bir şeyi də qeyd edim ki, bu qanunun qəbul olunması üçün biz azı 20 il gecikmişik. Təhsil sahəsində problemlər həll olunmadığına görə, bu gün hətta ölkədə elmə gəlmək istəyənlər də yoxdur”,- deyə deputat bildirib.