Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-09 10:51:00
Zaman bir daha gəlməmək şərti ilə gedir... - AÇIQLAMA

 “Deyirəm, kaş təzədən bir məktəbli olaydım, barmaqları ömürlük mürəkkəbli olaydım.”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Nadir İsrafilov deyib.

 

Dəyərlər dəyişib, yoxsa dəyərlərə münasibətimiz çılızlaşıb…? Əslində,  özlüyümdə bu sualın cavabını bilsəm də, hər 8 mart günü istər - istəməz istəməz nostalji hisslərə qapılıram, “Deyirəm, kaş təzədən bir məktəbli olaydım, Barmaqları ömürlük mürəkkəbli olaydım.”

 

Uzun illər keçməsinə baxmayaraq, bugünki kimi yadımdadır, məktəbə yeddi yaşından gedərdik. Bu yaşa qədər isə şən və qayğısız uşaqlıq həyatını yaşayardıq. Sanki dövlət də, elə cəmiyyətin hər bir üzvü də “xəstə tələsər, armud vaxtında yetişər” el məsəlini bilirmiş kimi, bu prinsipə ciddi yanaşardılar. Məktəb seçmək, övladını yaxşı müəllimin sinfinə qoymaq valideynlərimizin ağlına belə gəlməzdi. Çünkı, “elit məktəb” vardı, nə də repetitor anlayışı. Bütün məktəblər eyni səviyyədə, bütün müəllimlər eyni hazırlıqda idilər.Hətta, vahid məktəbli formasının olmasına baxmayaraq, buna heç bir məcburiyyət yox idi. Lakin, valideynlərə övladlarını imkan daxilində  məktəbə “üst ağ, alt qara” geyim dəstində gəlmələri tövsiyə olunurdu.

Bütün yazı işləri mil-mil və damalı deyilən iki qəpiklik dəftərlərdə aparılardı. Dərslik komplektindən savayı yeganə əlavə tədris vəsaiti “hüsnxətt” dəftəri idi ki, bu da hərflərin yazılış qaydalarına ciddi riayət olunmasına xidmət edərdi. Nisbətən zəif oxuyanlar, “zərbəçi”, zərbəçilər “əlaçı” olmaq üçün yarışa qoşulardılar. Hərə, bir vəzifə daşıyardı. Kimi, sinifkom, kimi təmizkom, kimi sinif və məktəb divar qəzetinin redaksiya heyyətinin üzvü seçilərdi.  Dərsdən sonra kiçik istirahət edib, hərə bir yerə - kimi, fakultativ məşğələyə, kimi özfəaliyyət kimi  dram, dərnəklərinə, kimi də böyük coşqu ilə digər məktəbdən kənar tədbirlərə can atardı. Kimə təəccüblü və qeyri adi görünsə də, yeganə qorxumuz valideyn iclaslarında sinif rəhbərinin barəmizdə nə deyə biləcəyi idi. Valideynlərimiz yaxşı və pis oxumağımıza dözümlü olsalar da, “şuluq” salmağımıza biganə qalmırdılar.

 

“8 mart Beynəlxalq qadınlar bayramı” ərəfəsində kitab mağazalarına, qəzet köşklərinə üz tutub, müəllimləri təbrik etmək üçün daha münasib və nəfis “otkrıtka” seçiminə çıxardıq. Xətti pis olanlar öz ürək sözlərini böyük qardaş və bacılarına yazdırardı. İmkan olan yerdə isə, kiçik emalatxana rolunu oynayan xüsusi köşklərdə xəttatlara müraciət edilərdi. Sonralar öyrəndik ki, bu “otkrıtka” adlandırdığımız üç qəpiklık əlvan karton parçasına dilimizdə “açıqça” deyilirmış. İmkan daxilində müəllimə ən böyük hədiyyəmiz o zamanlar dəbdə olan "Красная Москва" və Polşa istehsalı olan «Может быть», «Быть может…» duxiləri olardı. Bu 3 və 2 rubla olan ətir məmulatını müəllimin qəbul edib-etməyəcəyini fikirləşməkdən gecəni səhərəcən gözümüzə yuxu getməzdi. Hədiyyəni qəbul edərkən müəllimin təbəssümlə başımıza sığal çəkməsi, ən xoşbəxt anlarımızdan biri idi. Müəllim sözü, sözün bütün mənalarında bizim üçün böyük nüfuz simvolu, şəxsiyyət etalonu idi.

 

Sonralar, artıq Təhsil şöbəsində və paytaxtın Təhsil idarəsində çalışarkən, dəfələrlə 8 martla bağlı ərizə və şikayətləri araşdırmalı olduq, məsələyə fərqli yanaşmalara şahidlik etdik. Bəlkə də mənim heç də tam olmayan, sadəcə olaraq bir anlığa yadıma düşən bir neçə xatirəmin heç üç qəpiklik dəyəri olmamasını düşünənlər də olsun. Çünki, artıq dəyərlər dəyişib, dəyərlərə münasibət başqalaşıb. Bircə onu deyə bilərəm ki, dəyərləri dəyişən də, ona qiymət verən də elə özümüzük. Son bir neçə onillikdə məktəb-ailə münasibətləri sahəsində nə qazandığımızı və nə itirdiyimizi zaman göstərəcək. Lakin, zamanın öhdəsinə nəyi buraxıb, nəyi buraxmamaq daha böyük ölçüdə bizim öhdəmizə düşür. Elə olmasın ki, bir gün bir vaxtlar məktəbə, müəllimə göstərdiyimiz isti münasibətin, bir daha həsrətini çəkməli olmayaq.

 

“Başım ağarıbsa da, deyilsəm də mən cavan,

 

Yanımda bir müəlim adı çəkilən zaman,

 

Tez ayağa qalxıram bir məktəbli uşaqtək

 

–Müəllimə həmişə, hər yerdə hörmət gərək.