Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-07 11:02:00
Elmi dərəcə ala bilməyənlərin nəzərinə...

Prezident yanında Ali Attestasiya Komissiyası yanvar ayı üçün elmi dərəcələr, elmi adlar verilməsi, nostrifikasiya və təkrar attestasiya haqqında hesabatını yayınlayıb. AAK-ın yanvar ayı üçün təqdim etdiyi hesabatda ən çox diqqəti çəkən nüans iddiaçılara elmi ad və dərəcə verilməsindən imtina edilməsidir.

 

Bu sualla bağlı AzEdu.az-a açıqlaçmasında Bakı Dövlət Universitetinin dosenti, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru Əlimusa İbrahimov bildirib ki, imtinanın müxtəlif səbəbləri ola bilər:

 

"Elmi ad və dərəcələrin verilməsindən imtina müxtəlif səbəblərdən ola bilər. Bu səbəblər içində dissertasiya işinin AAK-ın tələb etdiyi qaydalara cavab verməməsi, dərc olunan məqalələrin yetərli olmaması və ya təqdim olunan jurnalların elmi səviyyəsinin yüksək olmaması, əksinə anti-plagiat səviyyəsinin tələb olunandan daha yüksək olması daxildir. Qeyd etmək istərdim ki, istənilən dissertasiya işinin tərtib olunmasında nöqsan və çatışmazlığa rast gəlmək mümkündür. Bunlar iki yerə bölünür: Aradan qaldırılması mümkün olan və mümkün olmayanlar, Ali Attestasiya Komissiyasında çalışan mütəxəssislər, komissiyaların üzvləri və ekspertlər hər zaman iddiaçıya dəstək olaraq asan və aradan qaldırılması mümkün olan nöqsanların düzəldilməsinə yardım edirlər". 

 

Ə.İbrahimov qeyd edib ki, bir dəfə imtina alan şəxslər yenidən müraciət edə bilərlər:

 

“İddiaçıya elmi ad və elmi dərəcə verilməsindən imtina olunması onun bu adları heç vaxt almayacağı anlamına gəlməməlidir. Bir dəfə imtina almış tədqiqatçı bununla bağlı appelyasiya ərizəsi yaza və imtinanın səbəbləri ilə razılaşmadığını ifadə edə bilər. Bu zaman onun ərizəsinə və tədqiqat işinə müvafiq komissiyada yenidən baxılır və iddiaçının irəli sürdüyü tələblər öyrənilir”.