Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-24 16:08:00
Məbləğ miqdarı normal olarsa, müəllimlərin təqaüd yaşı 55-60 arası nəzərə alına bilər- Sona Əliyeva

 

“Verilən miqdar normal məbləğdə olsa, müəllimlərin təqaüd yaşının 55-60 arası nəzərə alınması uyğun ola bilər”

 

Şübhəsiz ki, müəllimlik ən çətin və məsuliyyət tələb edən peşələr arasında xüsusi mövqeyə sahibdir. Müəyyən yaş qrupları arasında davamlılığı, təhsilalanların öyrənmə bacarıqlarının müxtəlifliyi və s. nəzərə alaraq bu peşə nümayəndələrinin enerjilərinin zaman keçdikcə öz yerini zehni, psixoloji və fiziki olaraq yorğunluğa verməsi təbii olaraq qaçınılmazdır.

 

Eyni zamanda dəyişən dövr, texnoloji və elmi yeniliklər, tətbiq medotlarının müxtəlifliyi, yeni təhsilalanların xarakter və xüsusiyyətlərinin tez-tez dəyişməsi gənc pedaqoq enerjisinin zaman keçdikcə yetkinlik və ciddi təcrübəylə əvəzlənən müəllimlərin istər-istəməz yeni nəsillə ayaqlaşmasını nisbətən çətinləşdirir. Bu onlarda daha çox yorğunluqla, hətta bəzən sağlamlıqlarında müəyyən problemlərin yaranması ilə müşahidə olunur.

 

Belə olan halda müəllimlərin təqaüd yaşının endirilməsi müzakirə oluna bilərmi? Əgər mümkündürsə bu hansı hallarda nəzərə alına bilər?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva bir çox müəllimlərin uzunmüddətli işləmələrinin səbəbinin maddi çətinlik olduğunu bildirib:

 

“Ümumiyyətlə təhsil çox ağır və zəhmət tələb edən bir sahədir. Bu baxımdan müəllim peşəsinin nümayəndləri digər peşə işçilərinə  nisbətən daha tez yorulurlar,çünki davamlı zehni, intellektual işlə məşğul olurlar. Təqaüd çıxmaq məsələsi isə belədir ki, gərək o təqaüd kifayət qədər yaxşı olsun ki, müəllimlər də rahat şəkildə bundan yararlana bilsinlər. Bir çox müəllimlərin də uzunmüddətli işləmələrin səbəblərindən biri maddi çətinliklərdir. Nəzərə alsaq ki, müəllimlərin təqaüdləri o qədər də yüksək deyil, o baxımdan düşünürəm ki, bu peşə nümayəndlərinin təqaüd yaşının 60 olması uyğun olar. Amma yenə də burada əsas məsələ təqaüd miqdarının normal məbləğdə olmasıdır ki, onlar uzun peşə fəaliyyətindən sonra rahatlıqla istirahətə yollana bilsinlər. Əgər belə bir imkanın yaradılması mümkündürsə, müəllimlərin təqaüd məsələsinə yenidən baxılmalıdır”.

 

Pedaqoq təqaüd yaşı kimi 55-60 arasının uyğun hesab edilə biləcəyini qeyd edib:

 

“Bildiyimiz kimi hüquqi sistemdə 25 il staj müddətindən sonra təqaüdə çıxmaq imkanı mövcuddur. Amma təhsil sahəsində çalışanlarla bağlı bu istiqamətdə hər hansısa bir qanunvericlik formatı yoxdur. Bu halda həmin şəxslər adi vətandaş kimi yaş həddinə çatdıqda təqaüdə çıxırlar, bu bütün dünyada belədir. Amma mən düşünürəm ki, 55-60 yaş arası uyğun hesab edilə bilər. Ancaq təbii ki, bu bizim istəyimizlə deyil, bu istiqamət üzrə təhsil ictimaiyyəti arasında sorğu apararaq  mövzu ilə bağlı fikirləri öyrənmək lazımdır”.

 

Əgər təqaüd miqdarı yaxşı olarsa, düşünürəm ki, yaşlı nəslin müəyyən bir qismi rahatlıqla təqaüdə çıxmağa qərar verər, nəinki təhsildə qalıb davam etməyə:Çünki təhsil sistemi ağır olmaqla bərabər, yenilikləri, sistemdə baş verən ümumi dəyişiklikləri nəzərə alsaq təbii olaraq onlar üçün işləmək nisbətən çətin olur. Əlbəttə, uyğunlaşanlar, bu istiqamətdə uğurlu fəaliyyət göstərənlər də var, amma çətinlik çəkənlər də az deyil. Bu baxımdan təqaüd məsələsinin diqqət mərkəzində saxlanılması arzuolunandır.

 

Pedaqoq gənc müəllimlər üçün  keyfiyyətli hazırlıq səviyyəsinin vacibliyinə diqqət çəkib:

 

“Yaxşı müəllim olmağın yaşı yoxdur, bu birmənalı olaraq belədir. Əgər Azərbaycan təhsil sistemi yaxşı müəllim hazırlaya bilirsə, xüsusilə gənc müəllimlərin hazırlığını yüksək səviyyədə həyata keçirmək mümkün olursa, bu zaman müəllimin yaşlı, yaxud gənc olmasının elə bir zəruriliyi yoxdur. Əsas məsələ bu hazırlığı yüksək səviyyədə həyata keçirməkdir. Elə müəllim var onu təcrübə formalaşdırır, ancaq elə müəllim də var ki, anadangəlmə bu xüsusiyyətlərə malikdir, pedaqoqluq onun fitrətindədir, yaxşı öyrətməyi bacarır. Ancaq elə də yaşlı müəllim var ki, məktəbdə olmaması olmasından daha xeyirlidir”

 

Son olaraq o,-“Hər bir müəllim individiual şəxsdir və bacarıqları özünə məxsusdur”-deyə vurğulayıb.