Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-12 09:45:00
“Qızlardan dərs soruşduğum üçün kəndin oğlanları məni “razborkaya” çağırırdılar”- Təhsil Şöbəsinin işçisi  

Təhsil elə bir sahədir ki, sadə vətəndaşdan tutmuş, istənilən ixtisaslı, istənilən vəzifəli şəxsin müzakirə obyektinə çevrilir. Cəmiyyətdə Təhsil şöbələrinin , onların müəllimlərə qarşı münasibətinin normal olmaması, qərəzli yanaşmaları , neqativ halları daima müzakirə olunur. Bununla bağlı Quba Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Qələmşah Dostuyevlə həmsöhbət olduq.

AzEdu.az təcrübəli təhsil mütəxəssisi  Qələmşah müəlliminlə müsahibəsini təqdim edir: 

-Təhsil şöbələri müəllimlərə niyə belə “Çin səddi” kimi görünür? Bunun səbəbi nədir? 

-Mən bütün təhsil şöbələri adından danışa bilmərəm. Bizim təhsil şöbəmiz  müəllimlər üçün kifayət qədər açıq məkandır, istər gənc müəllimlər, istərsə də digər müəllimlər üçün. Onlar telefon ,  “ facebook” , “whatsapp” və ya digər   sosial şəbəkələr ilə  istənilən vaxt bizimlə əlaqə qura bilirlər. Müdirindən, müavinindən tutmuş, məsləhətçilərə kimi vətəndaşların dinlənilməsində öz ədalətliliyimizi qoruyub  saxlamışıq. Quba Təhsil Şöbəsində bu sahədə problem yoxdur . Bəlkə də buna  səbəb digər təhsil şöbələrindən fərqli demək olar ki, bütün əməkdaşlarımızın gənclər olmasıdır. Burada texnologiyadan  daha   çox istifadə olunur, qarşılıqlı münasibətlər qurulur. Amma bir də Təhsil şöbələri haqqında formalaşmış və yaxud da formalaşdırılmış bir münasibət var. Yəni adam heç Təhsil Şöbəsinə addım atmamış artıq onun haqqında mənfi düşünür, qərəzli fikirlər söyləyirlər. 

-Formalaşmış mənfi və ya müsbət münasibət necə yaranır  və bunu kim yaradır? 

-Bunun əsas səbəblərindən biri uzun müddət təhsil şöbələrində olan problemlər, düzgün qurulmamış iş nəticəsində cəmiyyətdə olan inamsızlıqdır. Bunun nəticəsidir ki , namizəd təyin olunan günü gedib təhsil şöbəsinə və ya məktəbə çatmamış mənfi fikirlərə köklənir. Sosial şəbəkənin, cəmiyyətdə formalaşmış uzunmuddətli neqativ fikirlərin təsiri ilə beynində qurduğu hazır dialoqla (orda mənə belə deyəcəklər, mən belə cavab verəcəm ,  etirazımı bildirəcəm, istədiyimi alacam.) gəlir və bizdə düşüncəsindən fərqli münasibət gördükdə bəzən çaşır. Həm də indiki müəllimləri, sanki kimsə hazırlayır ki, siz təhsil şöbəsinə, məktəbə gedəndə sizi incidəcəklər, qovmağa çalışacaqlar, çünki, sizi orada  istəmirlər. Onlar buraya artıq buna hazır vəziyyətdə gəlirlər. Hətta hər hansı məsələdə yaranmış problemlə bağlı bizdən asılı olmayan, həll edə bilmədiyimiz, haqlı səbəb göstədiyimiz halda  müəllim heç cür razılaşmır, danışıqları başqa cür yozur. Təhsil Nazirliyinə şikayət edəcəyi ilə şantaj edərək anlamadan, dinləmədən  işləməyə qoymaq istəmədiyimizi bildirir və bunun  taktikamız olduğunu söyləyir. Məsələn, bəzən ucqar kəndə gedib ev tapmır və bunu xüsusi hazırlanmış bir maneə kimi görür. Heç düşünmür ki , ev hazır olmaya, tapılmaya bilər, burada Təhsil Şöbəsinin marağı və ya maneəsi nə olacaq ki?! Baxın, özüm Xaçmazın Nabran kəndində təyinatla işləmişəm. O vaxtlar  imtahan yox idi, Bakı Dövlət Universitetini bitirdikdən sonra təyinatla Nabrana göndərildim. Orada neçə gün ancaq ev axtardım və çox çətinliklə tapdım. Həmin vaxt üçün orada ev tapmaq çətin məsələ idi , insanlar çalışırdılar ki,  öz evlərini  Bakıdan gələnlərə günlük kirayəyə versinlər, çünki günlük kirayə haqları kifayət qədər yüksək idi. Müəllimin xırda məbləğ qarşılığında  evi  kirayələməsi onlara sərf etmirdi. Düşünürdülər ki, ev boş olsa,  müəllimdən aldığını hər hansı bayram ərəfəsində, Bakıdan gələn vətəndaşlara verər, ondan qat -qat artığını qazanar. Amma indi gələn müəllimlər məktəbə gedib, elə həmin gün deyir ki, ev istəyirəm. Direktor da deyir,  “taparıq, köməklik edərik”. Bu məsələ həmin gün həll olunmursa, tez yerli təhsil şöbəsinə qaçırlar ki,  direktor mənə ev vermir, süni maneə törədir. Axı biz burada işləyirik, hansı direktorun necə adam olduğunu bilirik. Bəzən elə insanlar haqqında deyirlər ki, biz bilirik ki, həmin şəxs ömür boyu elə etməz, sağlam düşüncə tərzinə malikdir, özü məktəbə müəllim gəlməsi üçün çalışır, dəfələrlə bizə müraciət edib,  maraqlanıb ki, məktəbimə müəllim düşübmü, gəlirmi? Gələn müəllim isə tapılan evi, onun şəraitini, yolunun uzaqlığını, palçıqlı olmasını süni maneə görür və şikayətçi olur, burada qərəz axtarır. 

Bizim bir problemimiz də var: müəllimlərin psixoloji cəhətdən aqressiv olması  yerli mühitlə hesablaşmaq istəməməsi, hər kiçik   problemi qloballaşdıraraq müxtəlif orqanlara daşımasıdır. Tutaq ki, kənd əhalisinin bir nümayəndəsinin kobud sözünü, saymazyana hərəkətini ümumiləşdirib kəndin adına danışır, məni orada  işləməyə qoymurlar, incidirlər deyib haray salır. Axı biz də  gedib işləmişik, hamının münasibəti eyni olmur. İnanın bir məktəbdə  işləmişəm, həmin  məktəbdə hər dərsdən sonra həmin kəndin oğlanları rus dilində desək məni “razborkaya”çağırırdılar. Hər dərsdən sonra deyiridlər ki, sən filan  sinifdə oxuyan, filan qızdan niyə dərs soruşmusan, niyə filan sinifdə oxuyan qıza demisən ki, oxumursan? Çünki orada qız şagirdlərinin çoxu məktəb vaxtından nişanlı olurdular. Ancaq biz o vaxtı heç bir yerə müraciət etmirdik, qaçmırdıq, ağlaşma qurmurduq. Biz başa düşürdük ki, bu başqa problemdi, bununla baş etmək,danışmaq lazımdır. Hətta  məzun çəkilişinə görə,  şəkil çəkdirəndə bir neçə nəfər hədələyirdi ki, sən şəkil çəkdirməyəcəksən. Adətən gənc oğlan müəllimlərinə qarşı belə aqressivlik kəndin oğlanlarından gəlirdi. Biz bununla barışırdıq, mübarizə apardırıq, söhbət etməyə çalışırdıq. 

Bu gün heç bir müəllim bizim Təhsil Şöbəsinin qərəzindən danışa bilməz. Çox sadə qaydamız var. Müəllim gəlir, ad, soyadı  kitabçada  qeyd olunur, sonra məktəbə yönləndirilir ki, getsin, filan sənədlərini təqdim etsin və işləsin.Vəssalam! Əlavə olaraq, onlardan nə sənəd, nə də başqa bir şey tələb eləmirik. Direktora zəng edirik ki, qarşılayıb kömək etsin. 

-Təhsil Şöbəsində işləyirsiz, bəzən elə olur ki, yerli ictimai- siyasi humanitar şöbəsini, hətta  Təhsil Nazirliyinin  bir çox islahatını belə tənqid eləmisiniz. Bu tənqidlərə görə sizlərə xəbərdarlıq olunubmu? 

-Ümumiyyətlə, elə tənqidlər var ki , əsasən “facebook” da yazıram, hələ ki, bununla bağlı  heç kim açıq formada irad bildirməyib. Buna fikir bildirən çox olub, icra hakimiyyətində işləyən şəxslər, lap müavinlər olsun, hamısıyla münasibətim var, hamısını tanıyıram. Əlbəttə, bu barədə söhbət aparırıq, razılaşmayan da olub, yox düz yazmırsız, biz sizinlə razı deyilik. Onlar da öz fikirlərini ifadə ediblər. Amma sevindirici haldır ki, nə Quba İcra hakimiyyəti, nə də Təhsil Nazirliyi yazdığım fikirlərlə bağlı irad bildirməyib, yazılmamasını tələb etməyib. Sözsüz ki,  mən də yazanda onları lazımi sərhəddə saxlayıram, orada tənqidi elə formada ifadə edirəm ki, daha çox tənqid deyil, öz fikrim olur. Əslində, mənim icra hakimiyyətini tənqid eləmək kimi səlahiyyətim yoxdur, daha çox vətəndaş mövqeyi baxımından yazıram, vəzifəli şəxs qismində deyil. Fikirlərim, ümumi gördüklərimə, rastlaşdıqlarıma görədir, söz xatirinə deyil. Hətta bir dəfə icra hakimiyyətinin müavininə dedim ki, sosial şəbəkədən istifadə etməməyini gəl əsaslandırım, məndən çox özü izah etdi və səbəblər göstərdi. 

-Bir dəfə yazınızda qeyd etmişdiniz ki, metodistler 170 manat əməkhaqqı alır, ancaq onlardan tələb olunanlar çoxdur. Demək olar ki, metodistlərin çoxu məktəblərə yoxlama kimi gedirlər. Maaş azlığı onların müəllimləri qorxudaraq pul almasına haqq qazandırırmı ? 

-Kimliyindən, maaş azlığından asılı olmayaraq, kiminsə kimdənsə hədələyərək  pul alması anormal haldır. Mən orda yazımda ona haqq qazandırmamışam, metodistlərin məktəbə, monitorinqə, yoxlamaya getməyə əslində heç  hüququ yoxdur. Bəlkə də Təhsil Şöbəsinin müdirinin əmrinə əsasən hansısa monitorinq qrupu təşkil olunanda, onun tərkibində yer ala bilər, amma müstəqil bir şəxs kimi  müəllimin monitoriq etməyə hüququ yoxdur. Metodistin işi müəllimə kömək etmək, ona  tövsiyələr vermək, dəstək olmaq, yol göstərməkdir. Amma dediyim çox ciddi bir problem olaraq qalır. Müəllimlərimiz var  ki, onlar  kəndlərdə günün  müəyyən hissəsində çalışırlar, amma 600, 700, 800, hətta 900 manat məbləğində maaş alanlar da var. Quba dağ rayonudur, bəzi kəndlərdə hündürlüyə görə əlavə pul verilir, bəs  bütün bu müəllimlərlə işləməli olan metodistin əməkhaqqısı hansı səviyyədədir? Hansı keyfiyyətli iş gözləyə bilərik? Özünüz fikirləşin. Bir cavan metodist olsun, ailəsi, uşağı var, gündə işə gedib –gəlir, tam iş rejimində çalışır. Həftənin 5 günü, 170 manatla indiki zəmanədə, indiki qiymətlərlə, bazar qiymətinə baxdıqda o necə yaşaya bilər? Bunu da düşünməliyik. Üstəlik nəzərə alsaq ki, Təhsil Nazirliyinin son tövsiyələrinə əsasən, onlara dərs saatlarının verilməsi çətinləşib, əvvəlki illərə nisbətən dərs saatları azaldılıb, çox böyük çətinliklərlə işləyirlər. Belə olduqda onlardan keyfiyyətli iş gözləmək olmur. Bəzi kəndlər rayon mərkəzindən uzaq olur, Qubanın elə kəndi var ki , ora gedib – gəlmək üçün 70-80 manat yol pulu lazım olur. Bu adam illərlə ora getmir, gedə bilmir.Təhsil Şöbəsində bunun üçün pul ayrılmır, yanacaq verilmir, bir avtomobilimiz var, vəssalam. Günahı birmənalı şəkildə metodistdə axtarmaq düzgün deyil, düşünmək lazımdır ki, 170 manat alan metodist ailəsini dolandıra bilməyəndə neqativ yollara əl atacaq. 

-Təhsil şöbələrinin işçilərini biz daha çox rəsmi geyimdə görürük. Siz isə sosial şəbəkədə  şortikli  şəklinizi paylaşdız və özünüz də etiraf etdiniz ki, bununla bağlı iradlar olur. Bu iradlar şəxsi oldu, yoxsa Təhsil Şöbəsində çalışan  birinin belə geyim geyinməsinə işdə qadağa qoyuldu ? 

-Belə deyək, mən Təhsil Şöbəsinə o geyimdə gəlmirəm. Şortiklə şəklimi istirahətə gedəndə  paylaşmışdım, heç Azərbaycan Respublikasının ərazisi deyildi və  kifayət qədər uzun şortik idi. (gülür) Rəsmi heç bir irad bildirilməyib, Təhsil Şöbəsinə bu geyimdə gəlmirəm axı,  tam rəsmi qaydada necə lazımdı o formada gedirəm. Məzuniyyətdə olduğum dövrə təsadüf edirdi. İradlar daha çox sosial şəbəkə izləyicilərim tərəfindən gəldi,  bəzi dostlar gözləmədiyim halda  məsləhət gördülər  ki,  mən o şəkli silim. Təbii ki, şəkli silmədim. Mənim üçün də maraqlı oldu ki ,  niyə belə reaksiya verdilər. Dəniz qırağına gedəndə hamı kostyumla gedir? Burada   heç bir qəbahətli bir iş yox idi. 

-“Facebook” da olan “Təhsil şikayətləri”qrupundan danışaq. Bir çox şikayətlərin həlli demək olar ki, orada həll olunur. Amma siz bir dəfə qeyd etmişdiz ki ,orada olan şikayətlərə biz baxmırıq, burada biz heç bir müəllimə qarşı haqsızlıq eləmirik. Ümumiyyətlə, qrupun yaradılması, problemlərin orada həlli yolunun tapılmasına qarşı münasibətiniz necədir? 

-Təhsilin, problemlərin sosial şəbəkədə geniş müzakirə olunması məni çox sevindirir, yəni bu qrupun olması, orada problemlərin həll olunması məni narahat etmir. İnsanlar sosial şəbəkə vasitəsi ilə əlaqə qururlar, digər rayonda necədir, hansı problemlər var, fikir mübadiləsi aparırlar, bunu pis yozmaq normal düşüncəyə malik insanın edəcəyi bir şey deyil. Burada söhbət başqa şeydən gedir. Məsələlərin əksər hallarda müzakirə obyektindən çıxıb, qərar vermə orqanına çevrilməsi gülməlidir. Məsələn, hər hansı məsələylə  rəsmi dövlət  orqanından bizə rəsmi məktub daxil olur, kimsə şikayət edir, biz də vaxtında ona rəsmi cavab yazırıq. Olmalı olan da budur, “Təhsil şikayətləri” qrupunda heç bir vəzifəsi, səlahiyyəti olmayan bir şəxsin, şəbəkə vasitəsi ilə təhqiredici tərzdə hansısa tələblər irəli sürməsini qəbul edə bilmirəm. Müəllim şikayət yazıb, sosial şəbəkədə olan şəxslər yarımçıq məlumat əsasında ittiham irəli sürür. Bu, doğru deyil. Narahat edən bir məsələ odur ki, istənilən bir məsələ haqqında yazanda təhsil şöbələri hədəf kimi göstərilir. Biz bunu elədik, çünki təhsil şöbələri bunu eləməsin, biz bu qərarı verdik, çünki təhsil şöbələri filan şeyi gizlətməsin, yəni belə şeylər bizi narahat edir ki, birbaşa hansısa orqanı ittiham edirlər. Halbuki, hüququ yoxdur. Kiminsə əlində əsas varsa konkret hər hansı şəxsə qarşı şikayətini edə bilər, bütöv bir dövlət orqanının strukturu bölməsini etibarsızlaşdırmaq heç də doğru deyil. Bizim haqqımızda yazılan şikayətlərin heç biri uğur qazanmayıb, çünki əsassız olub. Təhsil Şöbəsinin profilini mən işlətdiyim  müddətdə, orada elə hala rast gəlmədim ki, müəllim bizi şikayət etsin, haqlı olsun. Yazanlar olub, lakin əsassız olaraq nəsə yazıblar.Təhsil şikayətləri olmasa belə biz öz işimizi yerinə yetiririk. Müəyyən formada çatışmazlıqlarımız var, demirəm ideal formada işləyirik, kifayət qədər nöqsanlarımız da var, amma Quba Təhsil Şöbəsi olaraq, müəlimlərə, şagirdl və valideynlərə diqqətli yanaşırıq. Heç kimə  etinadsızlıq etmirik, laqeyd münasibət göstərmirik, qapıda saxlamırıq, incitmirik. Başqa bir şey ola bilməz. Bizə müraciət edən vətəndaş cavabdan asəlı olaraq narazı qala bilər. Bu zaman da deyirlər ki, dedilər get hara bilirsən şikayət et. 

-Misir Mərdanov, Mikayıl Cabbarov və indi Ceyhun Bayramov- üç nazir dövründə işləmisiniz. Hansı dəyişikliklərdən narazısız? 

-Dövlət qulluçusu kimi hüququm yoxdur ki, bu barədə fikir yürüdüm, amma belə deyim hər üç nazirə də böyük hörmətim var. Mən eks-nazir Misir Mərdanovun dövründə təyinatla Nabran qəsəbəsinə gəldim, deyirdilər, orda pul,  rüşvət tələb edəcəklər. Əksinə, tam şəffaf şəkildə Bakı Dövlət Universitetindən məzun olduqdan sonra, topladığımız ballara uyğun olaraq, vakant yerləri qarşımıza qoydular, biz vakanat yerleri seçdik və göndərildik. Bizdən nə pul istəyən oldu, nə də incidən. Sonra Quba Təhsil Şöbəsinə gəldim, burada işləmək istədiyimi bildirdim. Məni  pulsuz -parasız  göndərdilər məktəbə, sonra dövlət qulluğuna imtahan verdim, müsahibədən də keçdim, heç bir maneə görmədən gəlib işlədim. Amma təhsil şöbəsinin əməkdaşı kimi, son 2 ayda Təhsil Nazirliyinə 8 sorğu yollamışam, hələ heç birinə cavab gəlməyib. Belə deyək, 8 sorğuma cavab ala bilmirəmsə nazirliyin yerli əməkdaşı kimi, hamısı it-bata gedirsə, mən nə deyə bilərəm?  Başqa heç nə.. 

Elşən Ramizoğlu