Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-04 09:00:00
Şagirdləri uçuruma aparacaq həvəs - kriminal aləmə meyillilik-CİDDİ TƏHLÜKƏ

 

Elm və Təhsil Nazirliyi  tərəfindən hazırlanan “Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” artıq bir müddətdir ki, ictimai müzakirəyə çıxarılıb.

 

Yeni hazırlanan qaydalarda şagirdlərin məktəbdə davranış qaydaları, onların təltif edilməsi, həmçinin qayda pozuntusu halında tətbiq ediləcək cəza tədbirləri müəyyənləşdirilib. Bu qayda və qadağalar cəmiyyətin müəyyən qismi tərəfindən müsbət qarşılansa da, bir qisim bəzi meyarların çıxarılmasının, yaxud müəyyən əlavələrin edilməsinin zəruri olduğunu bildirir.

 

Bəs bu qayda və qadağalarda hansı dəyişikliklərin edilməsinə ehtiyac var? Hansı məqamlar çıxarılmalı və nə kimi əlavələr edilməlidir?

 

Təhsil jurnalisti Niyazi Şərifsoy mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında şagirdlərin kriminal aləmə meyilliliyi və məktəblərdə baş verən hadisələr səbəbilə bu addımın atıldığını vurğulayıb:

 

“Bizim təhsil müəssisələrinin yeni qəbul siniflərində humanizm qaydaları əsas götürülür. Nizam- intizam qaydalarının sərtləşdirilməsi, ümumiyyətlə şagirdlərə müəyyən cəzaların verilməsi də gündəmdə olan məsələlərdən biri idi. Məktəblərdə baş verən hadisələr, ümumilikdə bizim şagirdlərin kriminal aləmə meyilliliyi, Elm və Təhsil Nazirliyinin belə bir addım atmasına səbəb oldu. Yəni nəzərdə tutulan məsələnin həyata keçirilməsini daha da sürətləndirdi. Təhsili analiz edən bir şəxs kimi onu deyə bilərəm ki, bu qayda və qadağaları təqdirəlayiq bir hal kimi qəbul edirəm. Amma burada əsas məsələ müəyyən edilən qaydaların nə dərəcədə ədalətli şəkildə həyata keçiriləcəyidir. Mexanizmi yaratmaq asandır, əsas məsələ tətbiq etməkdir”.

 

N.Şərifsoy bu təhsil müəssisələrinin bu istiqamətdə DİN ilə işləməli olduğunu bildirib:

 

“Bu düşünülmüş bir addımdır. Şagirdlərin təlim-tərbiyəsinin formalaşmasında, bir vətəndaş kimi yetişməsində müsbət nəticə verəcəkdir. Düşünürəm ki, Daxili İşlər Nazirliyi ilə təhsil müəssisələri arasında sıx əlaqə olmalıdır. Bakıda yeniyetmələr arasında müəyyən qruplaşmalar yaranır ki,bu da kriminal aləmə meyillilikdən irəli gəlir. Daxili işlər orqanında çalışan idarələrin, qrumların işlərini biraz sıxlaşdırmalı olduqlarını hesab edirəm”.

 

Qeyd edək ki, sənədlərlə bağlı rəy və təkliflərinizi [email protected]  elektron poçt ünvanına göndərə bilərsiniz. Təlimatla tanış olmaq üçün buraya daxil olun.

 

Murad Əliyev