Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-07 10:56:00
Müəllim üçün ağlamaq, onu çox sevmək də doğru deyilmiş – Psixoloqdan təəccübləndirici yanaşma (VİDEO)  

İbtidai siniflərdə müəllimin tez- tez dəyişdirilməsi uşaq psixologiyasında  bir çox fəsadlara gətirib çıxarır.

 Son günlərdə sosial şəbəkələrdə balaca qız uşağının sinif müəllimi üçün ağladığı videosunun yayılması geniş müzakirələrə səbəb olub. Sözügedən videoda uşaq müəllimin şəklini qucaqlayaraq ağlayır və başqa müəllim istəmədiyini bildirir. İlk baxışdan körpə uşağın ağlaması ürək ağrıdan mənzərə kimi insanlara təsir edir. Şagirdin göz yaşları, yalnız əvvəlki müəllimini istəməsi, müəllimin dərs saatının əlindən alınması video izləyicilərinin əksəriyyətinin birmənalı olaraq, bir fikrə gəlməsinə səbəb olub. Onlar  şagirdlərin bu cür hallarda psixoloji travma aldığını, müəllimin geri qaytarılmalı olduğunu valideynləri çarəsizliklə üzləşdirdiyini bildiriblər.

Ümumiyyətlə, ibtidai siniflərdə müəllimin dəyişdirilməsi mövzusu zaman – zaman mətbuatın gündəminə oturub və müxtəlif təhsil ekspertləri tərəfindən müzakirə olunub. İbtidai siniflərdə müəllimin dəyişdirilməsinin pedaqoji tələbin pozulduğunu bildirənlər də , I –IV siniflərdə bunun yolverilməz olduğunu söyləyənlər də , uşaqların psixologiyasında dərin iz buraxdığını, travma yaradacaq qədər təhlükəli olduğunu müdafiə edən fikirlər də olub. Bəs, görəsən, ibtidai sinifdə sinif müəlliminin dəyişdirilməsi halı baş verərsə, doğrudan da uşağın psixoloji durumunda problemlər yarana bilərmi və ya prosesin uşaq psixologiyasında qoyacağı iz keçicidirmi?

Məsələ ilə bağlı Azedu.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, dünya praktikasında bəzi ölkələrdə, məsələn, Yaponiya, Fransa məktəblərində hər il müəllim dəyişir:

“Bu, artıq zərurət kimi qəbul edilib və uşaqlar asanlıqla prosesə adaptasiya olurlar. Azərbaycanda ibtidai siniflərdə dörd il sinfi bir müəllim aparır, hətta məcburiyyət yarandıqda belə sinifdən –sinfə, məktəbdən- məktəbə dəyişəndə uşaqların adaptasiya olma müddəti uzun sürür və yaxud da uşaqlar uyğunlaşmaq istəmirlər. Bunun əsas səbəbi biz özümüzük. Öz uşağımızı sanki, zəif böyüdürük, qədərindən artıq əzizləyirik, düşünürük ki, daha yaxşı olacaq. Sonda isə cəmiyyətə sağlamdüşüncəli, şəxsiyyəti formalaşmış övlad verə bilmirik. Fikirləşmirik ki, gələcəkdə bu cür vətəndaşlardan cəmiyyət yararlana bilməyəcəyək və ətrafımızda zəif xarakterli, özgüvənsiz uşaqların artmasına səbəb olacaq. Ümumiyətlə , psixologiyada “bağ” deyilən bir şey var .Uşaqlar ananı sevirlər, bəzən isə həddindən artıq sevirlər, burada artıq “ana -uşaq simbiozu” yaranır və bağlılıq ifrat dərəcədə olur”.

Psixoloq qeyd edib ki, bu hala ibtidai sinif müəllimləri ilə şagirdlər arasında da rast gəlinir:

“Ana ilə uşaq arasında olan sevgi uşaq ilə müəlliminə köçürülür. O, müəllimi anası qədər sevir, ondan ayrılığı əziyyətli yaşayır. Bəzi hallarda bu, depresiyyaya düşməsinə, əksər vaxt isə tədris  göstəricilərinin aşağı düşməsinə, dərsə həvəsinin azalmasına, hətta məktəbə getmək istəməməsinə səbəb olur. Bu kimi hallarda məktəb rəhbərliyinin diqqətli seçim etməsi vacibdir. Hətta analıq məzuniyyətinə gedən müəllimlərin yerinə belə elə bir pedaqoqlar götürülməlidir ki, bu, sonradan uşaqlarda travma, depresiyaya gətirib çıxarmasın. Sözsüz ki, bir psixoloq kimi uşağın ağlamasını doğru hesab etmirəm və müəllimini həddindən artıq sevib, ona öyrəşməsi,onu kimləsə əvəzləmək istəməməsi müvəqqəti olacaq. Uğurlu pedaqoq seçimi olarsa yeni müəllimi əvvəlkindən də daha çox istəyəcək. Bu, xüsusilə müəllimin peşəkarlığından  asılıdır”.

G.Orucova vurğulayıb ki, əgər müəllim kifayət qədər öz peşəsini bilirsə, ixtisasına sahiblənibsə, pedaqoji ustalığı varsa, uşaq psixologiyası ilə tanışdırsa , özünü uşağa sevdirəcək:

“Yaxşı olardı ki , bu kimi halların baş verməməsi üçün uşaqları daha sərbəst və özgüvənli böyüməsinə şərait yaradaq. Eyni zamanda unutmamalıyıq ki, uşağın ağlaması keçici olmaya və o, sabah sinfinə, məktəbinə getməyə bilər, məcbur edildikdə isə travmalara yol açılar”.

Əldə etdiyimiz məlumata görə, ağlayan uşağın müəlliməsi, Mingəçevir şəhər 1 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Zəminə Qarayevadır.

Elşən Ramizoğlu