Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-05 15:25:00
Bölgələrdə ikinci xarici dil formal keçirilir? – “Dərslik tapa bilmirik, məcbur qalıb...”  

“Ölkədə ikinci xarici dil üçün dərsliklər yoxdur. Biz də məcburən əsas xarici dil üçün yazılan dərsliklərdən istifadə edək. O da uşaqları tam təmin edəcək şəkildə verilməyib. Hər sinif  üçün cəmi 1-2 dərslik var”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Ağsu rayonu Kalva kənd orta məktəbinin fransız dili müəllimi Nilufər  Müslümova  deyib. O, alman, fransız dili kimi ikinci xarici dillərin tədrisi zamanı yaşanan problemlərdən söz açıb. Gənc müəllim qeyd edib ki, əsas çatışmazlıq dərsliklərlə bağlıdır:

“İşlədiyim məktəbdə fransız dili normal tədris olunsa da, müəyyən çatışmazlıqlar var. Məsələn, dərsliklərimiz yoxdur. Əlimizdə olan köhnə dərsliklərdən istifadə edirik. Fransız dili ikinci xarici dil kimi tədris olunur. Bu isə o qədər də  effektiv olmur. Çünki ölkədə ikinci xarici dil üçün dərsliklər yoxdur. Biz də məcburən əsas xarici dil üçün yazılan dərsliklərdən istifadə edək. O da uşaqları tam təmin edəcək şəkildə verilməyib. Hər sinif  üçün 1-2 dərslik var. Onlarla dərsi əhatə etməyə çalışırıq. Əslində isə ikinci xarici dil üçün əlavə dərsliklər hazırlanmalıdır. Çünki onun saatı az, proqramı fərqlidir. Qısası, heç də bütün uşaqlara kitab çatmır”.

O, bütün dünyanın ingiliscə danışdığı vaxtda fransız dilinin tədrisi üçün ona  nə dərəcədə ehtiyac olmasından bəhs edib:

“Adam nə qədər çox dil bilsə, o qədər yaxşıdır. İndi insanları işə qəbul edəndə də bir dillə kifayətlənmir, əlavəsini tələb edirlər. Bizim məktəbdə əsas dil ingiliscə deyil, ruscadır. Elə əvvəldən məktəbdə fransız dili də tədris olunub.  Bu, BMT səviyyəli dildir. Dünyada ən çox danışılan 3 dildən biridir. Beynəlxalq təşkilatlarda da istifadə olunur. İnternetdə müxtəlif sahələr üzrə fransızca xeyli məlumatlar var. Ona görə də fransız dili tədris olunmalıdır. Ümumiyyətlə, məncə məktəblərdə xarici dillərin sayı nəqədər çox olsa, o qədər yaxşıdır. Dünyaya inteqrasiya edirik. Ona görə də yalnız ingilis dili ilə kifayətlənmək olmaz. Hətta düşünürəm ki, saatları çox azdır”.

O bildirib ki, fransız dili müəllimlərinin əksəriyyəti hazırda işsizdir:

“Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti bu sahə üzrə müəllim buraxır. Amma vakansiya tapmaq olmur. Vakansiyaların əksəriyyəti isə rus bölməsində olur. Bu səbəbdən fransız dili müəllimlərinin əksəriyyəti işsiz qalıb.

Vakansiyanın azlığının səbəbini bilmirəm. Dərs saatları rus bölməsində çoxdur. Universiteti yeni bitirənlərin isə çoxu Azərbaycan bölməsindəndir. Rus bölməsində namizəd az olduğuna görə vakansiya tələbatını ödəyə bilirlər. Biz isə çoxuq. Vakansiya və buraxılan müəllimlərin sayında kəskin təzad var.

Keçən il fransız dili 6 saat idi. 11-ci siniflər kurikulumdan kənarda qaldığına görə onlara ikinci xarici dil keçirilmirdi. Amma bu ildən onlara da ikinci xarici dil tədris olunacaq və 8 saat dərs yükü olacaq”.

Onun sözlərinə görə, valideynlər də məktəbdə fransız deyil, məhz ingilis dilinin tədrisini tələb etməyiblər:

“Bizdə əsas xarici dil də ruscadır. İngilis dili heç vaxt keçirilməyib.  Bəlkə də ona görə valideynlər bu fikrə yaddırlar və fransız dilinə qarşı çıxmırlar. Hələ ki fransız dilinin tədrisinə heç bir etiraz olmayıb. Fransız dilinin əsas xarici dil kimi tədrisinə ehtiyac var. Çünki həftədə bir saat dərslə şagirdin dili nə dərəcədə  mənimsəməsi sual altındadır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları