Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-30 12:20:00
Məktəblərdə son illərin “baş ağrıları” – Müəllim və şagirdlərin ortaq nigaranlığı  

AzEdu.az ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydalarını təqdim edir:

Fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmə hansı qaydalar əsasında aparılır?

Məktəbdaxili qiymətləndirmə şagird nailiyyətlərinin qiymətləndirilməsi (monitorinqi), kurikulum üzrə qiymətləndirmə (təhsili idarəetmə orqanları tərəfindən müəyyən fənlər üzrə şagird nailiyyətlərinin standartlara uyğunluq səviyyəsini ölçmək üçün aparılan qiymətləndirmə) və ümumi təhsilin pillələri üzrə yekun qiymətləndirmədən (əsas və orta təhsil kursları üzrə buraxılış imtahanları) ibarətdir.

Şagird nailiyyətlərinin monitorinqi necə aparılır?

Şagird nailiyyətlərinin qiymətləndirilməsi diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (irəliləmə və geriləmələrin izlənməsi) və summativ (yekun) qiymətləndirmə formalarında aparılır.

Diaqnostik qiymətləndirmə necə aparılır?

Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək məqsədilə əsasən dərs ilinin, bəhs və bölmələrin əvvəlində, şagird başqa məktəbdən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, ona fərdi yanaşmanı təmin etmək və təlim strategiyasını müəyyənləşdirmək üçün müəllim tərəfindən aparılır. Bu qiymətləndirmənin nəticələri jurnalda qeyd olunmur.

Formativ qiymətləndirmə necə aparılır?

Formativ qiymətləndirmə dərs ili ərzində müntəzəm olaraq şagirdin qəbul edilmiş standartların reallaşmasına istiqamətlənən irəliləmələrini və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və onu istiqamətləndirmək məqsədilə müəllim tərəfindən aparılır. Müəllim bu qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, şagirdlərin ehtiyaclarını öyrənir və onlara lazımı kömək göstərir. Formativ qiymətləndirmənin nəticələri jurnalda qeyd olunmur.

Formativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən məzmun standartlarından çıxan təlim məqsədləri əsasında hazırlanan meyarlar üzrə aparılır. Onun nəticələri yalnız şagirdin məktəbli kitabçasında, müəllimin şəxsi qeydlərində öz əksini tapır və şagird qovluğunda (portfolio) toplanır. Portfolio bir il ərzində məktəbdə saxlanılır və ilin sonunda şagirdə təhvil verilir.

Summativ  qiymətləndirmə  necə  aparılır?

Summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla, qiymətləndirmə standartlarının səviyyələrinə əsasən hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır. Summativ qiymətləndirmənin nəticələri rəsmidir və keçirildiyi tarixlə jurnalda qeyd olunur.

Bu qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmələrdən ibarətdir. Kiçik summativ qiymətləndirmə (KSQ) bəhs və ya bölmələrin sonunda altı həftədən gec olmayaraq müəllim tərəfindən, böyük summativ qiymətləndirmə (BSQ) isə yarımillərin sonunda məktəb rəhbərliyinin iştirakı ilə fənni tədris edən müəllim tərəfindən keçirilir.

Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə vasitələri isə məktəb rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır.

BSQ nəyə xidmət edir?

Böyük summativ qiymətləndirmə vasitələri fənnin məzmunundakı zəruri bilikləri əhatə etməklə daha çox tətbiqi bacarıqları yoxlamağa xidmət edir. Qiymətləndirmə vasitələrindən həmin dərs ilindəki növbəti summativ qiymətləndirmələr zamanı istifadə olunmasına yol verilmir. Bu vasitələr növbəti dərs illərində istifadə olunmaq məqsədilə məktəbin test bankına daxil edilir.

Böyük summativ qiymətləndirmənin nəticələrinə görə ən çoxu üç fəndən qeyri-kafi qiymət alan II-VIII və X sinif şagirdləri “Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar”a uyğun olaraq yay tədris tapşırıqları alırlar. Yay tədris tapşırıqlarını ən azı bir fəndən yerinə yetirməyən şagirdlər təkrar sinifdə saxlanılırlar.

KSQ necə təşkil olunur?

Kiçik summativ qiymətləndirmələrin keçirildiyi gün dərsdə iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır və onun surətində “q”(qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti 2 həftə ərzində summativ qiymətləndirmə aparır və onun nəticəsini məxrəcdə qeyd edir. 11. Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni qiymətləndirmə vasitələri hazırlanır.

Şagirdin yarımillik və illik qiyməti necə hesablanır?

Şagirdin yarımillik qiyməti kiçik summativ (yarımillik ərzində keçirilən) qiymətləndirmənin nəticələri 40%, böyük summativ (yarımillik sonunda keçirilən) qiymətləndirmənin nəticələri 60% hesab olunmaqla xüsusi  düstur əsasında çıxarılır. Şagirdin yarımillik və illik qiymətləri çıxarılarkən yuvarlaqlaşdırma qaydası tətbiq edilir. Summativ qiymətləndirmə tapşırıqları dörd nailiyyət səviyyəsinə uyğun hazırlanır və qiymətlər düzgün cavabların əsasında müəyyənləşdirilir.

Tapşırıqlar səviyyəsinə görə asan, orta və çətin olur. Tapşırıqların ümumi sayının 10%-nə qədər düz cavab verən şagird “1”, 10% daxil olmaqla 20%-nə qədər düz cavab verən şagird “2”, 20% daxil olmaqla 50%-nə qədər düz cavab verən şagird “3”, 50% daxil olmaqla 80%-nə qədər düz cavab verən şagird “4”, 80% daxil olmaqla 100%-nə qədər düz cavab verən şagird “5” qiymətlə qiymətləndirilir.

Summativ qiymətləndirmənin nəticələri beş ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və qiymətlər jurnala yazılır. Valideynlərə qiymətləndirmənin nəticələri haqqında məlumatlar məktəbli kitabçası vasitəsilə çatdırılır.