Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-28 16:00:00
İbtidaidən ALİ-yə və ya 1 necə 235 oldu  

Bu il İsmayıllı rayonunun təkcə 5 saylı tam orta məktəbindən iki  abituriyent - 668 bal yığan Ceyran Aydınova və 665 bal toplayan Gülər Abbasova ingilis dili müəllimliyini seçiblər. Şəmkir rayonunun Düyərli kənd məktəbinin məzunu Təranə Əliyeva da 692 balla riyaziyyat müəllimliyini seçib. Bunlar təkcə qəbul statistikası deyil, həm də  müəllim olmaq istəyənlərin keyfiyyət dinamikasıdır.

Ümumiyyətlə, 18 təhsil ixtisası üzrə 3 il ərzində qəbul olunanların topladıqları ballar müəllimlik peşəsinin artan nüfuzunu kəskin fərqlə ortaya qoyur. Elə götürək ibtidai sinif müəllimliyi üzrə olan rəqəmləri. 2016-cı ilin qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq ibtidai sinif müəllimliyini seçən cəmi 1 nəfər vardı. Builki qəbul imtahanlarda 500 və daha artıq bal toplayanlar arasında 235 nəfər abituriyent ibtidai sinif müəllimliyini seçib. Bu indiyədək təhsil ixtisas qruplarında ibtidai sinif müəllimliyini  seçənlərin maksimal nəticəsidir. Məsələn, Dövlət Pedaqoji Universitetinin  ibtidai sinif müəllimliyinə ötən il qəbul olunan 300 nəfər abituriyentin cəmi 29 nəfəri 500 və daha artıq bal toplamışdırsa, cari ildə bu ali təhsil müəssisəsinə həmin ixtisas üzrə qəbul olunan 300 nəfərin 129-u və ya 43 faizi 500 və daha artıq bal toplayıb. Bu, inqilabi nəticədir.

Hər il 5000 nəfərə yeni iş yeri...

Müəllimlik peşəsinin ilbəil nüfuzunun artması rəqəmlərdən də aydın görünür. Artıq insanlar qəbul edirlər ki müəllimliyi yüksək nəticələrlə bitirən məzun elə həmin ildə də yaxşı əmək haqqı ilə iş tapa biləcək.  Özü də son 5 ildə Təhsil Nazirliyinin tam şəffaf imtahanlarından keçən müəllimə zaval yoxdur.

Başqa bir müqayisəyə diqqət edək. Səhv etmirəmsə, bu il hüquq ixtisasına 525 nəfər qəbul olunub. Müəllimlik ixtisaslarına isə 9623 nəfərin qəbulu aparılıb. Təhsil ixtisaslarına qəbul olunanların 2090 nəfəri və ya 21,7 faizi 500 və daha artıq bal toplayanlardır. Hüququ seçən 525 nəfərin nisbəti ilə müəllimliyi seçən 9623 nəfərin yüksək bal göstəricilərinin müqayisəsi fonu daha aydın göstərir.

Və... 500 və daha artıq bal toplayaraq riyaziyyat və informatika müəllimliyini seçən abituriyentlər ötən illə müqayisədə 70.8 faiz, xarici dil müəllimliyini seçənlər isə 25 faiz artıb. Ya da ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha artıq nəticə göstərən abituriyentlər arasında 3 il əvvəl kimya müəllimi olmaq istəyən 43 abituriyent vardısa,  bu il onların sayı 141 nəfər olub. Biologiya müəllimliyi üzrə də vəziyyət eynidir. Yüksək nəticə ilə  3 il əvvəl 13 nəfər, bu il isə 140 nəfər biologiya müəllimliyini seçib. Nəticə budur ki,  bütün təhsil ixtisasları üzrə kəmiyyət və deməli  keyfiyyət  fərqi belədir.

 ....Artıq müəllim olmaq rəqabətli seçim əsasında mümkündür. Bundan 5-6 il əvvəlki müəllim olmaq  arzusu bir çox hallarda az bal toplayan abituriyentlərin seçiminə uyğun idisə, artıq göründüyü kimi müəllimlik mübarizəsinə güclülər qalib gəlir. Bu o deməkdir ki, müəllim cəmiyyətin ən nüfuzlu peşəsi kimi sürətlə mövqelərini bərpa edir, missiyasını yeni dövrün bucağına uyğun qurur. Yazının finalı Bakı şəhəri Texniki Humanitar liseyin  məzunu, 559 balla Pedaqoji Universitetin ibtidai sinif müəllimliyini seçən Səmavil Cəbrayılovanın fikirləri ilə üst-üstə düşür: “Mən ibtidai sinif müəllimi olmaqla təhsilə təməldən baxmaq istəyirəm”. (musavat.com)