Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-06 11:19:00
“20 il və daha çox stajı olanlar sertifikasiyadan keçirilməməlidirlər”-Tanınmış pedaqoqdan TƏKLİF

 

“Əgər qiymətləndirmə təhsil üçün bu qədər doğma işdirsə, təklif edirəm əvvəl nazirliyin 20 illik fəaliyyətini qiymətləndirək”

 

Yaşı 40-dan yuxarı olan və məktəblərdə çalışan müəllimlərin sertifikasiyaya hazırlıq prosesində üzləşdiyi çətinliklər, ümumilikdə müəllimlər üçün pensiya yaşının azaldılması ilə bağlı müzakirələr davam edir.

 

Tanınmış pedaqoq, ADPU-nun dosenti İlham Əhmədov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında müəllimlərin qiymətləndirilmə prosesinə diqqət çəkib.

 

Pedaqoq, müəllimlərin hazırlıq səviyyəsi və peşəkarlığının yüksəldilməsinin daha vacib olduğunu vurğulayıb:

 

“Bizdə son 10 ildə təhsil islahatı dedikdə yalnız müəllimlərin müxtəlif formatda davamlı imtahanları başa düşülür. Son nəsil təhsil məmurlarımız hesab edirlər ki, təhsil sadəcə qiymətləndirmə deməkdir. Nədən söhbət gedirsə, ilk növbədə qiymətləndirmə, imtahan nəzərdə tutulur. Elə deyil, təhsil öyrətmə deməkdir. Öyrətmə olmadan nə qiymətləndirmə? Əvvəl  müəllimlərin hazırlığı ilə məşğul olmaq lazımdır. Müəllimlərin hazırlıq səviyyəsini, peşəkarlığını yüksəltmək üçün müasir texnologiyalar əsasında onların fasiləsiz təhsil sistemini qurmaq, ilkin hazırlıq (subbakalavr və bakalavr pilləsi) sistemini təkmilləşdirmək  zəruridir. Əgər Diaqnostik Qiymətləndirmə və ya Sertifikasiyadan sonra müəllim hazırlığı səviyyəsi yüksəldilməsi üzrə iş aparılmırsa, bunun heç bir faydası olmaz. Bu kimləri isə işdən çıxarmaq, başqaları ilə əvəzləmək (bəzən də uğursuz) məqsədi daşıyırsa, prosesin təşkili də, xüsusilə müsahibə mərhələsi kifayət qədər  müəmmalı olursa, onda bunun təhsilə xeyri olmaz”.

 

“Təhsil işçilərinin yad kadrlar tərəfindən sertifikasiyası ağılabatmaz fikirdir”

 

“Müəllimlər qeyd edilən məsələlərlə əlaqədar sosial şəbəkələrdə davamlı müzakirələr aparırlar. Xüsusən yaşlı, amma hələ təqaüd yaşına çatmamış müəllimlərə həssas yanaşmaq lazımdır. Məqsəd təhsilin keyfiyyətini yüksəltməkdirsə, ona da adekvat addımlar atılmalıdır. Hesab edirəm ki, 20 il  və daha çox pedaqoji stajı olan müəllimlər heç bir sertifikasiyaya məruz qalmamalıdır. Təcrübəli müəllimlərin, təhsil işçilərinin təhsilə yad kadrlar tərəfindən sertifikasiya edilməsi ağlabatmaz fikirdir”.

 

Dosent, ölkə təhsil sistemində nazirliyin fəaliyyətini dəyərləndirib:

 

“Təhsil naziri Emin Əmrullayev bu ərəfədə öz müsahibəsində deyirdi: “Təhsilin fundamental problemlərinin işıqlandırılması azlıq təşkil edir. Təhsil islahatları ilə bağlı daha çox fikirlər irəli sürülməli və nəticə əldə eldə edilməlidir. Maarifləndirmə sahəsində düzgün çağırışlara cavab vermək lazımdır”. Mən çox istərdim ki, Təhsil Nazirliyi mövcud olan problemlərdən, onların həllindən danışsın, müzakirələr aparaq. Nazirin son  müsahibəsi mənə daha çox Maarif nazirinin müsahibəsini xatırlatdı. Nə ali təhsildən, nə peşə təhsilindən, nə rəqəmsal təhsildən, nə təhsilin elmi təminatından, nə tədqiqat universitetlərindən, nə də təhsilin inkişafı (təmir-tikinti yox) üçün investisiyalardan heç bir şey deyilmədi. Təhsil Nazirliyi 30 ildir Maarif Nazirliyi statusunda işləyib, belə də davam edir.  Əgər qiymətləndirmə təhsil üçün bu qədər doğma işdirsə, təklif edirəm əvvəl nazirliyin 20 illik fəaliyyətini qiymətləndirək”.